​Bu gün danışmaqdansa, sabah iş görməliyik - Qurbanov

Baxış sayı:
4678

Bu gün danışmaqdansa, sabah meydanda daha çox iş görməliyik. Rəqibi tanıyırıq və bilirik ki, yaxşı şansı var. Biz isə sabahkı şansımızdan istifadə etməyə yaxşı hazırlaşmışıq.
Muxalifet.az xəbər verir ki, bu sözləri UEFA Millətlər Liqası çərçivəsində Farer Adaları ilə səfərdə qarşılaşacaq Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov oktyabrın 10-da keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis bildirib: “Hava şəraitinin bizə problem yaradacağını düşünmürəm. Çünki vəziyyət hər iki komanda üçün eynidir. Meydanla tanış oldum. Hiss olunur ki, standartlardan bir qədər fərqlənir. Hərçənd, meydanın ölçüsü və süni örtüklü olması bizə bir qədər problem yaradacaq. Ancaq biz diqqətimizi rəqibə yönəltməliyik. İnanıram ki, uşaqlar sabah bacardıqlarını ortaya qoyacaqlar.
Bu toplanışda az məşq etmişik. Hazırda heç bir problem və futbolçu çatışmazlığı haqda düşünmürəm. Komandamın tam hazır olduğunu və möhkəm kollektiv kimi meydana çıxacağına inanıram. Ən yaxşı futbolumuzu oynamalıyıq, - deyə Q.Qurbanov əlavə edib.
Rəqibin oyunlarını təhlil etdiklərini vurğulayan millimizin üzvü Pavel Paşayev deyib ki, Farer Adaları millisi taktiki cəhətdən intizamlı komandadır. Düzdü, uzun yol qət etmişik. Ümid edirəm ki, sabah yaxşı oyun göstərə biləcəyik.
Farer Adaları - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də Torsvollur stadionunda başlayacaq.
Xatırladaq ki, milli komandamız UEFA Millətlər Liqasının D liqasının 3-cü qrupunda Farer Adaları, Malta və Kosovo milliləri ilə mübarizə aparır. İki turdan sonra Qurban Qurbanovun yetirmələri 2 xalla qrupda üçüncü pillədə qərarlaşıblar. Sentyabrın 7-də Bakıda Kosovo seçməsi ilə heç-heçə (0:0) edən Azərbaycan yığması üç gün sonra Malta səfərindən bir xalla qayıdıb – 1:1.