“Bu deputatlar o qədər harınlayıb ki, dövlət orqanlarını da saymırlar” – QUBAD İBADOĞLU

Baxış sayı:
5955

“Bu məsələ ciddi şəkldə dəyərləndirilməlidir”

Deputat İqbal Məmmədovun Lerik rayonunda yerləşən “Relaks” istirahət mərkəzinə gələn Vergilər Nazirliyinin əməkdaşlarının müqavimətlə üzləşməsi, onlara qanuni fəaliyyətinin həyata keçirilməsinə maneələr törədilməsi, vergi əməkdaşlarının əraziyə daxil olmasına imkan verilməməsi, hadisə yerinə gəlmiş Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarına belə məhəl qoymadan onlara fiziki güc tətbiq olunması ölkədə məmur, deputat sahibkarlığının özbaşnalığını, acı nəticələrini üzə çıxardı. Demək olar ki, son günlər sosial şəbəklərin və mətbuatın əsas “qəhrəman”ı deputat İqbal Məmmədovdur.  Ölkə gündəmində müzakirə olunan məhz bu hadisə ilə bağlı Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu mətbuata fikirlərini açıqlayıb.
Q. İbadoğlu deyib ki, bu hadisə Azərbaycandakı mövcud vəziyyəti göz önünə sərib: “Uzun zamandır ki, biz sizinlə bərabər Azərbaycandakı mövcud iqtisadi-siyasi durumu müzakirə edəkən gəldiyimiz əsas qənaətlərdən biri ondan ibarət idi ki, nə qədər Azərbaycanda siyasi hakimiyyətlə biznes hakimiyyəti bir yerdədir, o qədər də islahatlardan danışmağa dəymir. Aparılan hər hansı bir cari fəaliyyət xarakterli tədbirlərin də effekti olmayacaq. Biz bu gün bir daha gördük ki, Azərbaycanda məmur, deputat biznesi var. Üzr istəyirəm, bu biznesin sahibləri o qədər varlanıblar, harınlayıblar ki, hətta dövlət orqanlarını belə saya salmırlar. Biz bir daha gördük ki, Azərbaycanda həqiqətən ciddi islahatlara ehtiyac var. İlk növbədə, bu islahatlar siyasi hakimiyyətlə biznesin ayrılmasından başlamalıdır. Nə qədər Azərbaycanda vəzifədə olan dövlət məmuru, o cümlədən prezident, nazir, deputat, hakim, prokor bizneslə məşğul olur, bir o qədər Azərbaycanın gələcəyinə heç kəs nikbin yanaşmayacaq, nə investorlar bura gələcək, nə Azərbaycanda əhalinin yaşayışının yaxşılaşmasından, nə də ki, hər bir vətəndaşın layiqli həyatından danışa biləcəyik. Bizim malik olduğumuz sərvətləri, gəlirləri həmin o deputat və məmur sahibkarlar oğurlamaqla məşğul olurlar. Bu hadisə bir daha göstərdi ki, həqiqətən Azərbaycanda gizli iqtisadiyyatın səviyyəsi kifayət qədər yüksəkdir. Azərbaycanda vergidən, digər mənbələrdən mədaxilin aşağı olamasının əsas səbəbi ondan ibarətdir ki, hökmran mövqedə olan, inhisarçı fəaliyyət göstərən şirkətlər dövlət büdcəsinə vəsait ödəmirlər. Bu birinci və sonuncu məsələ deyil, 10 minlərlə elə müəssisələr var və bu, illərlə davam edir.  Eyni zamanda bu, İqbal Məmmədovun yeganə müəssisəsi deyil, bəlkə onun onlarla belə müəssisəsi var. Bu, heç də o demək ki, bu adam yalnız vergi ödəməsini həyata keçirməyib, bəlkə o adam işıq, qaz, su pulu da vermir. Hələ bu ortalığa çıxan vergi məsələsidir”.

“Bu gedişlə büdcəyə kim vəsait ödəcəyək?”

Q. İbadoğlunun sözlərinə görə, əgər məlum qarşıdurma olmasaydı, kimsə onu çəkib göstərməsəydi, hadisə ictimailəşməsəydi, hələ bundan sonra da davam edəcəkdi: “Baxmayaraq ki, ölkədə vergi orqanı da, elektrik enerjsinin, qazın, suyun satışı ilə məşğul olan dövlət orqanları da var, amma belə deputat sahibkarlara heç kəsin gücü çatmır. Hətta deputatlar burada balaca bir oyunçudurlar, bunların böyükləri də var.  Bəlkə bundan sonra böyüklərinin haqqında eşidəcəyik, danışacağıq. Bu hadisə ilə bəlli olur ki, həqiqən bu gün Azərbaycanda həm də ciddi idarəçilik problemi var. Bu, nə deməkdir? Əgər bu gün vergi orqanın nümayəndəsi polisin müşayəti ilə gedib obyektə girə bilmirsə və onu orada döyürləsə, söyürlərsə, indi vay bizim halmıza. Gör, biz sadə vətəndaşlar nə gündəyik də. Bizim paqonumuz, rütbəmiz, səlahiyyətmiz yox. Gör, biz hansı haqsızlıqlarla rastlaşırıq. Bu gün Azərbaycandakı mövcud reallıq bundan ibarətdir. Bu, sıradan bir hadisə deyil, ciddi bir hadisədir. Buna  ictimai, hüquqi qiymət verilməlidir və bizim vətəndaşlarımız da nəticə çıxarmalıdır. Nəticələr nədən ibarət olmalıdır? Birincisi, belə hadisələrlə bağlı məlumatlar mütləq ictimailəşməlidir. Yəqin ki, ictimailəşməsəydi, bundan sonra da ayda 6 manat 94 qəpik ödəməklə, oradan milyonlar qazanacaqdılar. Gör, indi onlar nə qədər insafsız, vicdansızdılar ki, qazandıqlarından büdcəyə də vəsait ödəmirlər ki, heç olmasa büdcədən təqaud, pensiya, sosial müavinət üçün mənbə olsun ki, sabah elan elədikləri minimum əmək haqqını, pensiyanı ödəyə bilsinlər. Bu gedişlə büdcəyə kim vəsait ödəcəyək? Bunun məmur, prokuror, deputat, nazir, prezident sahibkarı ödəmir, kim ödəyəcək büdcəyə pulu? Elə biz ömrü boyu neftdən gələn gəlirləri büdcəyə transfert eləyib, yeməklə və yaxud onu oğurlayıb, talamaqla məşğul olacağıq?”

“Nə qədər ki, gəlir bəyyaaməsi yoxdur vəsaitlərin oğurlanmsı,  gizlədiməsi davam edəcək”

Q. İbadoğlu onu da qeyd edib ki, dönə-dönə təkrar elədiyi bir məsələ var: “Azərbaycanda hər bir məmur, deputat, prokuror, hakim, nazir gəlirləri və əmlakı barəsində bəyyanəməni təqdim etməlidir və onu dərc etməlidirlər. İctimaiyyət üçün də bu məlumatlar əlçatan olmalıdır, bunu etmirlər. Nə qədər ki, bu yoxdur vəsaitlərin oğurlanmsı,  gizlədiməsi davam edəcək”.

“Belə qanun dünyanın heç bir ölkəsində yoxdur”

“Digər bir tərəfdən axı, nədən hansısa şikətin ödədiyi vergi barədə məlumat kommmesiya sirrinə daxil olmalıdır və onun açıqlanması qanunla yasaq olunmalıdır? Mən dünyada belə bir praktika, analoq görməməmişəm. Şəxsən mən özüm dəfələrlə Vegilə Nazirliyinə müraciət eləmişəm ki, mən istəyirəm biləm Azərbaycanda vergi ödəyən 10 şirkət hansıdır? Vergilər Nazirliyi mənə rəsmi cavab verib ki, biz bu məlumatı açıqlaya bilmərik. Çünki “Kommersiya Sirri” haqqında qanuna görə həmin məlumatların açıqlanması qadağandır. Həmin məlumatları ancaq şirkətlər özləri açıqlaya bilərlər. Belə qanun dünyanın heç bir ölkəsində yoxdur. Bəlkə Afrikada var, bilmirəm. Nədən bu qanun fəaliyyət göstərir? Çünki məmur, eyni zamanda deputat sahibkarın  imkanı var ki, belə qanunlar qəbul olunsun. Ona görə ki, oturub parlamentdə bilir ki, sabah vergi ödənişi ilə bağlı məlumatlar açıqlananda mən-Qubad İbadoğlu, siz-Sevinc Osmanqızı biləcəksiniz ki, bu şirkət dövlət büdcəsinə vergi ödəmir, amma milyonlar qazanır. O istirahət mərkəzinin, şirkətin xidmətlərindən istifadə etməyə sizin, mənim imkanım yoxdur. Bilirsiniz onlar nə qədər bahadır? Ora getmək 5 ulduz oteldə qalmaq kimi bir şeydir. Mən şəxsən orada nə istirahət eləmişəm, nə bir gün orada vaxt keçirmişəm. Çünki elə oranın ərazisinə daxil olmaq neçə yüz manat pul xərcləmək deməkdir. Yaxşı, bu qədər pullar xərclənir, vəsaitlər yığılır, sonradan da bəlli olur ki, dövlət büdcəsinə bir qəpik  ödənilmir. O istirahət mərkəzinin 14 hektar ərazisi var. Təsəvvür edirsiniz, hər sota görə 7 ay ərzində 70 qəpik, ay ərzində cəmi 10 qəpik pul ödəyiblər. Bunun yalnız mənfəət vergisindən söhbət getmir ki, bu torpaq vergisi, əlavə dəyər vergisi, ödəmə mənbəyindən vergi ödəməlidir. Təsəvvür edirsiniz, bir neçə növ vergi ödəyicisi olan istirahət mərkəzinin aylıq dövlət büdcəsinə ödənişləri hər obyektə görə 6 manat 94 qəpik edib və bütövlükdə o boyda istirahət mərkəzi ayda 138 manat pul ödəyib. Bu, nə deməkdir? Təbii ki, Azərbaycanda vergi intizamının pozulması var, vergi mədəniyyəti aşağıdır və eyni zamanda Azərbaycanda ayrı-ayrı oliqarxlar, məmurlar, deputatlar mövcud olan sərvətlərdən, gəlirlərdən bəhrələnirlər, fayda götürürlər, amma  əldə etdikləri qazancın cüzi bir hissəsini də Azərbaycanın büdcəsi ilə bölüşmürlər ki, büdcədən sosial məqsədlər üçün, hətta müdafiə məqsədi üçün vəsait ayrılır. Heç olmasa bu qədər pulu qazanan adam düşünməlidir ki, mənim ölkəm işğal altındadır, mən büdcəyə pul ödəyim, oradan müdafiəyə pul getsin ki, silahlı qüvvələrin möhkəmlənməsi üçün istifadə eləsinlər. Bu adamları nə xalq, nə dövlət, nə Qarabağ düşündürür, bu adamları düşündürən yeganə bir iş yalnız pul qazanmaqdır. Pulu qazanırlar, qazanırlar o qədər varlanrlar ki, sonradan bunların gözləri də tutulur və kor olurlar, heç  gələnləri də görümürlər, heç fərqinə varmırlar kim gəlib bunların qapısını döyüb, hamısını oradan qovurlar. Özü də iti qovan kimi qovurlar. Baxmırlar ki, bu vergi inspektorudur, polisdir, bunun rütbəsi var, bu dövlət orqanını təmsil edir. İndiyə kimi də belə işləyiblər”,-deyə iqtisadçı əlavə edib.

“Vergilər Nazirliyi belə yaxşı nazirlikdirsə, elə ora ötən ildən getməliydi, bu ildən yox”

Q. İbadoğlu hadisənin baş verməsinin bir səbəbini də açıqlayıb: “Bilirsiniz, bunlar nəyə görə harınlayblar? Çünki onlar qeyi-rəsmi ödənişlər ediblər. Bu barədə heç kəs danışmır. Çox güman ki, rəsmi  olaraq ayda 138 manat ödəsə də, amma qeyri-rəsmi olaraq kiminsə cibinə 1000 manat qoyub. Həmin o adam da deyib ki, “arxayın ol, naraht olma, bura heç kəs gəlməyəcək. Heç vergi inspektoru sənin obyektinin həndərvərinə də boylanmayacaq”. Ona görə də arxayın işləyibdi. Guya, ötən ilə nə vergi ödəyib ki?! Cəmisi 10 min manat vergi ödəyib. Aya böləndə heç 900 manat eləmir. Guya ki, ötən il vergi çox ödəmişdi, bu il az ödədiyinə görə Vergilər Nazirliyi şübhlənib, kameral yoxlamanın nəticəsində orada yoxlama aparıb. Vergilər Nazirliyi belə yaxşı nazirlikdirsə, elə ora ötən ildən getməliydi, bu ildən yox. Çünki ötən il o boyda obyektin ödədyi ayda 900 manat olub. Guya, onlar 900 manatla dövlət büdcəsinə müəyyən bir töhvə veriblər? Bu, bir daha sübut elədi ki, Azərbaycanda idarəçilik problemindən başqa, həm də daxildə qruplaşmalar və ixtilaflar var. Bu, ayrı-ayrı şərhlərdən görsənən bir məsələdir. Amma hələ də Vergilər Nazirliyi və prokurorluq istisna olmaqla, rəsmi şəkildə bu məsələyə ciddi münasibət yoxdur. Bu məsələ ciddi şəkldə dəyərləndirilməlidir. Bu, hələ xırda bir obyektidr. Mən bilirəm ki, Azərbaycanda böyük holdinqlər, hökmran mövqedə olan şirkətlər var, onlar da eyni siyasəti həyata keçirirlər. Çox az miqdarda dövlət  büdcəsinə vəsait ödəyirlər. Sadəcə adları o siyahıya düşsün deyə, aylıq  50-100 manat vəsait ödəyilər. Bu isə onların qazanclarının bəlkə milyonda biri qədərdir”.
Hazırladı: Şamo EMİN,
Hurriyyet.org