"Bu bəyanat onu göstərir ki, hərb variantı üstünlük qazanmağa başlayıb”

Baxış sayı:
7753

ATƏT-in Minsk Qrupunun son bəyanatı bir neçə gündür ki, ölkə mətbuatında müzakirə olunur. Bəyanatın Azərbaycan üçün ciddi əhəmiyyəti vurğulanır. Bəyanatda Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağın təhlükəsizlik və özünüidarəetmə zəmanətlərini təmin edən müvəqqəti status, Ermənistanı Dağlıq Qarabağla birləşdirən bir dəhliz, Dağlıq Qarabağın qanuni məcburi iradə ifadəsi vasitəsilə son hüquqi statusunun müəyyənləşdirilməsi, bütün məcburi köçkünlərin və qaçqınların köhnə yaşayış yerlərinə qayıtmaq hüququ və sülhməramlı əməliyyatları daxil edəcək beynəlxalq təhlükəsizlik zəmanətləri vurğlanır.
Lakin burada Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılmasından başqa əhəmiyətli məqam yoxdur. Təəssüf ki, yerdə qalan məqamlar Ermənistanın lehinədir. Əvvəl Dağlıq Qarabağa təhlükəsizlik və özünüidarəetmə zəmanətlərini təmin edən müvəqqəti status verilməsi, sonra isə Dağlıq Qarabağın qanuni məcburi iradə ifadəsi vasitəsilə son hüquqi statusunun müəyyənləşdirilməsi o deməkdir ki, Dağlıq Qarabağda referendum keçiriləcək və Dağlıq Qarabağın hüquqi statusu müəyyənləşdiriləcək. Bu isə ermənilərə imkan verir ki, Dağlıq Qarabağa Azərbaycanın daxilində yüksək muxtariyyət statusu verilsin. Çünki əhali sayına görə Dağlıq Qarabağda ermənilərin azərbaycanlılardan sayca çox olması bu imkanı onlara yaratmış olacaq. Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhlizin olması isə Dağlıq Qarabağın gələcəkdə Ermənistana daha yaxın olması, hərtərəfli, hərbi-siyasi, iqtisadi əlaqələrin olması üçün ermənilərə vacibdir.
Bəyanatda eyni zamanda Dağlıq Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsi nəzərdə tutulur ki, burada Minsk Qrupunun üzvü olan Rusiyanın hərbçilərinin yerləşdirilməsi istisna deyil, bu da Dağlıq Qarabağda ermənilərə dəstəkdən başqa bir şey deyil. Bu baxımdan, bu bəyanatın Azərbaycan üçün böyük əhəmiyyət daşıdığını düşünməyə belə dəyməz.
Bəyanatda tərəflər mövcud vəziyyətdə dəyişiklik yarada biləcək açıqlamalardan və hərəkətlərdən, gələcək danışıqlar üçün şərtlər irəli sürməkdən və digər tərəfin razılığı olmadan formata dəyişikliklər tələb etməkdən və aktiv hərbi döyüşləri bərpa etmək çağırışından yayınmağa səslənib ki, bu fikirlər Ermənsitanı razı salmaya bilər. Çünki Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağın tərəf kimi danışıqlarda iştirak etməsi üçün dəridən-qabıqdan çıxır. Əslində, Paşinyan bununla Azərbaycan ictimaiyyətindən çox, özünü ölkə ictimaiyyətində gözündə fərqli düşünən, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni davranış sərgiləyən bir ölkə başçısı kimi təqdim etməyə çalışır.
Qeyd olunduğu kimi, bəyanatda Azərbaycanın lehinə iki məqam vurğulanıb ki, birincisi, Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılmasın, ikincisi, tərəfin razılığı olmadan formata dəyişikliklər tələb etməkdən yayınmağa səslənmək, əslində, qalan fikirlər birmənalı Ermənistanın xeyrinədir. Məhz buna görə də Minsk Qrupunun Azərbyacanın xeyrinə addım atmasını gözləmək mənasızdır. O baxımdan da Azərbaycanın torpaqlarını istədiyi şərtlər daxilində qaytarması üçün hərbi yolla həllindən başqa variant görünmür. Çünki şərtlərin Ermənistan lehinə olduğu ortadadır.
Bəyanatdan bu da aydın olur ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın yaxın zamanda görüşəcəklər. Çünki həmsədrlər 1 mart tarixli bəyanatlarında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın yaxın zamanda görüşmək qərarını alqışlayırlar.
Həmsədrlərin bəyanatında həmçinin qeyd edilir ki, onlar iki lider arasında həmsədrlərin təşkilatçılığı ilə keçiriləcək ilk birbaşa görüş üçün Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə birgə hazırlıqlar aparırlar. Amma hazırkı stiusiyada bu görüşün perspektivi də sullar doğurur. Çünki indiyədək prezident İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında 3 dəfə qeyri-rəsmi görüş olub, bu görüşlərdən sonra Paşinyan bilə-bilə ki, Azərbaycan Dağlı Qarabağı danışıqlarda tərəf kimi qəbul etməyəcək, buna baxmayaraq hər dəfə eyni fikirləri səsləndirib. O baxımdan, indiki stiasiyada rəsmi görüşün də perspektivləri görünmür.
 
“Bəyanat Ermənistanın ağzından vurulması baxımından müsbət əhəmiyyət daşıyır”

 
ATƏT-in Minsk Qrupunun son bəyanatı ilə əlaqadar ictimaiyyət arasında müzakirə olunan fikirlərlə bağlı keçmiş dövlət katibi, politoloq Qabil Hüseynli “Hürriyyət”ə dedi ki, bəyanatın mənfi və müsbət tərəfləri var: “Müsbət tərəfləri ondan ibarədir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanın baş naziri Paşinyanın danışıqlar prosesinin formatının dəyişdirmək haqqında təkliflərini birmənalı rədd edir və bildirir ki, 20 il bundan əvvəl hansı format qəbul edilibsə, o format da davam etdirilcək. Bu işin müsbət tərəfidir. Amma yenə də onların bəyantında bölgəyə sülhməramlı qüvvələrin gətirilməsi, ətraf rayonları boşaldırlarsa, Dağlıq Qarabağa status verilməsi, referendum ideyası və Dağlıq Qarabağ üçün müəyyən imtiyazlar vəd edən iddialar səslənməkdədir. Bax, bu, bir qədər adamı məyus edir. Amma bütövlükdə Ermənistanın ağzından vurulması baxımından müsbət əhəmiyyət daşıyır”.
 
“Azərbaycanın əleyinə olan məqamların bünövrəsi indi deyil, çoxdan qoyulub”
 
“Bəyanatda Azərbaycanı məyus edən məqamlar olsa da, Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bunu Ermənsitana bir siqnal hesab edir, bəyanatda Azərbaycanın əleyhinə fikirlər səslənirsə, bu cür düşünmək olar” sualına Q. Hüseynli belə cavab verdi: “Onsuz da Azərbaycanın əleyinə olan məqamların bünövrəsi indi deyil, çoxdan qoyulub. Ona görə də o məsələnin üzərində hələ ki, dayanmağa ehtiyac yoxdur. Amma bütövlükdə Ermənistana ciddi xəbərdarlıq olduğu düşünülür, mən də bunu bölüşürəm. Yəni deyilənlər əvvəlcədən Madird pirnsiplərində nəzərdə tutulmuşdu”.
 
“Mən hələ ki, prespektiv görə bilmirəm”
 
“Bəyanatdan aydın olur ki, ölkə başçıları yaxın vaxtda görüşəcək. Bu görüşün prespektivlərini görürsünüzmü” sualını isə Hüseynli belə cavablandırdı: “Mən hələ ki, prespektiv görə bilmirəm. Çünki Ermənistanın ATƏT-in Minsk Qrupunun bəyanatına cavabı bəlli deyil, üstəlik də Paşinyanın son sərsəmləməsi bir neçə gün bundan əvvəl baş verib. Ona görə də hələ ki, Ermənistanın mövqeyinin tam bizə bəlli olmadığı şəraitdə hər hansı proqnoz söyləmək xeyli çətinləşir, həm də Azərbaycan ordusu artıq bu gündən ayın 15-nə qədər çox böyük tərkibdə, silahlı qüvvələrin bütün növlərinin iştirakı ilə hücum xarakterli hərbi təlimlərə başlayıb. Bu təlimlər ordunun döyüşə hazırlıq vəziyyətini yoxlmaq və böyük hərəkətlərini tənzimləməkdən ibarətdir. Yəni bu, onu göstərir ki, gündəmdə hərb variantı üstünlük qazanmağa başlayıb”.
 
“Azərbaycan danışıqlar prosesinin başdan başlanmasını məqbul hesab edir”

 
“Bu bəynatda Azərbaycanı məyus edən məqamlar, yəni sülhməramlı qüvvələr, referendum ideyası varsa, Azərbaycanın danışıqları davam etdirməsi düzgündürmu” sualına gəlincə, Q. Hüseynli qeyd etdi ki, Azərbaycan onsuz da Minsk Qrupu həmsədrlərinin dediyi məsələlərə əvvəl etiraz bildirib: “Yəqin ki, danışıqılar başlayanda yenə də etirazını bildirəcək, ona görə də hədəfləri danışıqlar prosesinin başdan başlamasıdır, Azərbaycan danışıqlar prosesinin başdan başlanmasını məqbul hesab edir, Paşinyanın sərsəm bəyanatlarının aradan qaldırılmasını istəyir. Düşünürəm ki, ondan sonra hər şey yerini ala bilər. Nə etmək olar, sülhməramlı qüvvələr məsələsi əvvəldən gündəmdə olub, az qala razılşadırılıb, Azərbaycan sonradan bunları rədd etməyə başlayıb, danışıqlar başlaya ki, sonradan bu məsələlərin kompromis variantını axtarıb tapa”.
 
Şamo EMİN, Hurriyyet.org