“BU CİNAYƏT İŞİNİN MƏNİMLƏ BAĞLILIĞI YOXDUR” - Cinayətdə ittiham olunan deputat

Xəbər verdiyimiz kimi, Hesablama Palatası Kollegiyası İqtisad Universitetində yoxlama materiallarının Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul edib. Yoxlama dövründə İqtisad Universitetinin rektoru vəzifəsini tutmuş millət vəkili Şəmsəddin Hacıyevin həbs oluna biləcəyi ehtimalları da məhz bundan sonra ortaya çıxıb.
Bu xəbərlərlə bağlı Unikal.org-a danışan Ş.Hacıyev yayılan məlumatların doğru olmadığını və şər-böhtan xarakteri daşıdığını deyib: “Barəmdə yayılan xəbərlər böhtandır. Sözügedən cinayət işinin mənimlə heç bir bağlılığı yoxdur. Hesab edirəm ki, mətbuat orqanları barəmdə dəqiqləşdirilməmiş informasiya verməməlidir”.
“Ümumiyyətlə, sözügedən məsələ ilə bağlı Baş Prokurorluqda dindirilmisinizmi”, sualımıza Ş.Hacıyev belə cavab verib: “Mən, bu məsələ ilə bağlı heç bir yerə dəvət olunmamışam və niyə də dəvət olunmalıyam ki? Hazırda YAP-ın təsis olunmasının 25 illiyi ilə məşğulam”.
Xatırladaq ki, Hesablama Palatası məhz Ş.Hacıyevin rəhbərliyi dövründə İqtisad Universitetində cinayət xarakterli halların olduğunu qeydə alır və materialları Baş Prokurorluğa təqdim edir. Ş.Hacıyev isə qətiyyətlə bildirir ki, bu cinayət işinin ona aidiyyatı yoxdur. Maraqlıdır, bəs kimə aidiyyatı var?…