“Bu dəfə İsrafil İsrafilovu özüm məhkəməyə verəcəyəm”

Ənvər Börüsoy: “Onun vəkili israr edirdi ki, İsrafil İsrafilovla görüşüm...”

Bir neçə gün öncə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov rəsmən tutduğu vəzifəsindən uzaqlaşdırıldı. Onun direktoru olduğu dönəmdə teatrda böyük problemlərin yaşanılması, repertuar siyasətinin düzgün qurulmaması, yaradıcı və texniki heyətlə yola getməməsi kimi hallar ölkə mətbuatının gündəmində idi. Ən müdhiş olaylardan biri də, Akademik Teatrın 29 nəfər tanınmış sənətçisinin ölkə prezidentinə onun yarıtmaz fəaliyyəti haqqında müraciəti oldu. Bu gün teatrda yenidən nələrin yaşandığını uzun zamandır tetarda baş verən proseslərlə bağlı “Hürriyyət”də ardıcıl yazılarla çıxış edən sənətşünas Ənvər Börüsoydan öyrənməyə çalışdıq.

–Ənvər bəy, sizin uzun müdət sərt şəkildə tənqid etdiyiniz İsrafil İsrafilov artıq təqaüdə göndərildi. Buna münasibətiniz necədir?
–İlk öncə onu qeyd etmək lazımdır ki, mədəniyyət nazirliyinin bu yöndə qərarı çox gecib. Kadr siyasəti düzgün qurulmayanda nəticəsi çox ağır olur. Dəfələrlə qeyd etmişik ki, hər bir nazirliyin nəzdində onların sözçüləri deyil, analitik-araşdırma mərkəzləri fəaliyyət göstərməlidir. Həmin mərkəzlər nazirliyin daxili və xarici aləmlə əlaqələrinin inkişafı üçün çalışmalıdır. Belə olarsa, o zaman həmin nazirlik çevik fəaliyyət mexanizmlərini əldə edə bilir. İndiki çağda bu çox vacibdir. Unutmaq olmaz ki, XXI yüzil effektiv informasiya texnologiyaları ilə zəngindir. Bunun öhdəsindən bacarıqla gələ biləcək kadrların seçimi ən vacib şərtlərdən biridir. Biz İsrafil İsrafilovu yarıtmaz fəaliyyətinə görə hərtərəfli tənqid etdik. Məqsədimiz ölkənin mədəniyyət aləmində peşəkarlığı və çağdaş standartların yollarını ictimailəşdirmək idi. Keçmiş Sovetlər Birliyinin düşüncə tərzinin, inzibati amirlik metodunun nə qədər yalnış olduğunu cəmiyyətin özü də onun timsalında aydın şəkildə görmüş oldu.
–İfşaedici yazılarınızın təsiri oldumu?
–Mənim məqsədim kimsəni ifşa etməkdən ibarət olmayıb. Ona görə ki, bolşevizm deyilən xəstəliyə heç bir zaman yoluxmamışam. Əlbəttə bizim təhlillərimiz demək olar ki, bu sahədə öz təsdiqini tapmış oldu. Təhlillərimizdə gündəmə gətirdiyimiz problemlər demək olar ki, bir-bir öz həllini tapmağa başlayıb.
–O problemlər nədən ibarət idi?
–Bizim gündəmə gətirdiyimiz problemlərin sonucu kimi Akademik Milli Dram Teatrında baş rejissor və bədii rəhbər problemi həll olunub. Bundan savayı “elektron hökumət” dövlət proqramının tərkib hisssəsi qismində teatrın internet saytı fəaliyyət göstərməyə başlayıb. Bədii cəhətdən bir sıra zəif əsərlər repertuardan çıxarılıb. Təkcə Akademik Teatrı üçün deyil, ölkənin ən professional teatr sənayesi menecerləri öz iş yerlərinə geri qayıdıblar. Ölkənin ana teatrının səhnəsində musiqinin səsləndirilməsi yönündə mövcud olan texniki qüsurlar öz həllini tapmaqdadır. Hərfi və məntiqi mənası “ölüyə ağlayan” anlamını verən “Yuğ Teatrı”nın aktyorları öz teatrına geri dönüblər. Son beş ildə yoxa çıxmış avtobus indi teatrın qapısının ağzındadır. Bu gün sadalamaq istəmədiyim digər problemlərin də öz həllini tapacağına ümid edirəm.
–Bütün bunlara görə sizi İsrafil İsrafilov hətta məhkəməyə görə verdi.
–Bu dünya teatr sənəti tarixində “Ginnesin rekordlar kitabı”na düşmüş bir hadisə oldu. Tiflisdəki dostlarımın vasitəsilə müvafiq sənədləri də hazırlamşam. Teatr sənəti və onun təhlilləri yönündə yazılarımıza görə məhkəməyə verilməmi qoy bütün dünya bilsin. Belə bir rəzalətə görə məni məhkəməyə verən şəxsin intellektual səviyyəsi beləcə dünya tarixinə düşəcək. Teatrın estetikası haqqında təhlillərimizə görə məhkəməyə verilməyim elə İsrafil İsrafilovun ironik düşüncə tərzinin aynasına çevrildi.
–Sizə qarşı onu dəstəkləyən yazılar da dərc olunurdu. Həmin yazıların sifarişli olduğu qənaətində oldunuzmu?  
– Onlar bürokratiyanın ardınca sürünən qələm sahibləridirlər. 1911-ci ildə Üzeyir bəyin bir yazısına görə onu tənqid edən birisi yazmışdı ki: “Hüzeyir Hacıbəylinin yazılarından nəsə bir iy gəlir. Bu rəngin adı qırmızıdır”. Üzeyir bəy də ona cavab olaraq yazmışdı ki: “Həsən bəy cənablarından rica edirik ki, bir daha mənim yazılarımı iyləməsin”. Hərdən öz-özümə düşünürəm ki, müxtəlif KİV-lərdə mənə qarşı hədyanlar yazanlar görəsən vicdanlarından və qələmlərindən utanırlarmı?  Biz bu yazılarımızla əslində ölkə KİV-lərində proses yaratmağa çalışdıq. Mövcud problemləri göstərməklə yanaşı, onun həlli yollarını da işıqlandırdıq. Çağdaş dünya teatrının bədii-estetik yönlərinə mümkün qədər işıq saldıq. Kinli adam olmasam da, həmin müəllifləri heç bir zaman bağışlamayacam. Çünki, qərəzli olmaq, haqqı nahaqqa şüurlu şəkildə qurban vermək kimi vərdişlərə yiyələnmiş insanlar tarixən “donosbaz” olublar. Onlara ən böyük dərsi isə həyatın özü verir. Kimin vəzifə səlahiyyəti varsa, onlara yalmanmaq da görünür ayrıca bir peşədir.
–Bəzən sizin yazılarınızı təhlil edərək, köhnə fikirli adam olduğunuzu qeyd edirdilər.
–Onlar başa düşmürdülər ki, bu bir üslubdur. Çünki, obrazın xarakterik özəlliklərinin yorumu bunu tələb edirdi. Ancaq, o “donosbaz”lar zümrəsi, eləcə də İsrafil İsrafilovun özü bircə dəfə də olsun özlərinə məxsus KİV-lərdə yazdıqlarımı əks arqumentlə “ifşa” edə bilmədilər. Yəni yazdıqlarımın təkzibini gündəmə gətirmədilər. Məni məhkəməyə verən İsrafil İsrafilov bircə dəfə də olsun oraya gəlmədi. Vəkilini göndərməklə yetindi. O vəkilin də mədəniyyət və teatrdan başı çıxmırdı. Mən bütün məhkəmə proseslərində onu, yəni İsrafil İsrafilovu gözləyirdim. Üzbəüz onunla elə ədalətin qarşısında kimin haqlı olmasını ona sübut etməyə hazır idim. Bizim məhkəməmizdə hüquqi prosedurlara görə vəkilim, çox hörmətli və vicdanlı insan olan Şakir Həşimov, yaradıcılıq mələləsinə görə isə özüm çıxış edirdim. Təəssüflər olsun ki, sonda hakim Rəşid Səmədov ədalətli mövqe tutmadı. O, hətta Ədliyyə nazirliyinin məhkəmə ekspertinin rəylərinə belə məhəl qoymadı. Buna görə də apellyasiya şikayətini verməyə hazırlaşırıq. Bu dəfə isə İsrafil İsrafilovu özüm məhkəməyə verəcəyəm. Məhkəmənin qanunsuz qərarından sonra heç nə olmamış kimi vəkili mənə zəng edərək görüş istədi. Onun vəkili Nadir Qənbərov israr edirdi ki, İsrafil İsrafilovla görüşüm. Bunun səbəbini soruşduqda isə bildirdi ki, guya mənimlə “barışmaq” istəyir. Üç saatlıq görüşümüzdə vəkilinə başa salmağa çalışdım ki, mənim üçün İsrafil İsrafilov adlı problem yoxdur. Bütün yazılarımda onun yarıtmaz işini tənqid etmişım. Əgər hansısa səhvim var idisə, buyurub mətbuatda onları gündəmə gətirsin, deyə cavabını verdim.
–Akademik Milli Dram Teatrı ilə bağlı bundan sonra nə düşünürsünüz?
–Fikrimizcə, artıq buzlar əriməyə başlamışdır. Teatrın kollektivində səmimi münasibətlər yenidən öz yerini tapacaq. Peşəkar sənət başlıca meyara çevriləcək. Əsas odur ki, teatrın və mədəniyyətin inkişafına bürokratcasına əngəl olanlar uzaqlaşdırılıblar. İndi isə teatrda möhtəşəm inkişaf düsturu kimi, Bədii Şuranın yenidən yaradılması haqqında verilən ən doğru qərarı gözləmək lazımdır. Ölkəmizin professional rejissorlarının teatra cəlb edilməsi sayəsində yaradıcılıq axtarışlarının inkişafı bu prosesin irəliləməsinə möhtəşəmlik gətirəcək. Teatrda həvəskarlıq səviyyəsinin peşəkarlıqla əvəzlənməsi isə bütün bunlara nöqtə qoyacaq.
–Teatr və mədəniyyət sahəsindəki boşluqları doldurmaq necə mümkündür?
–İlk öncə qeyd etmək lazımdır ki, sənət bürokratiyanı sevmir. Sənət yaradıcılıq və onun azadlığı olan yerdə dəyərlidir. Bürokratiyanın inzibati amirlik metodu ilə idarə etmək siyasəti əsil rəzələtdir. Akademik Milli Dram Teatrında yaşanılan rəzalətin anatomiyasını görən sənət adamları elə buna görə etiraz edirdilər. Biz bütün yazılarımızda məhz bu rəzaləti ifaş edirdik. Təsəvvür edirsinizmi, 48 nəfər nüfuzlu dramaturq, rejissor, aktyor ölkənin mətbuatında yarıtmazlıqları ifşa edən mövzularla yazılar yazdılar, müsahibələr verdilər, münasibətlər və rəylər sərgilədilər. Ancaq, bütün bunlara qarşı dirənən İsrafil İsrafilov hər yerdə özünü haqlı sayırdı. Qupquru akademik ibarələrlə özü tərəfindən yaradılmış problemlərin həll edilməsinin qarşılığında hamını borclu çıxartmağa çalışırdı. Bu gün dünyanın mədəniyyət sahəsinin inkişaf mərhələlərini diqqətlə analiz edərək, onu özümlü bir biçimdə ölkəmizdə tərbiq edilməsinə nail olmalıyıq. Teatr, aktyor rejissor və dramaturgiya ilə bağlı tədris sistemi tamamilə dəyişməlidir. Sənətdə özünü doğrulda bilməyən istedadsız adamlar teatrlarda rəhbərliyə gətirilməməlidir. Bir qədər demokrat olmağı bacarmalıyıq. Özlərinin “atipik”, “apokalipktik” və “affektasiya” xarakteri ilə sənətə yanaşanlar hər zaman sənət üçün problem yaradırlar. Ən azından onlara Vudi Allenin “Xırda fırıldaqçılar” adlı əsərini oxumağı məsləhət görərdim. Ya da həmin filmə baxsalar bu daha yaxşı olardı.
Söhbətləşdi: Lalə Cəbrayıl