BƏŞƏR ƏSƏD AMERİKANI İFŞA ETDİ - “Suriyada yüzlərlə yox, minlərlə hərbçisi var”

Baxış sayı:
3108

Suriya Ərəb Respublikasının prezidenti Bəşər Əsəd Çinin “Feniks” (Phoenix) telekanalına müsahibəsində Suriyada yüzlərlə yox, minlərlə Amerika hərbçisinin olduğunu söyləyib. Bəşər Əsəd söyləyib ki, amerikalı siyasətçilər qəsdən əsl rəqəmi gizlədib kiçildərək, pasifistləri (müharibə əleyhdarlarını) əsəbiləşdirməmək üçün Suriyada yüzlərlə ABŞ hərbçisinin olduğunu deyirlər, müharibəpərəst lobbinin "xətrini xoş eləmək” lazım gələndə isə bir neçə min nəfər hərbçidən danışırlar. Bəşər Əsəd deyib: “Amerika rejimi əhəmiyyətli dərəcədə “Bləkvotə” (Blackwater) tipli özəl hərbi şirkətlərə arxalanır. Belə ki, onların Suriyada bir neçə min amerikalı əsgəri varsa, bununla yanaşı, daha bir neçə min – bəlkə də on min mülki vətəndaşı var ki, onlar da bu özəl hərbi şirkətlərdə işləyərək Suriyada döyüşürlər. Ona görə də, dəqiq rəqəmi müəyyənləşdirmək çətindir. Lakin bu rəqəmin bir neçə min nəfər olduğu bəllidir”. ABŞ Hərbi Qüvvələrinin qərargahları sədrlərinin birləşmiş komitəsinin başçısı general Mark Milli bu yaxınlarda Suriyada 500-600 Amerika hərbçisinin qalacağını bəyan eləmişdi. ABŞ prezidenti Donald Tramp isə Türkiyənin Suriyanın şimal-şərqində YPG terrorçularına qarşı keçirdiyi əməliyyatın fonunda amerikalı hərbçilərin Suriyadan çıxarılacağını, onların yalnız ölkənin şərqininin neftlə zəngin rayonlarında qalacağını və neft mədənlərinə nəzarət məsələsində YPG yaraqlarına kömək edəcəklərini bəyan eləmişdi./Hurriyyet.org