“BU GÜLLƏ ƏRDOĞANA ATILAN GÜLLƏDİR, RUS SƏFİRİNƏ DƏYDİ” - Siyasilər səfirin ölümü haqda

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun dünən sərgi zamanı polis Mevlit Mert Altıntaş tərəfindən öldürülməsi dünya mediasının gündəmindən düşmür. Ötən il təyyarə qəzasından sonra Rusiya ilə Türkiyənin münasibətlərinin gərginləşməsinə baxmayraq, sonradan bu ik ölkə arasında münasibətlər yaxınlaşmaqda davam edir. Şühəsiz ki, Avropa Birliyinin Türkiyə ilə müzakirələri dayandırması, eləcə də Qərbin PKK-ya dəstək verməsi Türkiyəni Rusiya ilə münasibətlərini normallaşdırmağa sövq etdi.
Bu hadisənin törədilməsinə səbəb kimi, o versiya daha inandırıcıdır ki,Türkiyə-Rusiya münasibtlərini gözü götürməyən bədxah qüvvələr bu yaxınlaşmanın onların əleyinə işləyəcəyini düşünüb, Türkiyə-Rusiya münasibətlərini pozmaq məqsədilə Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu qətlə yetirdilər. Ancaq Rusiya rəsmilərinin hadisəyə düzgün yanaşması Rusiya-Türkiyə münasibətlərinin pozulmayacağını, əksinə, daha da möhkəmlənəcəyini deməyə əsas verir.
Mövzu ilə bağlı ADP sədri Sərdar Cəlaloğlu Hurriyyet.org-a açıqlamasında bildirdi ki, belə hadisələr tarixin müxtəlif dövrlərində olub: 
“Bu, iki dövlət arasında münasibətləri korlmaq və yaxud hər hansı başlanlımış bir işi yarımçıq qoymaq məqsədilə üçüncü qüvvələrin həyata keçirdiyi bir aksiyadır. Təbii ki, belə hadisələr olduqca risklidir. Çünki birinci dünya müharibəsi də Ferdinandın ölümündən başlamışdı. Belə hadisələr dünya müharibəsinin başlanılması üçün bəhanə ola bilər. Son vaxtlar Türkiyənin Avropa ilə münasibətləri kifayət qədər kəskinləşib. Rusiya ilə bir yaxınlaşma siyasəti aparılır. Bu hadisənin arxasında birinci bu qüvvələr dayana bilər ki, Rusiya ilə Türkiyə arasında başlanılmış bu yaxınlaşmanı yarımçıq saxlasınlar, iki dövlət arasında soyuqluq yaratsınlar, hətta mümkün olsa, qarşıdurma yaratsınlar. Ikinci versiya Suriya ilə bağlıdır. Rusiya Suriyada Bəşər Əsəd rejimini dəstəkləyir. Bu rejim Suriya xalqına qarşı oduqca böyük cinayətlər törədib. Ola bilsin ki, Suriyada müxalifətə dəstək verən qüvvələr Rusiyadan intiqam almaq üçün bu addımı ata bilər. Üçüncü isə bu hadisə FƏTÖ-çülərin əməli ola bilər. Onlar Turkiyədə “təmzləmə” işlərini yarımçıq saxlamaq, Türkiyənin başını daha ciddi işlərlə qatmaq məqsədi güdə bilər. Bütün bu hallara baxmayaraq, Türkiyə kifayət qədər oturuşmuş bir dövlətdir. Türkiyənin tarixində belə təxribatlar çox olub. Ona görə də düşünürəm ki, Rusiya bu hadisənin mahiyyətini düzgün dəyərləndirəck”.
ADP sədri nəzərə çatdırdı ki, birinci dünya müharibəsində almanlarla ruslar arasında Lenin hakimiyyəti vaxtı “Brest” sülh müqaviləsi imzalanmışdı: “Brest” sülh müqaviləsini pozmaq üçün Moskvada Almaniyanın səfirini öldürübər. Rusiya tarixində də bu birinci dəfə deyil ki, onun bir ölkədə səfirini, görkəmli adamını öldürülər, münasibətləri pozmağa çalışırlar... Tarix təkrarlanır. Sadəcə, yer fərqlidir. Vaxtilə almanların səfirini Moskvada öldürmüşdülər, indi də rusların səfirini Ankarda öldürüblər. Məqsəd Rusiya ilə Türkiyə arasındakı münasibətləri pozmaqdır. Mənə elə gəlir ki, Rusiya hökuməti bu məsələyə təmkinli və obyektiv yanaşacaq. Ciddi uzağa gedən nəticələr olmayacaq. Əksinə, Türkiyə ilə Rusiyanın bu hadisədən sonra bir-birinə yaxınlaşması hər iksinin rəqibi olan qüvvələri ciddi narahat edəcək. Rusiya-Türkiyə əməkdaşlığı isə daha ciddi xarakter alacaq ”.
S. Cəlaloğlu vurğuladı ki, bu hadisə dünyada gedən çox ciddi hadisələrin fövqündə baş verir: “Yəni hadisəyə Ankarada bir səfirin öldürülməsi kimi baxmaq olmaz. Son bir ay ərzində Çinlə Amerika arasında vəziyyət gərgin həddə çatıb. Çin Amerikanın sualtı qayığını tutub. Amerika təmkinli rəftar etdi. Hansı ki, bu müharibəyə gətirib çıxarda bilərdi. Heç bir hadisə baş vermədi. Ikincisi, israilin baş naziri Benyamin Netanyahu Azərbayana səfər etdi və səfərdən sonra belə bir bəyanat verdi ki, Fələstin dövlətini tanımamaq haqqında qərarımıza yenidən baxacağıq. İndiyə qədər İsrail dövləti Fələstini bir dövlət kimi tanımaqdan imtina etmişdi. Bunun özü artıq yəhudilərlə müsəlmanlar arasında davam edən 50 illik müharibəyə son qoyulması və yəhudilərin də bu bölgədə digər müsəlman ölkələri ilə qardaşlıq əlaqələrinə girməsi üçün olduqca çox ciddi bir zəmin hazırlayır. Eləcə də Rusiya ilə Türkiyə arasında təyyarə qəzasından sonra düşmənçik həddinə gəlib çıxmış münasibətlər tamam başqa məcraya yönəldi. Bu gün Türkiyə ilə Rusiya sıx əməkdaşlıq edir. Eyni zamanda Avropa Birliyində dağılma prosesləri gedir. Məlumdur ki, İngiltərə Birlikdən çıxdı. Italiyada Birlikdən çıxmaq barədə referendum keçirirlər. Bundan əlavə, Türkiyə ilə Avropanın danışıqları dayandırması da Türkiyənin Avropa Birliyindən uzaqlaşması deməkdir. Belədə Türkiyənin müttəfiqi Azərbaycanla da Avropa Birliyi arasında bir soyuqluq yaranacaq. Beləliklə, dünənə qədər dünyada müstəqil bir mərkəz kimi çıxış edən Avropa Birliyi öz gücünü itirməkdədir. Amerika və İsrailin dünya siyasətində davranışları və siyasəti fundamental şəkildə dəyişilməkdədir. Bütün bunların fövqündə biz Ankarada Rusiya səfirinin öldürülməsinə baxsaq, görərik ki, söhbət qlobal siyasətdə baş verən ciddi dəyişikliklərə hansısa qüvvələrin ağrılı reaksiya verməsindən gedir. Yəni bəzi qüvvələr status-kvonun dəyişilməsin istəmirlər. Ona görə də Türkiyənin Rusiya ilə düşmən olmasın istəyirlər. Amerikanın əvvəlki mövqeyini, Avropa Birliyinin möhkəmlənməsini istəyirlər. Mənə elə gəlir ki, bu məsələyə dünyada gedən son proseslərdən çıxış edib qiymət verməliyik”.
AXCP sədri Mirmahmud Mirəlioğlu bildirdi ki,Türkiyədə Rusiya səfirinin öldürülməsi pislənilməli hadisədir:
“Kimsə bunu dəstəkləyə bilməz. Hətta bu hadisənin arxasında duran güclər belə bu terroru lənətləyəcəklər və əleyinə danışacaqlar. Amma bu güllə Ərdoğana atılan güllədir, rus səfirinə dəydi. Bu gün yürüdülən siyasətə görə, dünyanın bəzi gücləri hamının bir araya gəlməsindən narahatdır. Bu hadisə dünyada bir barış mövqeyi istiqamətində hazırlanan anlaşmanı pozmaq istəyidir. Bununla da yəqin ki, çox şeylər etmək niyyətindədirlər. Nə yaxşı ki, Rusiya və Türkiyə rəhbərliyi bu məsələdə eyni fikirdədirlər. Xaincəsinə olan hərəkəti pisləyirlər və birgə araşdırmağa qərarlıdırlar və bu ən doğru addımdır. Məncə, Ərdoğan-Putin kursu inidki kimi davam etsə, bu hadisədən sonra da region üçün müsbət bir dəyişiklik olacaq. Yəni rus-türk münasibətlərini pozmağa çalışanlar məqsədlərinə çatmaycaqlar. Amma Türkiyəni daha böyük bəlalar gözləyir. Artıq bu komanda verilib. Bu, “dur” komandası verilməyənə qədər davam edəcək. Bu hadisənin törədilməsində səbəbkarlar Türkiyənin irəliləməsini, sakitliyini istəməyən,Türkiyənin bölünməsini istəyənlərdir. Bu PKK və PKK-nın arxasında duranlar, eləcə də FƏTÖ və onun arxasında duranlardır. Bunlar Türkiyəni parçalamaq istəyənlərdir”.
Müsavat Partiyasının sədri Arif Hacılı isə bildirdi ki, istənilən terror hadisəsi insanlığa, bəşəriyyətə qarşı yönəlmiş hadisədir:
“Ona görə, bu hadisəni qətiyyətlə pisləyirik. Hadisənin törədilməsi Türkiyə-Rusiya münasibətlərinə mənfi təsir göstərə bilər. Vacibdir ki, bu hadisə dövlətlər və millətlər arasında nifaq salan hadisəyə çevrilməsin. Kimlərinsə sifarişçi olması barəsində ciddi versiyalar var. Putin və Ərdoğanın razılaşmasına görə istintaq işini Türkiyə və Rusiya istintaqçıları müştərək aparacaqlar. Yəqin ki, bu həqiqətlərin üzə çıxmasına kömək edəcək. Terrorçunun düçüncələrinə görə belə hadisəni törətmiş olması da mümkündür. Hər halda, videogörüntülərdən terrorçunun psxioloji durumunun normal olmadığı açıq şəkildə görünür. Bu baxımdan, bu terrorun onun öz təşəbbüsü ilə də həyata keçirilməsi versiyası istisna deyil”.
Keçmiş millət vəkili, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli bunun üzücü bir hadisə olduğunu diqqətə çatdırdı: 
“İstənilən terror lənətlənməlidir. Təəssüf ki, son vaxtlar silsilə terror hadisələrini böyük ürək ağrısı ilə qarşılayırıq. Bu hadislərdə yüzlərlə günahsiz insan terror qurbanına çevrilib. Təəssüf hissi ilə qeyd edim ki, dünənki hadisənin qurbanı bir nəfər olmağına baxmayaraq, bu hadisə Türkiyənin daxilində olan hadisələrə mənfi təsir göstərə bilər.Terrorun istəniln forması, o cümlədən diplomatlara qarşı terror vəhşilikdir. Mən bu terror hadisəsində həyatını itirmiş səfir Andery Karlovun ailəsinin, doğmalarının acısını paylaşıram. Onlara səbir diləyirəm. Ümid edirəm ki, bu hadisə Türkiyə üçün acınacaqlı sonucla nəticələnməyəcək. Düzdür, Rusiya tərəfi kifayət qədər təmkinli davranaraq, bu hadisənin sifarişçilərinin cəzalanmasını bildirdilər. Aydın olur ki, onlar da Türkiyənin bu hadisədə maraqlı olmadığını gözəl anlayırlar. Terror hadisəsi kimi Türkiyənin özünün üzərinə kölgə salmadılar. Amma istənilən halda, Türkiyə-NATO münasibətlərinin indiki həssas dövründə Tükiyənin qonşuluğunda baş verən çox ağır geopolitik qarşıdurmaların fonunda bu hadisənin Türkiyədə baş verməsi Türkiyə üçün böyük bir təhlükə, təhdiddir. Ümid edirəm ki, həm bu terror aktının, həm də son dövrdə baş verən hadisələrin fəsadlarını Türkiyə daha rahat şəkildə yoluna qoyacaq. Istəniln halda,vəziyyət çox kritikdir. Artıq Türkiyədən aldığımız xəbərlər Suriydan, İraqdan aldığımız xəbərlərə bənzəyir. Bu gün Türkiyə qonşuluğunda olan qeyri-stabil ölkələrə bənzəməyə başlayıb. Bu bizi çox narahat edir. Türkiyənin tez bir zamanada sabit, dayanıqlı və dinc inkişaf yoluna qayıtmasını arzulayırıq”.

Şamo Emin