Bu avtomobillərin istismarı məhdudlaşdırılır

Baxış sayı:
10942

Ətraf mühitə və insan sağlamlığına mənfi təsirin azaldılması üçün ekoloji təmiz yanacaq növləri ilə işləyən avtomobillərdən istifadənin təşviq edilməsi, köhnə nəqliyyat vasitələrinin, xüsusilə də dizel mühərrikli avtomobillərin idxalının müəyyən dərəcədə məhdudlaşdırılması istiqamətində işlər görülür. Oxu.Az-ın məlumatına görə, bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə deyib. “Ekoloji cəhətdən təmiz avtomobillərdən (elektromobillər, hibrid avtomobillər, digər alternativ yanacaq növü ilə işləyən) istifadənin təşviq edilməsi işləri aparılır. Alternativ yanacaq növü kimi sıxılmış təbii qazı misal gətirmək olar. Bu, həm avtomobillərin təhlükəsiz istismarı, həm də atmosfer havasına atılan zərərli maddələrin miqdarının kəskin azalması üçün yaxşıdır. Bu da şəhərlərdə, böyük meqapolislərdə ətraf mühit üçün çox vacibdir. Bundan əlavə, sıxılmış təbii qaz digər yanacaq növləri ilə müqayisədə, daha ucuzdur və avtomobillərin istismar müddətini də artırır”, - o əlavə edib.