​"Bu açıqlama gözlənilən idi" - Jalə Əliyeva

Baxış sayı:
3187

"ATƏT-in Demokratik təsisatlar və insan hüquqları bürosu, ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının bu açıqlaması gözlənilən idi. Çünki seçkilərə start verilməmişdən əvvəl də onlar öncəgörmələrini bildirirdilər”.
Bu sözləri açıqlamasında millət vəkili Jalə Əliyeva ATƏT-in müşahidə missiyasının Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı hesabatını şərh edərkən deyib.
Onun sözlərinə görə, təşkilat seçkilərdən əvvəl də əsassız fikirlərini dünya ictimaiyyəti və Azərbaycan xalqına təbliğ etməyə çalışırdı:
“ATƏT-in müşahidə missiyasının bu cür qərəzli açıqlamasının heç bir əsası yoxdur. Çünki ölkəmizdə Prezident seçkilərini çoxlu sayda beynəlxalq təşkilatların nümayəndələri, bir çox xarici ölkələrin parlament təmsilçiləri izləyirdi. Onların hamısının yekdil fikri, eləcə də, ayrı-ayrılıqda verdiklərini açıqlamalarda da əsas fikir seçkilərin tam açıq, şəffaf, demokratik bir şəkildə keçirilməsi olub. Həmin çıxışlarda hər bir vətəndaşın açıq şəkildə seçkilərdə iştirak etdiyi, hər bir namizədə də istər təşviqat dövrü, istərsə də seçki günü bərabər imkanın yaradıldığı vurğulanır. Belə olan halda ATƏT-in bu cür açıqlaması birmənalı olaraq ölkəmizə, Azərbaycandakı siyasi prosesə qarşı düşünülmüş, əvvəlcədən hazırlanmış bir hesabatdır. ATƏT-in bu açıqlaması ümumilikdə ölkəmizə qarşı həyata keçirilən qərəzli mövqeyin ayrılmaz hissəsidir. Əgər bu qədər ədalətlidirlərsə, o zaman illərdir heç bir şəkildə həllini tapmayan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı eyni ədalət nümayiş etdirsinlər”.
Qeyd edək ki, təşkilatın bu gün açıqladığı hesabatında seçkilərin məhdud siyasi mühit, qeyri-şəffaf şəkildə keçirildiyi, prosedurlara riayyət edilmədiyi iddia edilir.