“Bu, Azərbaycanın altına dinamit qoymaq kimi bir şeydir” – QAFAR ÇAXMAQLI

Baxış sayı:
2462

“Biz öz türk adımızı ilk dəfə bu coğrafiyada özümüzə qaytardıq”

“Türkiyənin bölgədə fəallaşması ilə “beşinci kolon” özünü biruzə verdi…”

Məlum olduğu kimi, Qərbi Azərbaycan İrəvan Respublikasının (QAİR) adı iki gün əvvəl dəyişdirilərək İrəvan Türk Cümhuriyyəti oldu. Mətbuatın yazdığına görə, bu müzakirələr zamanı bəzi şəxslər açıq şəkildə QAİR-in adınınn dəyişdirilməsinə etiraz edib. Odur ki, bu və digər məsələlərə aydınlıq gətirmək üçün İrəvan Türk Cümhuriyyətinin (İTC) rəhbəri, professor Qafar Çaxmaqlı ilə söhbətləşdik.
- Qafar bəy, İrəvan xanlığının varisi  olan dövlətin elan olunmasından 3 ay keçdi. Bu dövlətin formalaşdırılmasında hansı addımlar atılmaqdadır?

- Şübhəsiz ki, biz ilk təşəbbüs qrupunu elan edəndən sonra çox ciddi şəkildə bu işi irəli götürmək üçün dövlətimizin strukturlaşmasını həyata keçirməyə və digər amillərə də əhəmiyyət verməyə başladıq. Respublikanın ortaya çıxışı ilə bağlı bir çox məqamlara aydınlıq gətirməyi də özümüzə borc bildik. Strukturlaşma başladı. Əvvəl Təşəbbüs Qrupu yaradılmışdı. Bu təşəbbüs qrupu respublikanı elan etdi, daha sonra bir Təşkilat Komitəsi meydana gətirdik. Bu təşkilat komitəsi daha sonra Millət Şurasına dönüşdürüldü. Onun içindən sədarət seçildi. Sədarət də bizim respublikanın müəyyən strukturlarının yaradılmasına başladı. Biz departament üsulunu daha uyğun gördük. İndi İrəvan Türk Cümhuriyyətinin 9 departamenti var. Bir departament də formalaşmaq üzrədir. Ondan başqa müxtəlif komissiyalar, mərkəzlər fəaliyyət göstərir. İrəvan bölgəsinin əhalisinin siyahıya alınması ilə bağlı bir institut yaratmışıq. Bu orqana da Əli Vəliyev rəhbərlik edir. Yəni biz başlanğıcdan 3 ay ərzində görülən işləri sadalasaq, bu həm də hesabat xarakteri daşıya bilər. Müəyyən işlər görmüşük. Bildiyiniz kimi, dövlətin bayrağı təsdiq olunub, gerbini qəbul etmişik. Bu da cəmiyyətimiz tərəfindən çox yaxşı qarşılanıb. Siz dediyiniz kimi ola bilər ki, fərqli fikirlər söyləyənlər olsun, amma biz bu düşüncədəyik ki, zaman içərisində müəyyən dəyişikliklərə gedilə bilər. Çünki İrəvan Türk Cümhuriyyəti yeni bir qurumdur, yeni təşkilatdır, yeni bir respublikadır. Sonrakı sualınız da yəqin onunla bağlı olardı ki, adın dəyişdirilməsi hansı zərurətdən yarandı. Siz də bizim tərkibdəsiniz. Bilirsiniz ki, Qərbi Azərbaycan İrəvan Respublikasını elan edəndən sonra biz bunu düzgün addım hesab edirdik. Amma sonra məlum oldu ki, Qərbi  Azərbaycan kəlməsinin özü bir az qarışıqlıq yarada bilər. Müəyyən hüquqşünaslarla məsləhətləşdik. Çünki indiki İran ərazisində Qərbi Azərbaycan ostandarlığı var və beynəlxalq təşkilatlara bizim müraciətlər edilərkən bir az qarışıqlıq yaranır. O bölgəni anlayırlar. Qərbi Azərbaycanın yanına bir İrəvan kəlməsini də artırmışdıq. Amma bu hər şeyi həll etmədi. Ona görə biz fikirləşdik ki, Qərbi Azərbaycan kəlməsi ilə İrəvan kəlməsi eyniyyət təşkil edir və eyni anlamı daşıyır, bu iki kəlmədən birini işlədək. Bu, həm də onunla əlaqələndirildi ki, biz indiki Ermənistana iddialarımızı ortaya qoyarkən əsas İrəvanın emənilərə verilməsi məsələsi ilə başlayırıq. Tələblərimiz bununla bağlıdır. Belə hesab etdik ki, İrəvan Türk Cümhuriyyəti daha uyğun addır. Bu ad dəyişimində başqa faktorlar da rol oynadı. Bu faktorlardan biri də İrəvan bölgəsinin onu ifadə etməsidir. Bildiyimiz kimi, İrəvan bölgəsi 16 mahaldan ibarətdir. Qərbi Azərbaycan deyərkən o ərazinin hamısı əhatə olunmur. İrəvan deyərkən daha geniş anlamda qəbul oluna bilər. Bəzi dostlarımız belə düşüncədə idilər ki, Qərbi Azərbaycan kəlməsi də qalsın, İrəvan kəlməsi də qalsın. Amma, bilirsiniz ki, biz demokratik bir ortamda qərarları qəbul edirik. Bütün insanların fikrini, rəyini nəzərə alırıq. Bizim ətrafımızda  olan insanların böyük əksəriyyəti bu qərarın tərəfdarı idi və biz bu məsələni sədarətdə bir neçə dəfə müzakirə etdik. Müzakirə nəticəsində bu qərara gəldik ki, adı İrəvan Türk Cümhuriyyəti olaraq dəyişdirək. İki gün əvvəl biz dəyişikliyi etdik. Mən belə hesab edirəm ki, bu gələcək fəaliyyətimizin istiqamətini də müəyyən edəcək.
- Yəni bu dövlətin hüquqi cəhətdən əsaslandırılması üçün ad dəyişikliyinə qərar verdiniz.
-Bəli, hüquqi cəhətdən əsaslandırılmasına görə bu qərarı verdik. Burada bir cəhət də var. Bir şeyi də “Hürriyyet TV”nin tamaşaçılarına çatdırmaq istəyirəm, əsas cəhətlərdən biri ondan ibarətdir ki, biz adətən deyirik, Ermənistan Qağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını işğal edib, burada ikinci bir erməni dövləti qurmaq istəyir, buna da yol verməyəcəyik. Dünyanın hazırki düzənində də bu mümkün deyil. Prezident İlham Əliyev də bu barədə dəfələrlə bildirib. Bu məsələ ona görə dünyanın gündəminə daşınır ki, millətlərə bir dəfə öz müqəddaratını təyin etmə haqqı verilir. Erməni xalqına da öz müqəddaratını təyin etmə haqqı verilib və Ermənistan dövləti qurulub. Biz əgər Qərbi Azərbaycanla bağlı bu addımları atsaq, gələcəkdə bizə eyni ittihamı irəli sürə bilərlər  ki, ikinci Azərbaycan dövlətinin qurmaq istəyirlər. Bu baxımdan, biz dövlətin adını dəyişikliyə məruz qoyduq və ola bilsin ki, türk kəlməsiylə bağlı əndişə duyanlar olsun. Amma burada da elə bir ciddi qəbahət yoxdur, çünki bizim əhalinin 99,9 faizi - indiki Ermənistan ərazisindən çıxarılan əhalinin əksəriyyəti türkdür, özlərini türk hesab edirlər. Hətta bizim bədxahlarımız belə onlara həmişə türk deyiblər. Bu, bizim adımızdır. Biz tarixi ədaləti gerçəkləşdirməli olduq, öz türk adımızı ilk dəfə bu coğrafiyada özümüzə qaytardıq. Mənə elə gəlir ki, bunu da Azərbaycanın ağıllı adamları, politoloqları son günlərdə yazdıqları məqalələrdə, paylaşımlarında belə də qiymətləndirirlər.
-Bu dövlətin içində Rusiyanın “5-ci kolon”una bağlı olan qüvvələrin mövcudluğu iddia olunur. Bu haqda nə deyə bilərsiniz?
-Bilirsinizmi, Rusiya Azərbaycandan getməmişdir. Bunu birmənalı olaraq belə qəbul etməliyik ki, Rusiya bu regionu öz nəzarətində saxlamaq üçün həmişə kəşfiyyat işləri aparır, bəzi imkan verdiyimiz şeylər var ki, Rusiya burada fəaldır. Mən bir misal çəkmək istəyirəm. Bir neçə il öncə Ermənistanda təhsil qanunu qəbul edilirdi və orada bir maddə var idi ki, xarici dildə dövlət məktəbi açıla bilər. Amma ermənilər ayağa qalxdılar, piket təşkil etdilər və o maddəni çıxardılar. Amma bizdə rus dilində, başqa dillərdə sərbəst şəkildə məktəblərin açılması var. Dəfələrlə qeyd olunub ki, bu, Azərbaycanın altına dinamit qoymaq kimi bir şeydir. Çünki hər şey milli dildə olmalıdır. Milli bir hökumət, milli bir respublika qururuqsa, bizim hər şeyimiz milli olmalıdır. Bu mənada mən belə hesab edirəm ki, Rusiya hələ Azərbaycandan getməmişdir. Buranı öz nəzarəti və təsiri altında saxlamaqdadır. Türk ordusunun bura gəlməsiylə bu məsələ yenidən Azərbaycan ictimaiyyətinin gündəminə daşındı. Bu da dorğu bir şeydir. Çünki Türkiyənin bölgədə fəallaşması ilə həmin o “beşinci kolon”un müəyyən mənada özünü aşkarlaması və biruzə verməsi baş verdi, onlar öz fikirlərini ortaya qoydular.
-Yəni onlar özlərini ifşa etdilər?
-Bəli, ifşa olundular. Biz onların üzərinə getməliyik və Azərbaycanı o qüvvələrdən təmizləməliyik. Azərbaycanın o təhlükələrdən qorunması üçün həmin qüvvələrin zərərsizləşdirilməsi lazımdır. Mən bu fikirdəyəm ki, türk ordusunun gəlib burada təlimlər keçirməsi bunu bir daha gündəmə gətirdi.
-Son vaxtlar Azərbaycanla Türkiyənin konfederasiyada birləşməsi haqda müzakirələr gedir. Bu haqda nə düşünürsünüz və bu amil İrəvan Türk Cümhuriyyətinə nə kimi təsir göstərəcək?
-Bu konsepsiyanı irəli sürənlərdən biri də mənəm. Mən həmişə bütün açıqlamalarımda bildirmişəm ki, Qarabağ məsələsini də həll etmək üçün biz Türkiyəni bu problemə yaxınlaşdırmalıyıq. Elə bir siyasət aparmalıyıq ki, Türkiyə bu işin içində olsun. Biz Dağlıq Qarabağ məsələsini Türkiyəsiz həll edə bilmərik. Bu mənada biz Türkiyə ilə konfederasiya məsələsinə getməyə qorxmamalıyıq, bundan çəkinməməliyik. Yəni konfederasiya o demək deyil ki, sən birləşdin, bütün hüquqlarını verdin ona.
- Çəkinənlər “beşinci kolon”un yetişdirdiyi qüvvələrdir...
-Bəli, biz nədən çəkinməliyik ki?! Konfederasiya o deməkdir ki, müəyyən məsələlərdə ortaq, birgə addımlar atırsan. Zatən də Türkiyə ilə Azərbaycan bir çox məsələlərdə, dünyanın müxtəlif təşkilatlarının daxilində birgə addımlar atır. Bu ortaq addımlar iki qardaş ölkənin bir-birinə dayağıdır. Ərazicə kiçik olsa,  Türkiyənin müəyyən prinsipial məsələlərində Azərbaycanın dəstəyinə ehtiyacı var. Təbii ki, Azərbaycanın da Türkiyəyə hərbi-siyasi, iqtisadi baxımdan daha çox ehtiyacı var. Türkiyə böyük gücdür, regionun ən böyük güclərindən birinə çevrilməkdədir. İndi Türkiyənin rolu artır. Bu mənada, bizim Cümhuriyyətin adından da bildirirəm ki, biz konfederasiya ideyasının gerçəkləşməsi üçün nə lazımdısa, dəstək verməyə hazırıq. Konfederasiya təhlükəli bir şey deyil. Biz konfederasiyaya getsək, Dağlıq Qarabağ məsələsi çox asanlıqla həll olunancaq.
-Bəs, bunun İrəvan Türk Cümhuriyyətinə təsiri necə ola bilər?
-Şübhəsiz, bizim əsas məqsədlərimizdən biri odur ki, Ermənistana Milli Şura tərəfindən 1918-ci ildə İrəvanın və Sovetlər tərəfindən verilmiş bir sıra ərazilərin Azərbaycana məxsusluğunu ortaya qoyaq. İrəvan Türk Cümhuriyyəti adı ilə çıxış edərək, bu torpaqları tələb edirik. Bu, bizim haqqımızdır və ərazi tələbidir. Çünki Ermənistan qurularkən 9 min kv.km-də qurulmuşdu, bu 9 min kv.km Sovet zamanında 29 min kv.km-ə qədər artırılmışdır. Demək, Azərbaycanın əraziləri hesabına olmuşdur. Çünki Azərbaycan Xalq Cümhuriyyəti zamanında 114 min kv.km olan ərazi sovet hökumətinin zamanında 86,4 min kv.km-ə düşmüşdür. Deməli, bizim ərazilərdən kəsilib, Ermənistana verilmişdir. Bizim bu əraziyə iddiamız var. Bu ərazilərin geri verilməsini istəyirik. Əlimizdə kifayət qədər hüquqi aktlar, sənədlər, 29 may tarixinə aid 3 saylı protokol var. 1947-ci ilin 23 dekabrında SSRİ Nazirlər Soveti tərəfindən verilmiş qərar var. Oradakı azərbaycanlıların köçürülməsi, Zəngəzurun verilməsi ilə bağlı sənədlər var. Qazax bölgəsinin də, Naxçıvanın da bəzi əraziləri verilmişdir. Bu məsələləri ortaya qoyacağıq və tələblərimizi beynəlxalq təşkilatlara göndərəcəyik. Amma ikinci tərəfdən də o bölgədə - bütün Qərbi Azərbaycan bölgəsində, İrəvan ərazisinin ətrafında olan bölgələrdə yaşayan əhalinin haqları var. Bu əhali heç bir hüquqi sənəd olmadan oradan köçürülmüşdür. Demək, onların rəyi nəzərə alınmamışdır. Bir referendum keçirilmədən bu əhali köçürülüb. İndi bu insanların sayı 4 milyondan da çoxdur, onların bir hissəsi Türkiyədə, Rusiyada, böyük bir hissəsi Azərbaycanda yaşayır. Bu əhalinin haqlarını və hüquqlarını müdafiə etmək üçün biz beynəlxalq təşkilatlara gedəcəyik, onların qapılarını döyəcəyik. Ermənistanı bu məsələyə məcbur edəcəyik. Çünki sürgün olunmuş və öz ərazilərindən çıxarılmış xalqlarla bağlı artıq qərarlar verilib. Onların geri dönüşü təmin olunur. Krım tatarları, çeçen-inquşlar, noqaylar, qaraçaylarla bağlı onların geri dönüş haqlarının tanınması məsələsi var. Ahıska türklərinin haqları tanınsa da, hələ Gürcüstan buna mane olur. Onların geri dönüşünü təmin etmir. Biz də eyni cür sürgünə, deportasiyaya məruz qalmış xalqıq. Biz bu haqlarımızı tələb etməiyik. Ermənistan bundan çox narahatdır.
- Bu narahatçılığını Paşinyan özü dilə gətirmişdi…
-Bəli, Paşinyan da Təhlükəsizlik Şurasında bu məsələni müzakirə edib. Rusiyadakı erməni yönümlü saytlar yazır. Erməni mətbuatı bu barədə tez-tez yazır və bunların narahat olmağı göstərir ki, biz düzgün yoldayıq. Hədəfə vurmuşuq və hədəfə vurmağa da davam edəcəyik. Bundan sonrakı fəaliyyətimizdə də biz bu ideyanı gerçəkləşdirmək, insanların beyninə yeritmək, yaşatmaq üçün var olacağıq, bu ideyanı gerçəkləşdirməyə çalışacağıq.
-Qafar bəy, Azərbaycanın Türkiyə ilə hərbi ittifaqda birləşməsi elə bir blok yaranmasına gətirib çıxara bilərmi ki, postsovet ölkələri, Yaxın Şərq və digər Asiya dövlətləri bu ittifaqa qoşulsun və Türk NATO-su kimi bir təşkilat yaransın?
-Bilirsiniz, Rusiyanın başını çəkdiyi KTMT var, NATO var. Azərbaycanla Türkiyə arasında hərbi ittifaq yoxdur, amma müəyyən sahələrdə əməkdaşlıq, hərbi təlimlərdə birgə iştirak var. Mən də çox istəyərəm ki, bu, bir hərbi ittifaqa çevrilsin. Öncə Türkiyə ilə Azərbaycan hərbi ittifaqda birləşməlidir, daha sonrakı mərhələdə Pakistan və Əfqanıstanın da bura qoşulmasını görə bilərik. Ukrayna da, Moldova da qoşula bilər. Daha öncə, xatırlayırsınızsa, Azərbaycanla Özbəkistanın birgə iştirak etdiyi bir iqtisadi əməkdaşlıq təşkilatı da var idi. Amma mənə elə gəlir ki, bu daha çox Azərbaycandan asılıdır. Azərbaycan istəsə, Türkiyə ilə birgə hərbi ittifaqın yaradılmasına gedər. Türkiyə ordusunun son yüz ildə qərarlı duruşla Azərbaycana gəlməsi həm dövlət başçıları, həm xarici işlər başçıları səviyyəsində Ermənistana dərs verilməsi göstərdi ki, biz tək deyilik. Bizim dayağımız Türkiyədir. Türkiyə ilə hərbi ittifaqa getmək Azərbaycanın xeyrinədir. Çünki Azərbaycan kiçik ölkədir və onun-bunun “gözü düşür” bu ölkəyə. Bunlara son qoymaq üçün Türkiyə ilə konfederativ birləşməni həll etməliyik. Bu gün etməsək, sabah yenə bu məsələ gündəmə gələcək.
Mən bura gəlməmişdən əvvəl keçən il bu vaxt “Yeni Müsavat” qəzetində dərc olunan yazımda bunun əsaslarını izah etmişdim ki, bunu necə edə bilərik. Türkiyədən nələr tələb oluna bilər, Azərbaycandan nələr tələb oluna bilər. Xalq eyni xalqdır, qardaş xalqdır. Ərazi də demək olar ki, bir-birinə bitişik ərazidir. Bizim parlament və Türkiyə Böyük Millət Məclisi toplaşıb, qərar versə, xalq buna yüz faiz dəstək verəcək.
-Necə düşünürsünüz, yeni dünya düzənində Türkiyə Avrasiyaya və Yaxın Şərqə uzanaraq yeni dünya gücü ola biləcəkmi?
- Şübhəsiz ki, Türkiyə Yaxın Şərqdə vazkeçilməz bir ölkədir. Əgər super güclər də Türkiyə ilə hesablaşmağa məcburdurlarsa - çünki Türkiyənin coğrafi yerləşməsi bunu tələb edir, bundan başqa Türkiyədə qərarlı hökumət də var. Bunu gerçəkləşdirmək üçün addımlar atır. Regiondan baş verənlərə biganə qalmır. Bizim Dağlıq Qarabağ problemi ilə Türkiyənin XİN-i Mövlud Çavuşoğlunun çıxışını dinləmişəm. Gördüm ki, bir erməni ona sual verir və o, biganə deyil. Çavuşoğlu ona dedi ki, siz dürüst olmalısınız. Siz Dağlıq Qarabağı işğal etmişiniz və bu ərazilərdən BMT-nin qətnamələri olsa da çıxmırsınız. Türkiyədən də dürüstülük tələb edirsiniz. Bizim dürüstlüyümüz budur ki, işğal etdiyiniz ərazilərdən çıxmalısınız. İttiham isə belə idi ki, Türkiyə Ermənistanla sərhədləri bağlı saxlayır və Ermənistana blokada tətbiq edir. Çox yaxşı da cavabını aldı ki, siz Dağlıq Qarabağı və ətraf əraziləri boşaltmadan sərhəd açıla bilməz. Bizim bu məsələdə prinsipial mövqeyimiz belədir. Türkiyənin Suriyada, Liviyada və digər ölkələrdə qərarlı addımları ölkənin nüfuzunu artırıb. Şübhəsiz ki, dünya bir-biri ilə anlaşmalı şəkildə inkişaf etməlidir. Türkiyə də bu rolunu yüksəltmək üçün bunun qayğısına qalmalıdır. Siyasətini müəyyən mənada yeni dövrə uyğun dizayn etməlidir. Mən bu fikirdəyəm ki, Türkiyə dünyanın ən böyük güclərindən biri olacaq. Bu, Azərbaycan üçün də eyni şeydir. Türkiyə güclüdürsə, Azərbaycan da güclüdür. Türkiyənin gücü bizim gücümüzdür.
Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA,
Hurriyyet.org