​BTQ ilə yola salınan ilk qatar QARSA ÇATDI

Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu ilə hərəkət edən ilk yük qatarı bu gün səhər saatlarında Qarsa çatıb.
Muxalifət.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, oktyabrın 24-də Qazaxıstandan çıxan taxılla yüklənmiş 32 konteynerdən ibarət qatar Azərbaycandan Qarsa 40 saata çatıb.
Həmin qatarın son təyinat məntəqəsi Türkiyənin Mersin şəhəri olacaq.
Qatar ilə Qarsa qədər səyahət edən Türkiyə Dəmiryolu İdarəsinin müdiri Veysi Kurt qatarın 856 km yol qət etdiyini deyib:
“Azərbaycandan Qarsa 40 saata gəldik. Heç bir əskiklik olmazsa, Qarsdan Mersinə qədər olan 1258 km yolu da 40 saata qət etməyi planlaşdırırıq. Qazaxıstandan yola çıxan qatar ümumi olaraq 4700 km yol qət edib.
Bu layihə qitələri bir-birinə birləşdirdiyinə görə bütün ölkələr üçün faydalı olacaq. Çindən Avropaya qədər uzanan Dəmir İpək Yolu Avrasiyanın yeni koridoru olacaq”.
Qeyd edək ki, 3 qonşu ölkənin ortaq layihəsi olaraq inşa edilən dəmir yolunun 259 km-lik hissəsi Gürcüstündan, 503 km-lik hissəsi Azərbaycandan, 76 km-lik hissəsi isə Türkiyədən keçir.
Oktyabrın 30-da BTQ dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistanın Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistandan nümayəndə heyətləri mərasimdə iştirak ediblər.