"Bu gün hakimiyyətdə əsas məqsəd köhnə komandanın sıradan çıxarılmasıdır" - MEHMAN ƏLİYEV

Tanınmış siyasi ekspert: " Müxalifətin hansısa ciddi uğurlarınln olacağını gözləmirəm"
 
Xeyli müddətdir mətbuatdan uzaq düşməsinin səbəbini işlərinin çoxluğu ilə izah edir. Deyir ki, rəhbərlik etdiyi komanda kiçik olduğundan 3-4 nəfər də məzuniyyətə gedəndə özünün daha çox işləməsi lazım gəlir. “Bütün bunlara görə də şəxsi işlərim kənarda qalır. Sonuncu dəfə analitik məqaləni ötən ayın sonlarında yazmışam. Bəzi hadisələr baş verdi, yaza bilmədim. Başqa tədqiqatlarım da var, onlar yarımçıq qalıb”.
 
Həmsöhbətimiz "Turan" informasiya agentliyinin direktoru Mehman Əliyevdir. Ancaq işlərinin çox olmasına baxmayaraq, dənizə hər gün vaxt ayırır, necə deyərlər, görüş zamanını və yerini dəyişmir. Elə biz də söhbətə dənizdən başladıq:
 
- Mehman bəy, dənizi çox sevdiyinizi bilirik. Sizinçün dəniz nə deməkdir?
 
- Hər gün səhər 5-də yuxudan dururam, 6-ya qalmış artıq dənizdə oluram. Bilirsən, dəniz belə bir şeydir ki, adamı sakitləşdirir, təmizləyir. Mən hər gün üzürəm, idman edirəm, əzələlərim möhkəmlənir. Uzaq məsafəyə üzəndə həm də istirahət edirəm, yaxud fikirlərim başqa yerə gedir. Bu gün səhər üzürdüm, xəyalən çox geriyə qayıtmışdım. Hardasa 80-ci illərin əvvəllərinə, xilasedici işlədiyim zamanlara, universitet illərinə. Dənizlə təkbətək olanda şəxsən mənə çox müsbət təsir edir.
 
- Dərinə üzə-üzə xəyallara dalmaq təhlükəli deyilmi? Narahat olmursunuz ki, bu fikirlər sizi dənizin dərinliklərinə aparar?
 
- Elə dərinliklərə gedirəm. Mənə həmişə evdə deyirlər ki, uzağa getmə. Bilirlər ki, uzağa üzürəm.
 
- Nə qədər dərinə gedirsiniz?
 
- Hardasa 200 metr içərilərə qədər üzürəm, sonra da ora-bura üzməyə başlayıram.
 
- Amma risk edirsiniz...
 
- Yox, mən dənizi tanıyıram. Bilirəm hara, nə qədər getmək olar. Axından, dalğadan asılı olan məsələlər var. Yəni mən sakit havada deyirəm ki, normal üzmək olur.
 
- Dənizdə batanlarımızın sayı getdikcə artır. Peşəkar üzgüçüsünüz, bunun səbəbi, sizcə, nədir?
 
- Səbəbi profilaktikadır. Yəni işi düzgün təşkil etmək lazımdır ki, insan batmasın. Bu yaxınlarda mən Buzovnada dənizə getmişdim. Birdən külək güclənməyə başladı. Mən o trayektoriyanı bilirəm, gördüm ki, su axını sola, dambaya tərəf aparmağa başladı. Baxdım ki, xilasedicilər bir hərəkət eləmir. Halbuki qayıqla suya çıxmalı, insanları dambaya yaxın yerlərdən kənarlaşdırmalıdırlar. Çünki dalğa adamları ora aparsa, qayalara vura bilər. Amma başqa vaxtda, sakit havada onları gördüm. Çünki artıq hadisə baş vermişdi. Ona görə də təhlükəni qabaqlamaq lazımdır.


 
- Amma sanki insanlarımız da təhlükəyə, ölümə can atırlar, nə küləyi, nə dərinliyi nəzərə almırlar...
 
- Bilirsiniz, bu, nə ilə bağlıdır? Mən uşaqlıqdan dənizdə böyümüşəm. Ona görə də Xəzər dənizinin nə olduğunu yaxşı bilirəm. Dənizlə zarafat eləmək olmaz. Dostluq eləmək olar, amma unutmaq olmaz ki, o, həmişə dostunu özünə tərəf çəkmək istəyir. Dənizin bu xüsusiyyəti var. Hətta biz uşaqlıqda deyirdik ki, əgər dəniz sakitləşibsə, deməli, doyub. Yəni hava düzəlirsə, demək, artıq bir neçə nəfər batıb. Yaxud qurbanlıq gedibsə, hava düzəlir.
 
- Ötən həftənin küləkli günlərinin birində 6 nəfər boğuldu. Siz belə hadisələrin şahidi olmusunuzmu?
 
- 70-ci illərdə olub. Gözümün qabağında 17 nəfər batırdı, onlardan 9-u boğuldu, amma qalanlarını çıxara bildilər. Adamlar dənizin təhlükəsini bilmirlər. Onda da çox küləkli hava idi.
 
- Bəs son vaxtlar necə, siz özünüz kimisə xilas edibsinizmi?
 
- Yox. İctimai çimərliklərdə çimmək mənimçün bir az gərginlik yaradır. Kimsə hardasa qışqırırsa, mən dərhal baxıram, mexaniki olaraq sanki nəyisə gözləyirəm. Elə bil ki, özümü xilasedici kimi hiss edirəm. Ona görə də çimərliklərdə çimmirəm, kənar yerlərə gedirəm.
 
- Heç sizə xəbərdarlıq olubmu ki, burada üzmək olmaz, qadağandır?
 
- Hər yerdə kiminsə durması mümkün deyil. Uzaqbaşı lövhə qoymaq olar ki, bu ərazidə çimmək qadağandır. Sovet dövründə var idi, amma indi belə lövhələri görmürəm. Mən bu yaxınlarda bir dostumla çimərliyə getmişdim. Girdim suya, amma uzağa getmədim, bildim ki, xilasedicilər gələcək. Yəni gərək onlar üçün problem yaratmayasan. Ona görə də suya girən kimi çimərliyin trayektoriyasından çıxıb sola getdim, çimərlikdən kənarlaşdım. Düzdür, gəldilər ki, bəs, olmaz. Ancaq orada başqa hadisə baş verdi. Orada kimlərsə dənizin sahilini zəbt edib, hasarlayıb, özü üçün villalar tikiblər. Qayıdıb mənə dedilər ki, buranın sahibinin xoşuna gəlmir ki, üzgüçülər burada dənizə girsinlər. Mən də qayıtdım dedim ki, başa düşmədim, bu dəniz kiminsə mülkiyyətidir məgər? Birbaşa beləcə dedim ki, onu kim deyirsə, qələt eləyir. İkincisi də dedim ki, sizin iş yeriniz çimərlikdir, qayıdın, gedin işinizlə məşğul olun. Bundan sonra özümçün üzüb getdim. Hərdən fikir verirəm, “sahilin yiyələri” kənardan durub baxırlar, amma onlara göstərirəm ki, mən nə qədər istəsəm, o qədər də üzəcəyəm.


 
- Dəniz sahilinin hasarlanması da az qala ümummilli problemə çevrilib, hər kəs danışır, nəticə yoxdur. Bu özbaşınalıqlara nə zaman son qoyula bilər?
 
- Bu sahədə vəziyyət o zaman dəyişəcək ki, ümumiyyətlə, ölkədə dəyərlər, baxışlar dəyişəcək. Yəni insan başa düşməlidir ki, o belə şeylər etməməlidir, zəbt eləməməlidir. Bir də ki, qanunlar da işləməlidir. O gün prezidentin rəhbərliyi ilə iqtisadi yekunlara həsr olunmuş iclasda Kərəm Həsənov çıxış edirdi. Deyirdi, dənizin sahilinə nəzarət edirik ki, 20-50 metrlik zolaq zəbt olunmasın. Amma o, şəxsən zəbt eləyib. Onun özünün villasının hasarı dənizə girir. Ona görə də bunlar olmamalıdır, qanun işləməlidir. İnsanlar özləri də dərk eləməlidir ki, bunu etmək olmaz.
 
- Mehman bəy, dəniz mövzusundan siyasi mövzulara keçək. Ən kritik məqamlarda sizin nikbin açıqlamalarınız olardı. Qərb institutları ilə Azərbaycan hakimiyyəti arasında anlaşmanın əldə olunacağını da demişdiniz. Artıq Avropa İttifaqı Azərbaycanın Lənkəran rayonunun inkişafı üçün 13,5 milyon avro vəsait ayırdı. Deyəsən, proqnozlarınız doğrulur, sədlər götürülür...
 
- 2016-cı ildə öhdəliklər götürülüb, sövdələşmə olub. Mən də gözləyirəm ki, bu ilin sonuna qədər komandada xeyli dəyişikliklər olmalıdır. Köhnə kadrlar dəyişməli, yeni, işlək bir qrup formalaşmalıdır ki, islahatlar aparılsın. Ümumilikdə bugünkü vəziyyətə baxsaq, vəziyyət qənaətbəxş deyil. O vaxtlar biz tərəflərdə aya 2-3 min verib bağ evlərində qalırdılar. İndi pul yoxdur, evlər boşdur, kim gəlib qalacaq? Bu da göstəricidir ki, vəziyyət yaxşı deyil. Hakimiyyətin davranışları sanki özünü itirmiş vəziyyət yaradır. Başa düşürlər ki, irəli getmək lazımdır. Amma islahatın özündən də qorxurlar ki, sonra problemlər yaradar. Yəni belə bir çarpışma vəziyyətidir. Bu çarpışma vəziyyəti insanların gündəlik rifahına, yaşayışına çox pis təsir edir. Bunlar bəlkə bunu hiss etmirlər. Amma cəmiyyətə çox ciddi fəsadlar verə bilər. Çünki heç bir hərəkət yoxdur, heç bir real islahat prosesi getmir, kiçik və orta sahibkarlığın inkişafı üçün addımlar atılmır. Vergilərdən gəlirlər, cərimələr tətbiq edirlər, camaatı soyurlar. Hətta bizi də 5 min cərimələdilər.
 
- "Turan" agentliyini?
 
- Bəli. Biz də götürüb şikayət verdik, baxmadılar. Sonra götürüb nazirə məktub yazdıq. Tapşırıq gəldi ki, yoxlanılsın. Təzədən yoxladılar, dedilər “səhv etmişik”. Sən mənim pulumu niyə hesabımda həbs etmisən? Biz qaytardıq, bəs başqaları neyləsin?
 
- Bəs ABŞ-Rusiya qarşıdurması hansı həddə qədər inkişaf edə bilər?
 
- Açığı, mən bu qarşıdurmanı görmürəm.
 
- Sanksiyalar?
 
- O sanksiyalar Rusiya üçün müsbət xarakter daşıyır. Necə ki, neftin qiyməti düşəndə neft ölkələri qeyri-neft sektorunu inkişaf etdirməkə məcburiyyəti qarşısında qaldı. Bu, müsbət haldır. Sanksiya qərarları da Rusiyanı toparlanmağa vadar edir ki, ölkə öz resurslarından istifadə etsin. İran deyir yaxşı ki, o vaxt bizə qarşı bu münasibət oldu, ayıldıq, işləməyə, yaratmağa başladıq.
 
- Rusiyanın ehtiyat fondu tükənibsə, onda necə?
 
- Ehtiyat fondu Rusiyanın öz problemidir. Necə olur ki, böhran dövründə Rusiyada milyarderlərin sayı çoxalır, digər tərəfdən isə onların kapitallarının sayı artır? Bu, nə deməkdir? Deməli, Rusiyada oğurluq, quldurluq davam edir, ölkə talan olunur. Rusiya ilk növbədə öz-özünü müalicə etməlidir. Ukrayna neçə ildir çarpışır, o gün statistikaya baxdım, 2015-ci ildən bu yana ölkədə korrupsiya 35 dəfə artıb. Buna Amerika günahkardır, ya Rusiya?
 
- Rusiya və NATO-nun Cənubi Qafqazda üz-üzə dayanmasını təhlükə sayırsınızmı?
 
- Mən bu təhlükəni görmürəm. Hamburqdakı Putin-Tramp görüşünü götürsək, 2 saat yarım söhbətdə demək olar bütün məsələlər həll olundu. Ondan sonra ziyafət vaxtı da üz-üzə söhbət edib yekunlaşdırdılar.
 
- Yəni artistlik edirlər?
 
- Artistlik deyəndə ki, burada hərə öz maraqlarını güdür. Mənimçün əsas məsələ odur ki, Rusiyanın problemi böhrandır. ABŞ hər şeyi edir ki, Rusiyada qeyri-stabillik yaranmasın. Ona görə də Rusiyanın Suriya, Türkiyə, ümumiyyətlə, regionda gücünün şişirdilməsi, daha çox daxili piar, daxili stabillik üçün istifadə olunur. Yəni “bəli, vəziyyət belədir, ancaq biz vuruşuruq, Amerikada seçkilərə qarışırıq, İngiltərədə, Almaniyada belə edirik”. Bu, daha çox ciddi iqtisadi böhran fonunda Rusiya ictimaiyyətini Putinin ətrafında birləşdirmək, Putinə rəğbəti aşılamaq üçündür. Fikir verin, Putinin reytinqi birdən-birə nə qədər yüksəlib. Çünki güclü liderə ehtiyac var. Ruslar bu gün hesab edirlər ki, onlar yenə də dünyaya meydan oxuyurlar.

- Azərbaycanın 2018-ci ili ilə bağlı gözləntiləriniz nədən ibarətdir?
 
- 2016-cı ildə bir sıra məsələlər razılaşdırılıb, mən bunu yazmışam. Ondan sonra ABŞ-ın, Qərbin Azərbaycana təzyiqləri xeyli azaldı. Bu gün münasibətlər kifayət qədər diplomatikdir. Necə ki, deyirsiniz Lənkərana vəsait ayrılıb. Belə layihələr həyata keçirilir.
 
- Bəs Rusiya Azərbaycandakı prosesləri tətikləyə bilərmi?
 
- Yox. 2003-cü ildən bəri Rusiya və Amerika Azərbaycanda hakimiyyətin transformasiyasını bəyənir və qəbul edirlər. Odur ki, burada müştərək işləyəcəklər. Yəni burada hansısa qeyri-stabillik yaratmaq heç bir tərəfin marağında deyil.
 
- Bəs Surət Hüseynovun peyda olması nə məsələdir?
 
- Boş-boşunadır. Bu gün hakimiyyətdə əsas məqsəd köhnə komandanın sıradan çıxarılmasıdır. Çünki köhnə komanda köhnə problemdir. Yeni komanda yeni vəzifələr, yeni üfüqlər, öhdəliklərdir. 2018-ci illə bağlı ciddi problem görmürəm. Çünki böyük dövlətlər bir araya gəlirsə, konsensus olursa, onda problem olmur.
 
- Bu arada müxalifət də gizli toplantı keçirib. Seçkilərdə müxalifətin şansını necə dəyərləndirmək olar?
 
- Açığını deyim ki, müxalifətin hansısa bir ciddi uğurlarının olacağını gözləmirəm. Çünki müxalifət parçalanmış vəziyyətdədir. Ancaq fors-major vəziyyət olsa, onda birləşib nəsə edə bilərlər. Necə ki, 2013-cü ildə Milli Şuranın yaradılması prosesində çox qısamüddətli həmrəyliyi gördük, sonra parçalandılar, məsələ gündəmdən çıxdı. Seçkiyə qədər də yol xəritələrinin işə salınması baş verməli, müəyyən ciddi, populyar addımlar atılmalıdır ki, cəmiyyətin rəğbətini əvvəlcədən qazanmaq mümkün olsun. Cəmiyyət də islahatları gözləyir...
 
Elşad PAŞASOY