"Bu dəyişiklik Azərbaycan prezidentinin taleyini şübhə altına alır" - SENSASİON MÜSAHİBƏ

Sərdar Cəlaloğlu: “Bu, prezidentlərin taleyini müəyyən cinayətkar qrupların əlinə verməyə istiqamətlənmiş bir yoldur”

“Hakimiyyətdəki hər bir klan öz namizədini vitse-prezident görmək istəyir”

“Əgər doğrudan da Azərbaycanda prezident üsul-idarəsinə keçiriksə, konkret olaraq ali icra hakimiyyəti dəyişidirilməlidir, baş nazir postu ləğv edilməlidir”

“Şah İsmayıl Xətainin hakimiyyətə gəlməsinin demokratiyaya nə aidiyyatı var?!”

“Bu referendumla hakimiyyətdaxili klanlararası münasibətlərin reallığını Konstitusiyaya köçürmək istəyirlər” 

“Yaş həddinin aşağı səviyyəyə salınması real hakimiyyətin daha çox ikinci, üçüncü, dördüncü adamların əlinə keçirilməsinə xidmət edir”

Sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi - referendum keçiriləcək. Qeyd edək ki, səsverməyə çıxarılacaq təkliflər arasında siyasi dəyişikliklər cəmiyyətdə ciddi müzakirələrə səbəb olmaqdadır. 
Qeyd edək ki, Konstitusiyanın 85-ci maddənin I hissəsinə təklif edilən dəyişikliyə əsasən deputatlığa namizədin yaş həddi 25-dən 18-ə endirilir. 
100-cü maddəyə təklif edilən dəyişikliklə Prezidentin yaş həddi 35-dən 18-ə endirilir. 
101-ci maddənin I hissəsinə edilən dəyişikliyə əsasən Prezidentin səlahiyyət müddəti 5-dən 7-dək artırılır. 
101-ci maddənin I hissəsinə Prezidentin növbədənkənar Prezidenti seçkilərini elan edə bilməsi haqda müddə əlavə edilir.
105-ci maddəyə nəzərdə tutulan dəyişikliyə əsasən birinci vitse-prezident və sayı bəlli olmayan vitse-prezidentlər olacaq.
121-ci maddəyə təklif edilən dəyişikliyə əsasən, baş nazirin yaş həddi 30-dan, digər hökumət üzvlərinin isə 25-dən 18-ə endirilir.
 
126-cı maddəyə edilən dəyişikliyə əsasən hakimlərin yaş həddi 30-dan 18-ə endirilir. 
Bütün bunlarla yanaşı, daha bir dəyişiklik Prezidentə Milli Məclisi buraxmaq səlahiyyətinin verilməsini özündə əks etdirir.
Maraqlıdır, hakimiyyətini bütün bu dəyişiklikləri gündəmə gətirməkdə məqsədi nədir? Ümumiyyətlə, Azərbaycanda referenduma ehtiyac vardı?
Bu və digər suallara ADP sədri Sərdar Cəlaloğlu ilə müsahibəmizdə aydınlıq gətirməyə çalışdıq.
 

- Sərdar bəy, sizdə, indiki halda Azərbaycanda referenduma ehtiyac var idi?
- Əslində, referendumun özü ciddi bir demokratik prosedurdur. Qanunların və Konstitusiyanın ümumilli iradə ilə müəyən edilməsi demokratiyanın göstəricilərindən biridir. Çox təəssüf ki, Azərbaycanda demokratik prosedurlar anti-demokratik meyllərin yaradılmasına xidmət edir. Məsələn, referendum adı altında Konstitusiya və qanunlarda dəyişikliklər həyata keçirilir. Təbii ki, bu dəyişikliklər ümumxalq iradəsini deyil, həmin qanunları görmək istəyən insanların iradəsini ifadə edir. Amma referendum adı altında gedən proseslər ümumilli iradə kimi təqdim olunur. Bu baxımdan məsələyə birmənalı yanaşmaq olmaz və referendum alqışlanmalıdır. Sözsüz ki, Azərbayacanda seçki təcrübəsini, yəni seçkilərin saxtalaşdırılmasını, xalqın apolitik olmasını və referenduma qatılımın həmişə 10 faizin altında qalmasını nəzərə alıb, bu cür dəyişilmələrin ümummilli iradəni ifadə etməyəcəyini qabaqcadan proqnozlaşdırmaq olar. Bu da ona gətirib çıxarır ki, Azərbaycan cəmiyyətinin və dövlətinin qanunu və normaları xalqın iradəsinin məhsulu olmur. Ona görə, ölkədə Konstitusiya, qanunlar formal xarakter daşıyır. Əgər bir cəmiyyətdə qanunlar və Konstitusiya xalqın iradəsi ilə qəbul edilirsə, xalq həmin qanunlara nəinki tabe olur, həm də bu qanunların aktiv müdafiəçisinə çevrilir, onun pozulmasına qarşı dözülməz olur. Azərbaycanda isə bütün vətəndaşlar Konstitusiya və qanunların ən kobud şəkildə pozulmasına laqeyddir. Çünki həmin qanun və normaların qəbul edilməsində vətəndaş öz iradəsinin təmsil olunduğunu görmür. 

- Konkret olaraq referenduma çıxarılan dəyişikliklərlə bağlı nə deyə bilərsiniz? Sizcə, hakimiyyətin bu məsələdə niyyəti nədir? 
- Ümumiyyətlə, Konstitusiya və qanunların tez-tez dəyişdirilməsi dövlətçiliyin qüsurlarından biridir. Qanunçuluqda belə bir məşhur aforizm var: “qanunlar da paltar kimidir, nə qədər köhnəlsə, bir o qədər adamın əyninə yaxşı oturur”. Yəni necə ki, insanlar ahıllaşdıqca ağıllanır, qanunlar da uzun müddət dəyişməz qaldıqca özlərinin doğrudan da real həqiqi norma olduğunu göstərir.
Təbii ki, Konstitusiya və qanunların dəyişidirilməsində sosial sifariş məsələsi həmişə önəmli rol oynayır. Əslində qanun nədir? Qanun cəmiyyətdə formalaşan münasibətlərin formal ifadəsindən ibarətdir. Yəni əvvəlcə cəmiyyətdə hansısa münasibətlər formalaşır, sonra onu qanun şəklində ifadə edirlər ki, artıq cəmiyyətdə olan real vəziyyət bir normaya çevrilsin. İndiki halda Konstitusiyada məlum dəyişikliklərin həyata keçirilməsi ilə bağlı hansı zərurət, hansı sosial təlabat var?! Məgər xalq 18 yaşında uşaqların gedib parlamentdə onu təmsil etməsini, yoxsa 18 yaşında bir uşağın prezident olub dövləti idarə etməsini istəyir? Yəni bunlar gərək sosial təlabata çevrilə ki, ondan sonra biz deyək ki, bəli, bu dəyişikliklərə ehtiyac var. Biz gündəlik həyatdan da görürük ki, heç bir ailədə 18-20 yaşında uşaq ailənin idarə olunmasında iştirak etmir. O cümlədən də ictimai hadisələrdə. Azərbaycan xalqının mentaliteti var. Azərbaycanda kollektiv proseslərdə yaş senzi çox ciddi şəkildə xalqımızın genetik yaddaşından gələn bir qayda olaraq qorunur. Deyərlər ki, “ağsaqqal olan yerdə danışmazlar”, yaxud “yol böyüyündür” və s. İndi necə oldu ki, hər şeydə milli təfəkkürə görə yol böyüyündür, amma indi Konstitusiya dəyişir, kiçiklərə yol açılır?! Bəzən süni surətdə guya mütərəqqi addım kimi bunu qəbul edirlər. Amma dünya parlamentlərinin tərkibinə, dünyada keçirilən prezident seçkilərinə baxsaq görərik ki, məsələ tamamilə fərqlidir. Məsələn, bu günə qədər Amerikda 60 yaşından aşağı prezident seçilməyib. ABŞ Konqresində ümumiyyətlə orta yaş həddi 60-dan yuxarıdır. Rusiyda da, Türkiyədə də belədir. Dünyanın hər yerdində təbii şəklildə prezident və parlamentarların yaş səviyyəsi 60-dan yuxarıdır. Çünki elmi şəkildə sübut olunub ki, insanların sosial produktivliyi 50 yaşından sonra başlayır. 18 yaşında uşaq özünün bədən təlabatlarının əsiridir. Yəni gəncliyin özünün təlabatları var. Nəyə görə 60-dan yuxarıdır? Çünki 60 yaşında insan bədən təlabatlarından daha çox mənəvi təlabatlara tabe olur. Yaxud mənəvi tələbatlar tələb edir. Ona görə də belə insanlar sosial olurlar. Gənclik özü təbii olaraq asosiallıq deməkdir. Necə ki, deyirlər gənclik qaynarlıqdır, bu, asosiallıq deməkdir. İndi birdən-birə Azərbaycan dövlətinin idarəçiliyinin asosial yaş həddinə qədər endirilməsi, əslində olduqca təhlükəli bir tendensiyadır. 

- Sizcə, referendumla bağlı hakimiyyət daxilində pərdəarxasında hansı oyunlar gedir? 
- Burda pərdə arxasında hansı xüsusi niyyətlərin gözlənilməsindən asılı olmalayaraq, ümumiyyətlə Konstitusiyada təklif edilənlər çox paradoksal dəyişilmələrdir. Məsələn, dünyanın çox nadir ölkələrində çoxlu vitse-prezidentlər var. Bir qayda olaraq dünyada bir vitse-prezident olur. Azərbayacanda birinci vitse-prezident və ondan da sonra çoxlu vitse-prezidentlər institutu yaradılır. Eyni zamanda Nazirlər Kabineti buraxılmır. Yəni əgər doğrudan da Azərbaycanda prezident üsul-idarəsinə keçiriksə, konkret olaraq ali icra hakimiyyəti dəyişidirilməlidir, baş nazir postu ləğv edilməlidir, Nazirlər Kabineti prezidentə tabe olmalıdır, baş nazirin vəzifəsini birinci vitse-prezident icra etməlidir və vitse-prezidentin əlinin altından onun müşavirləri olmalıdır, hansı ki, indi biz baş nazirin müavinləri deyirik. Yəni bu şəkildə ifadə olunmalıdır. Amma indiki halda ad məsələsinin özünün də bu şəkildə olması göstərir ki, söhbət hansısa bir ictimai-siyasi reallığı əks etdirmək yox, hakimiyyətdaxili klanlararası münasibətlərin reallığını Konstitusiyaya köçürmək istəyirlər. Yəni hər bir klan öz namizədini vitse-prezident görmək istəyir, bu baxımdan daha çox prezidentliyə namizəd lazımdır. Və prezidentliyə namizədlərin sayı Azərbaycanı idarə edən klanların sayına bərabərdir. 

- Yəni hesab edirsiniz ki, bu dəyişkliklər daha çox hakimiyyətin monolitliyini qorumaq məqsədi daşıyır...
-Bu dəyişikliklər hakimiyyətin monolitlyinin klanlararası münasibətlərin tənzimlənməsis ilə qorunması məqsədi daşıyır. Burda söhbət klanların maraqlarından gedir. Məsələn, İlham Əliyev dəfələrlə xalqın maraqlarına, dövlətin maraqlarına xidmət edən sərəncamlar verib, amma o sərəncamlar ayrı-ayrı klanların maraqlarına uyğun olmadığına görə, ya icra olunmur, ya da ləğv olunub. İndi bu hakimiyyətdə olan siyasi reallıq ki var, onu Konstitusiyaya keçirirlər. Yəni cəmiyyətdə olan reallığı yox, ictimai münasibətləri yox, klanlararası münasibəti normaya çevirmək istəyirlər. Bununla da hər bir klanın artıq özünün vitse-prezidenti olacaq, onun maraqlarını orda müdafiə edəcək və s. 
Eyni zamanda çox güman ki, həmin klanların arxasında duran dövlətlər də bu vitse-prezident vasitəsilə dövlətimizin idarə olunmasında iştirak edəcək. Yəni təklif olunan referendum ideyasının arxasında duran budur. Klanların Azərbaycanın gələcəyi üçün hakimiyyətdən pay almalarını reqlamentləşdirən bir norma irəli sürülüb. 
Azərbaycanda referendum keçirilməsinə çox ciddi ehtiyac vardı. Biz bunu dəfələrlə demişdik. Bu referendum, əslində, Azərbaycanda siyasi sistemin təkmilləşdirilməsinə, idarəetmənin asanlaşdırılmasına, real vəziyyətin uyğun müstəviyə gətirilməsinə görə lazım idi. Azərbaycanda faktiki prezident üsul-idarəsi və formal olaraq parlament üsul-idarəsi var. Bilirsiniz ki, Konstitusiyada prezidentin 100-ə yaxın səlahiyyəti var, amma bir məsuliyyəti yoxdur. Bütün məsuliyyət Nazirlər Kabinetinin, Parlamentin üzərindədir, onların da heç bir səlahiyyəti yoxdur. Bu, sərt prezident üsul-idarəsinə xasdır. Təbii ki, bu təcrübənin qanunçuluğa çevrilməsində də prezident üsul-idarəsi yaradılmalı idi. Bu zaman isə prezident hakimiyyətini tarazlaşdırmaq üçün parlamentin səlahiyyəti artırılmalıydı. Eyni zamanda, prezident üsul-idarəsi üçün çox xarakterik olan, bu respublikaçılıq ənənələri ilə bağlıdır, çoxpartiyalı siyasi sistemin möhkəmləndirilməsi məsələsi olmalıydı. 

- O halda fikrinizə bir qədər də aydınlıq gətirək, təkliflkəriniz konkret olaraq nələrdən ibarətdir?
- Biz burda nə görürük: siyasi sistemin möhkəmləndirilməsi üçün referenduma proporsional seçki sisteminin bərpası salınmalıydı. Parlament gücləndirilməliydi, həm say tərkibi, həm səlahiyyət baxımından. Yəni parlament üzvlərinin sayını və parlamentin səlahiyyətlərini artırmaq olardı. O cümlədən parlamentə prezidentə impicment hüququ verilməliydi. Məsələn, referenduma çıxarılan dəyişikliklərdə çox maraqlı bir məsələ qoyublar - prezident prezident seçkilərini müəyyən edir. Təsəvvür edin ki, növbədənkənar prezident seçkiləri təyin edir. Növbədənkənar prezident seçkiləri iki halda ola bilər: ya prezident səlahiyyətlərini icra edə bilmir, tutaq ki, ağır xəstə olur, əsir alınır, ya baqşaq nəsə olur, o halda növbədənkənar prezident seçkiləri elan olunur, ya da prezident vəzifəsinin öhdəsindən gələ bilmir. Hər iki halda prezident necə növbədənkənar seçkilər təyin edə bilər?! Məsələn, biri gələr prezidenti oğurlayıb aparar və həmin prezidenti növbədənkənar prezident seçkiləri elan etməyə məcbur edər və başqa bir qüvvə hakimiyyətə gələr. Ona görə də bütün dünyada təcrübə belədir ki, növbədənkənar prezident seçkiləri səlahiyyəti başqa bir orqana təqdim olunur, hansı ki, prezidentin iradəsinin ifadəsi orda rol oynamır. Ona görə də bu məsələdə də parlamentə səlahiyyət verilməliydi. 
Amma bu, həm də prezidentin taleyi üçün çox ciddi təhlükə yaradan maddədir. Necə ki, vaxtilə Yaqub Məmmədov deyirdi ki, mən avtomat altında işləmişəm, sabah da müəyyən qruplar prezidenti əsir götürüb, onu növbədənkənar prezident seçkiləri keçirilməsinə məcbur edə və prezident öz maraqlarının, öz iradəsinin əleyhinə belə bir qərar verə bilər. Buna da nəzarət etmək üçün belə deyək, heç bir imkan yoxdur. Ona görə, bu çox təhlükəli bir maddədir. Bu dəyişiklik Azərbaycan prezidentinin taleyini şübhə altına alır. Ümumiyyətlə, bu, Azərbaycan prezidentlərinin taleyini, belə deyək, müəyyən cinayətkar qrupların əlinə verməyə istiqamətlənmiş bir yoldur. İstənilən bir hakimiyyətdaxili güc qeyri-leqal yollarla prezidenti məcbur edib, özünün istefası haqqında sərəncam verdirə və hakimiyyəti mənimsəyə bilərlər. Yəni uzurpasiya üçün bir yol açılır. Amma ilk baxışdan belə görünür ki, guya, bu prezidentə xidmət etmək məqsədilə edilir...

- Şübhəsiz, prezidentin, baş nazirin və s. məmurların yaş həddinin 18-ə endirilməsinin arxasında hansısa ciddi maraqlar dayanır. Təsadüfi deyil ki, hökumət rəsmiləri bəyan edirlər ki, Şah İsmayıl 14 yaşında hakimiyyətə gəlib...
- Elə ən maraqlısı da budur. Diqqətlə fikir verin, hökumətin əsaslandığı bütün tarixi faktlar imperiyalara, şahlara, imperatorlara, tiranlara, diktatorların taleyinə söykənir. Məsələn, Napaleonu misal çəkirlər, Şah İsmayılı misal çəkirlər. Və yaxud Türk sultanlarını misal çəkə bilərlər. Ona qalsa, Çində 6 aylıq uşaq da imperator olub, Tibetdə Dalay-Lamalar 5-6 aylığından Dalay-Lama elan olunur. Bunlar hansı rejimlərdir?! Bunların demokratiyaya nə aidiyyatı var?! Şah İsmayıl Xətainin hakimiyyətə gəlməsinin demokratiyaya nə aidiyyatı var?! Şah İsmayıl demokrat idi? Karl Marksın Şah İsmayıl haqqında məşhur fikri var ki, dünya tarixində ən böyük imperator olub, 15 ildə 15 dövlət fəth edib. Şah İsmayıl 14 yaşında hakimiyyətə gəlib dövləti idarə etməyib ki. Şah İsmayılı hakimiyyətə gətiriblər, formal olaraq qalıb, dövləti cəmiyyətin aristokratları, onu hakimiyyətə gətirən insanlar idarə edib. İndiki halda da Azərbaycanda azyaşlı bir adamın prezident kürsüsünə gətirilməsi o deməkdir ki, həmin adamı formal olaraq hakimiyyətdə saxlayıb, ətrafındakı şəxslər onu idarə etmək istəyir. 

- Yəni belə bir niyyət var?
- İlk baxışdan hamının diqqətini o çəkir ki, guya burda İlham Əliyevin hakimiyyəti oğluna ötürməsi üçün zəmin hazırlanır. Əslində, diqqət əsas bir məsələdən yayınır ki, hakimiyyətə iradəsini ifadə etməyə kifayət qədər gücü, səlahiyyəti, təcrübəsi, arxasında real ictimai dəstəyi olmayan adamın gətirilməsi həmin adamı müəyyən bir kalnın əsirinə çevirir. Məsələn, türk sultanları kiçik yaşlarında hakimiyyətə gələndə onlar hakimiyyət idarə etmirdi ki. Türkiyə sultanlarını uzun müddət anaları idarə edib. Və yaxud rus çarlığında azyaşlı uşaqlar hakimiyyətə gələndə onlar yox, anaları idarə edirdi. Yəni azyaşlı adamların hakimiyyətə gəlməsi o demək deyil ki, onlar hakimiyyəti idarə edirlər. Və azyaşlı adamların hakimiyyətə gəlməsinin bir demokratik nümunəsini göstərə bilməzsiniz. Buyurun, Amerika tarixini göstərin, mənə 18 yox, 35 yaşında bir prezident adı deyin. Avraam Linkolndan başlayın bu tərəfə, baxın Amerika prezidentlərinin yaş həddi necədir. Eləcə də başqa demokratik dövlətləri götürün. Hansı demokratik respublikada, hətta antik dövrün demokratiyasını götürək - sezarları, onların hansı azyaşlı olanda hakimiyyətə gəlib? Hakimiyyətə azyaşlı ancaq monarxiya rejimlərində gəlib. Çünki monarxiyada monarxın elə bir rolu yoxdur. Yəni onun formal olaraq təmsilçilik rolu var. Bir də bəzi imperiyalarda azyaşlılar hakimiyyətə gəlib, bu zaman da hakimiyyəti başqaları idarə edib, heç vaxt o azyaşlı hakimiyyəti idarə etməyib. Hətta bu gün 45-50 yaşında adam var ki, hakimiyyətdədir, amma hakimiyyəti başqaları idarə edir. Odur ki, yaş həddinin aşağı səviyyəyə salınması real hakimiyyətin daha çox ikinci, üçüncü, dördüncü adamların əlinə keçirilməsinə xidmət edir. Burda iki təhlükəli məsələ var. Birinci, prezidentin növbədənkənar seçki elan etməsi. İkinci, azyaşlının hakimiyyətə gətirilməsi. Bu iki dəyişiklik Azərbaycanda real hakimiyyətin qeyri-rəsmi güclərin əlinə keçməsi üçün zəmin hazırlayıb. Üçüncü, dördüncü adamlar dövləti prezident kimi idarə edəcəklər. 

- Bir halda ki, mövcud qanunlar da İlham Əliyevin növbəti dəfə prezident seçkilərinə qatılması üçün önündə ciddi bariyer deyil, o halda, sizcə, belə bir referenduma nə ehtiyac vardı?

(Ardı var) 

Ayxan İLDIRIMTÜRK, Hurriyyet.org