“Bu adamlar cəzasızlıqdan azğınlaşaraq, məni öldürəcəklər” – GÖYÇAY SAKİNİ ÖLÜMLƏ HƏDƏLƏNDİYİNİ DEYİR / Şikayət

Baxış sayı:
6310

Göyçay rayonu, Qaraməryəm kənd sakini Quliyev Səbuhi Faxrəddin oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Daxili işlər naziri Vilayət Eyvazova, baş prokuror Zakir Qaralova müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli Nazir və hörmətli Baş prokuror!
03.04.2020 -ci il tarixdə, təxminən saat 17-18 radələrində həmkəndlim Qasımov Fuad Nazim oğlu Qaraməryəm kəndində düşmənçilik niyyəti və məni öldürmək məqsədilə idarə etdiyi "Priora" markalı avtomobillə məni vuraraq xəsarət yetirmişdir. Bundan sonra Qasımov Fuad Nazim oğlu, qardaşı Qasımov Cavid Nazim oğlu, atası Qasımov Nazim Mürsəl oğlu, yaxın dostları Abdullayev İntiqam Səhliyar oğlu, qudaları Xəlilov Ceyhun Xəlil oğlu və yaxın qohumları Fərəcullayev İlkin Cəbrayıl oğlu köməksiz vəziyyətdə olarkən məni amansızcasına döyərək sol qolumun mil sümüyünü və sol əlimi iki hissədən sındırıb, bədənimin müxtəlif nahiyələrinə həyat üçün təhlükə yaradan xəsarətlər yetirmişlər. Gecə ilə qəza törətdikləri avtomobili polisdən gizlədərək, mağazalarındakı satıcısı və yaxın qohumu olan Fərəcullayev Namiq Rafael oğlunun həyətinə salmış və sınmış işıq farasını dəyişmişlər.
Məni döydükdən sonra isə, mənə məxsus telefonu cibimdən götürərək ekranını sındırıblar. Hətta həmin telefonumu onlardan alıb gətirən şəxs də şahid kimi bunu qeyd edir.
Onların törətdikləri bu cinayət Qaraməryəm kəndində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin müşahidə kamerasında qeydə alınmışdır. Adlarını qeyd etdiyim şəxslərin mənə qarşı cinayət törətmələrini təsdiq edən konkret subutlar var.
Bu hadisə ilə bağlı həmin şəxslər Göyçay Rayon Polis Şöbəsində bir neçə saat saxlandıqdan sonra sərbəst buraxılmışlar. Sərbəst buraxıldıqdan sonra isə, həmin şəxslər məni tüfənglə atıb öldürəcəkləri ilə hədələyirlər. Bu cinayətin təşkilatçısı isə Qasımov Fuad Nazim oğludur. Fuad Qasımov imkanlı şəxsdir, onun çoxlu sayda ticarət obyektləri var. Geniş imkanları sayəsində belə cinayətlər törədib, insanların gözünün odunu alır.
Hazırda qorxu, həyacan içində yaşayıram. Çünki belə bir təhlükəli cinayəti törədən şəxsin sərbəst buraxılması heç bir məsuliyyətə cəlb edilməməsi və məni ölümlə hədələməsi onun dahada ağır cinayətlər törədəcəyinə şərait yaratmış olacaq.
Hörmətli Nazir və Baş prokuror, məsələni dərhal nəzarətinizə götürməyinizi və təcili təxirəsalınmaz tədbirlər görməyinizi sizlərdən xahiş edirəm. Əks təqdirdə, bu adamlar cəzasızlıqdan azğınlaşaraq, məni öldürəcəklər”.


Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.