"Bu aparıcılar mənimlə necə danışırsa, küçə müğənnisiylə də o cür danışıb, ona da böyük sənətkar deyir"

Baxış sayı:
16432

"Mən özüm də o verilişlərdə iştirak etmişəm və görürəm ki, səviyyə, intellekt, maarifləndirmə var. Dövlət kanallarımızda dəvət aldığım bütün verilişlərə gedirəm"
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Möhlət Müslümov telekanallarımız haqda fikirlərini bölüşərkən deyib. M.Müslümov bu istiqamətdə uğurlu addımların atıldığını bildirib:
"Əgər telekanallarımızda gözəl veriliş yayımlanırsa, adi bir tamaşaçı kimi buna baxmağa haqqım var. Ailəmlə o verilişə baxa bilirəmsə, özüm və övladlarım maariflənirsə, sevə-sevə baxıram. Yox, əgər "üzdəniraq" verilişlər yayımalanırsa, buna baxmıram və ailəmə də icazə vermirəm belə verilişlərə baxsınlar. 
Bu gün dövlət kanallarımızda çox dəyişikliklər var, yeni-yeni verilişlər açılır. Mən özüm də o verilişlərdə iştirak etmişəm və görürəm ki, səviyyə, intellekt, maarifləndirmə var. Ümumiyyətlə, dövlət kanallarımızda dəvət aldığım bütün verilişlərə gedirəm. Bu gün insanlarımız da ciddi verilişlərə baxmaq üçün maraqlıdırlar. Artıq bayağı-şou verilişləri gözdən düşüb. Məsələn, elə bir uzaq bir yol gedirsən və birdən bataqlığa düşürsən onda adam geri qayıtmaq istəyir. Bu gün insanlarımızın da vəziyyəti o cürdür, artıq ciddi verilişlərə baxmaq üçün onlar geri qayıdırlar. Telekanallarımıza təyin olunan yeni rəhbərlər bu istiqamətdə düşünməyi bacarır və dövlət televiziyasında bu artıq hiss olunur. Ümumiyyətlə, bu istiqamətdə işlər yaxşılığa doğru gedir".
Xalq artisti özəl telekanallarımızın fəaliyyətindən danışarkən təəssüfləndiyini bildirib:
"Özəl kanallarımızda bu bayağılığı bir gündə yığışdırmaq çətindi. Məsələn, elə bil aylarla toz basmış evi bir gündə təmizləyirsən, bu, mümkün deyil, "belin qırılar". Bu cür telekanallarda köklü dəyişiklik olmalıdır. Jurnalist olmayan gəlib aparıcılıq edir, o, hələ bilmir ki, professionalla digər müğənniyə necə müraciət etməlidir, yəni bunlar arasında fərq qoymur. Mən Xalq artistiyəm və bu cür aparıcılar mənimlə necə danışırsa, küçə müğənnisiylə də o cür danışıb, ona da böyük sənətkar deyir. Əsəbiləşirəm belə şeyləri görəndə".