"Bu, dünya mədəniyyətinə zərbədir" - PA rəsmisi

Baxış sayı:
5692

Rəsmi Bakı artıq 25 ildən artıqdır ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi mövqeyindən çıxış edir. Lakin Azərbaycanın da səbrinin sərhədi var.
Bu sözləri Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Anadolu” agentliyinə müsahibəsi zamanı deyib.
Onun sözlərinə görə, Ermənistan Silahlı Qüvvələri BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın torpaqlarını tərk etməlidir. Əks halda, Azərbaycan istənilən digər bir dövlət kimi BMT Nizamnaməsinə uyğun olaraq bütün hüquqlardan istifadə edəcək.
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri danışıqlar prosesində irəliləyişə nail olmaq üçün Ermənistanın bir sıra addımlar atmalı olduğunu bildirib.
“Təəssüflər olsun ki, Ermənistanın hazırkı rəhbərliyi danışıqlar prosesini bloklayacaq bəyanatlar verməklə Sərkisyan-Köçəryan rejiminin səhvlərini təkrarlayır. İrəvandan konstruktiv və düzgün addımlar gözlənilir. Dünya ictimaiyyəti də həmçinin bu mövzuda konkret mövqe tutmalı və Ermənistan rəhbərliyinə qəti siyasi və diplomatik mesaj göndərməlidir”, - Hacıyev deyib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti Azərbaycanın işğal olunmuş ərazilərindəki qızıl və mis yataqlarını talan edir və bu sərvətləri dünya bazarlarına göndərir. Bu bütün beynəlxalq müqavilələrə ziddir.
“Ermənilər işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni və dini irsini məhv edirlər. Bu yalnız Azərbaycan deyil, eyni zamanda dünya mədəniyyətinə zərbədir”, - Hacıyev söyləyib./axar.az