“BU, AÇIQ-AŞKAR AZƏRBAYCANA MEYDAN OXUMAQDIR” – “Putinlə görüşdən dərhal sonra…”

Baxış sayı:
3163

“Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə əlaqədar Nikol Paşinyanın bəyanatı regionda yeni siyasi vəziyyətin yarandığını və problemin dinc yolla həllinin dalana dirəndiyini göstərir. Bu, açıq-aşkar Azərbaycana meydan oxumaqdır. Putinlə görüşdən dərhal sonra belə bir bəyanatın səsləndirilməsi çoxlu suallar doğurur. Yaxın günlərdə yəqin ki, biz bunun hansı məqsədlə gündəmə gətirilməsinin səbəblərini və arxasında nələrin dayandığını görə biləcəyik”.

“AzPolitika.info”-nun məlumatına görə, bunları Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi, polkovnik Eldar Sabiroğlu Ermənistanın baş naziri Nikol Paşinyanın son bəyanatına münasibət bildirərkən deyib. N.Paşinyan Moskvaya səfəri zamanı Rusiyadakı bir qrup erməni biznesmenləri ilə görüşündə deyib: “Dağlıq Qarabağ respublikası gələcəkdə erməni ərazilərinin tamhüquqlu tərkib hissəsi olmalıdır”.

E.Sabiroğlunun fikrincə, Paşinyanın bu bəyanatı Ermənistan tərəfinin müharibəyə hazırlığından xəbər verir: “Son 20 ildə Ermənistan rəhbərliyinin belə mövqe ilə çıxış etməsini xatırlamıram. Ardınca Ermənistanda yerləşən daxili qoşunların böyük təntənə ilə Qarabağa yola salınması və təmas xəttində dislokasiya edilməsi döyüş hazırlığının əlaməti kimi diqqəti cəlb edır. Buna qədər də Ermənistandakı hərbi gücdən istifadə edilib, bu, yeni bir şey deyil. Lakin düşmən çalışırdı ki, bunu gizli saxlasın və döyüşün “DQR”-ə məxsus olan ordu tərəfindən aparıldığına dünyanı inandıra bilsin. Bu məkrli planın üzərindən örtüyü götürən Ermənistanın yeni hökumət rəhbərinin beynəlxalq ictimaiyyətin gözü qarşısında bu cür siyasi bəyanatla gündəmi yükləməsi o deməkdir ki, bu adamın problemin sülh yolu ilə həllini yaxına buraxmaq fikri yoxdur. Burası artıq aydındır. Aydın olmayan və narahatlıq doğuran başqa bir məsələ vardır ki, bunun üzərindən sükutla keçmək sadəcə mümkün deyil. Bu mənada beynəlxalq təşkilatların, Azərbaycanın ərazi bütövlüyünü tanıyan nüfuzlu dünya dövlətlərinin səsini çıxarmamasi ikili standartlardan da o tərəfədir. İkiüzlülük yaxşı sözdür… Belə çıxır ki, hər şey kağız üzərindədir!?”

E.Sabiroğlu diqqəti ATƏT-in Minsk Qrupunun susmasına cəlb edir: “Harada it-bata düşub bilinmir. Ümumiyyətlə, indiyəcən Azərbaycanın haqq işinin həll edilməməsinin əsas baiskarları sırasında bu təşkilatın xüsusi payı vardır. Müdafiə Nazirliyində xidmət etdiyim illərdə görüşlərin iştirakçısı kimi dəfələrlə MQ-nun riyakar mövqeyinin şahidi olmuşam. Burda bir söz, İrəvanda başqa söz deyirdilər. Varlıgı ilə yoxluğu bilinməyən belə təşkilatın ziyanı xeyrindən qat-qat çoxdur. Bu barədə düşunməyin artıq vaxtıdır”.