Bu dövranın üzünə lənət, Lerikim!

Dağları yamyaşıl ağaclara bürünmüş, al-əlvan çiçəkləri dörd fəsildə solmayan, çayları, bulaqları, şəlalələri nəğmə oxuyan məmləkətim! Nə hala saldılar səni?! Nə günə qoydular səni? Dil deyib ağlayan, ağı deyən, saç yolan, üz cıran, sinə döyən gərək bu halına!
Ağaclarını kəsdilər, otlarını qurutdular, çiçəklərini soldurdular, çaylarını, bulaqlarını zibillədilər sənin. İndi dağların soyundurulub, lüt-üryan baxır adamın sifətinə. Elə də qəzəblə baxır ki, qara gil gözlərindən vahiməyə düşür adam.
Bulaqların tamam quruyub. Çaylarının balıqlar parlayan günləri qeybə çəkilib. İndi dayaz sularında yağ, çay qutuları, qida qalıqları ürək bulandırır. Əvvəllər həzin şırhaşırla axan gur suların indi uğutuyla, zarıya-zarıya axır.
Sən “zil”dən, “vilis”dən, ən yaxşı halda “niva”dan başqa nə maşın görmüşdün ki? Onlar da arabir gözə dəyərdi yollarında. İndi təmiz havana üfunət qoxular yayan cürbəcür maşınlar ürəyini bulandırdı.
Dağlarının başında hündür “vışka”lar dikdilər. Sənin sağlam, uzunömürlü insanlarının ürəyinə şüalar yeritdilər.  Ən hündür zirvələrindən dörd yanına radiasiya buraxdılar.
Ağaclarını kəsib, göllərini qurudub yerində istirahət mərkəzləri, otellər tikdilər. Yamyaşıl təbii ağacların əvəzinə dəmir ağac maketləri qoyub, rəngli işıqlara bürüdülər. Gecələrindəki suların şırıltısı, yarpaqların pıçıltısı, quşların cəh-cəhi, canavarların ulartısı diskotekaların gur səsli mahnıları ilə, maşınların siqnalları ilə əvəzləndi.
Öz bütün zir-zibillərini sənin tər-təmiz sularına tökdülər. Nənəmin, anamın xalça yuduğu, dostlarımın üzdüyü pak sularından indi qurbağalar iyrənir. Daha gölməçələrində çömçəquyruqlar da yoxdur. Hamısı iyrənib səndən, gözəllər gözəlim!
Nə hala salmışlar övladlarını!? İndi borc içində, kredit növbəsində, məhkəmə qapısında sürünür sənin sadə, məğrur övladların!
Tövləsi mal-qarayla, hini toyuq-cücəylə, bostanı tərəvəzlə, bağı meyvəylə dolu adamların nəyinə gərək idi saybasay bank kreditləri, kredit kartları, faizlər, əl borcları?! Bu adamlar axı qənddən, şəkər tozundan, çaydan, undan başqa nəyə pul verirdilər?
Əti, yumurtası, südü, qatığı, yağı, cürbəcür tərəvəzi, meyvəsi öz həyətində olan bu adamların kiçik maaşlarını, təqaüdlərini bank kartlarına çevirdilər. Banklar iri plakatlarda yazılmış kredit reklamlarını onların gözünə soxdular. Böyük istirahət mərkəzlərində, maşın yolunun qırağında, kəndlərin girişində - hər yerə dikdilər bu çirkin reklamları.
Onları istirahət mərkəzlərinin kiçik maaşlı işləri ilə aldatdılar. Onları yer şumlamaqdan, toxum səpməkdən, mal-qara, qoyun-quzu otarmaqdan soyutdular. Sonra həmin xırda maaşlarla kredit verdilər bu təmiz insanlarına. Beləcə bəlaya saldılar, xəstələndirdilər 150-160 il ömür yaşayan adamlarını.
İndi hündür şəlalələrini şəkil çəkdirmək üçün satırlar Bakıdan gələn qonaqlara. Əvvəllər yanında süfrə sərilən, suyundan ləzzətlə içilən bulaqlarına şlanq salıb, su çəkdilər həmin restoranlara. Sonra da o suyu satdılar müştərilərinə. Axı sən o suyu satmaq üçün verməmişdin bizə. Yerlin də, qonağın da doya-doya içib tost deyərdi sənin ünvanına. Hanı o günlərin, Lerikim?!
Sən heç darıxmırsan? Səni hər dəfə görəndə mən üzülürəm. Hönkür-hönkür ağlamağım gəlir. Başında tamahkarları məmur edib taladılar səni. Heç acımadan zorladılar səni. Bağışla bizi, gözəllər gözəlim, bağışla bizi! Biz də atıb gəldik səni. Amma neyləyə bilərdik ki? Bizi də məcbur etdilər. Bizi də aldatdılar. Bizi də incitdilər, üzdülər. Ən az sənin halına saldılar bizi də.
Bir gün məni də səndə basdıracaqlar. Yalvarıram, nəşimi qəbul edərsən! Keçərsən günahımdan. Məni qaytarmayasan öz torpağından. Çünki mən səni həmişə sevmişəm və sevəcəyəm. Amma bu dövranın üzünə lənət, Lerikim!

Orxan Bahadırsoy