Bu, Bakının mövqeyi nəticəsində baş tutdu - Ekspert

Baxış sayı:
4690

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya bütövlükdə region dövlətləri, bəlkə də dünya üçün önəmli bir hadisədir.

Bu sözləri axar.az-a Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması ilə bağlı danışan analitik Elçin Mirzəbəyli deyib. Analitik bildirib ki, bu beynəlxalq anlaşma təkcə Xəzərlə bağlı beş ölkə arasındakı münasibətləri deyil, eyni zamanda, Xəzərin hövzəsindən istifadə edən və yaxud da bu və ya digər şəkildə dənizdə hər hansı layihələri həyata keçirən dövlətlər və şirkətlər üçün də böyük önəm daşıyır:

“Bu hadisəni həmçinin Azərbaycanın böyük uğuru hesab etmək olar. Çünki məhz Azərbaycan prezidentinin uzun illərdir nümayiş etdirdiyi prinsipial mövqe nəticəsində Xəzərin hüquqi statusu beynəlxalq konvensiyalara uyğun olaraq həll olundu. Ümumiyyətlə, bu problemin ortaya çıxması ilə bağlı tarixi məqamlarda bəzi detallar var. Xəzər dənizinin statusu daha öncə SSRİ ilə İran arasındakı ortaq xəttə üzrə müəyyənləşdirilmişdi. Həmin dövrdə İranın Xəzər dənizindən istifadə ilə bağlı kifayət qədər ciddi məsuliyyətləri var idi. SSRİ dövründə - 1920, 1934 və 1940-cı illərdə bir neçə müqavilə imzalanmışdı. 80-cı illərdə isə SSRİ-də bütövlükdə Xəzərlə bağlı konstitusion müddəa qəbul olunmuşdu. Bunun əsasında isə Xəzərin ərazi sularından və təkindən istifadə ilə bağlı məqamlar öz əskini tapmışdı. SSRİ dağıldıqdan sonra Xəzərin hüquqi statusu yalnız dörd dövlət arasında müəyyənləşdirilməli idi. İranın bu prosesdə hər hansı bir formada iştirakına lüzum yox idi. Çünki SSRİ-nin hüquqi varisi olan Rusiya və SSRİ-dən öz müstəqilliyini əldə edən dövlətlər yalnız öz aralarında Xəzərlə bağlı müəyyən anlaşmaya gəlməli idilər. Məlum olduğu kimi Qazaxıstan, Rusiya və Azərbaycan arasında belə bir anlaşma var idi”.

Analitik vurğulayıb ki, Konvensiya Xəzəryanı ölkələr arasında qarşılıqlı iqtisadi fəaliyyət üçün geniş perspektivlər açır:

“Xəzər beynəlxalq dəniz konvensiyasına uyğun olaraq bölünüb. Çünki Xəzər dəniz konvensiyasına uyğun olaraq qapalı su hövzəsi sayılır. Qapalı su hövzələrində milli ərazilər dövlətlərin sərhədlərinin çıxıntılarından ortaq xətt üzrə müəyyənləşdirilir. İndiki şəraitdə də Xəzərin təki ilə bağlı qəbul edilən prinsip və normalar məhz belədir. Hesab edirəm ki, bu da Azərbaycanın prinsipial mövqeyi nəticəsində baş tutub. Digər faktor isə Xəzərdən bütövlükdə bir açıq dəniz kimi istifadə edilməsi ilə bağlıdır. Həmin məqam Xəzəryanı dövlətlər arasında ticarətə geniş imkanlar yarada bilər. Zənnimcə, bu, çox böyük bir uğurdur. Uzun illərdən sonra belə bir qərarın qəbul edilməsi, ən əsası isə Azərbaycanın bu prosesdə önəmli rol oynaması tarixi hadisə kimi qiymətləndirilməlidir”.