“Bəsdir, məsuliyyətsizlik etdiniz, sizə görə həkimlərimiz ölür!” – TƏBİB-dən ETİRAZ

Baxış sayı:
1336

“Artıq həqiqətən dözmürəm. Bəsdir, məsuliyyətsizlik etdiniz! Kanallardan birindən zəng ediblər, deyirlər ki, müxbirimiz 4-5 gündür ki, yüksək qızdırma ilə işə gəlib-gedir. Deyirəm, niyə 103-ə məlumat vermir? Niyə gəzir ortalarda? Deyilir ki, karantində işləmək üçün ancaq onun adı verilib axı… Bu nə eqoistlikdir axı?”

Muxalifet.az yenisabah.az-a istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva deyib. O bildirib ki, insanlar pandemiya məsələsinə olduqca etinasız yanaşırlar:

“O gün birində pozitiv çıxıb, güclə yoldaşı və oğlundan test götürülüb, nəticəni gözləyin demişik. 5ci gün zəng vurmuşam ki, oğlun pozitivdir. Deyir ki, onun heç nəyi yoxdur, yığışıb uşaqlarla rayona çıxdılar. Niyə belə eqoistik? Axı xəstəliyi niyə camaatın uşağına keçirməlidir? Bəlkə aralarında hansısa yanaşı xəstəliyi olan var? Bəlkə qaldıra bilməyəcək və kiminsə ölümünə səbəb olacaqsız? Elə bir-birinə qoşulub gedənlərdə də günah var. Nə bilirsiniz ki, sabah mənimlə yoldaş olub uzaq yola bir maşında çıxsanız, mən daşıyıcı deyiləm, mən xəstə deyiləm? Niyə hər kəs məsuliyyətini dərk etmir? İndicə bir kanaldan zəng ediblər: “Bacım tibb bacısıdır, 3 gündür qızdırmalıdır, rentgen edib pnevmoniyası var, özünə sistem qoşub evdə müalicə edir, amma ağırlaşıb, xahiş edirəm, kömək edin”. Dəfələrlə demişik ki, evdə müalicəyə qalxmayın! Ağırlaşıb gəlirsiniz, sonu pis nəticələnir, yenə də günahkar həkimlər olur. Əvvəldən də demişdik ki, qaydalara riayət edin, məsuliyyətli olun. Heç bir qabaqcıl ölkənin səhiyyəsi bu pandemiyaya tab gətirmir. İtaliya, İspaniya kimi ölkələr ilk gündən başlı-başına buraxdı, Rusiyada ilk günlər xəstəxanadan oksigen balonunu əlinə verib xəstəni evə yola salınanlar olmuşdu. Bizdə isə simptomsuzlar belə dövlət tərəfindən nəzarətə götürülüb izolyasiya edilirdi. Bəli, kimlərsə deyəcək ki, sosial şəbəkələrdə bu qədər postlar var, aparmağa gecikirsiniz. Bu vəziyyətin gəlməməsi üçün özümüzü öldürürdük. Buna baxmayaraq, yenə də hər hansı bir halı görən kimi dərhal reaksiya veririk”.

Rəvanə Əliyeva virusa inanmayanlardan da söz açıb: “İnanmıram” deyənlər çoxdur dostluğumda, ələ salanlar da eləcə… Lap yaxınlarımdan da bunu yazanlar var. Bizim sizin kimi məsuliyyəti olmayan eqoistlərə görə gecə-gündüzümüz, istirahətimiz yoxdur. Bu müddətdə o qədər “inanmıram” deyib, sonra hansısa yaxını üçün yalvaranlar oldu ki… Testin nəticəsi hələ bəlli olmadan “xahiş edirəm, yerləşdirin xəstəxanaya” deyənlər… Mütləq özümüzə çatanda inanmalıyıq?! Mən istəmirəm sizin kimi məsuliyyətini dərk etməyən vətəndaşlara görə mənim əzizlərimə virus gəlib çatsın. Yuxarıda sadaladığım halların hər birinin əsasında heç nə vecinə olmayan, xəstəliyi yayan insanın məsuliyyətsizliyi durur. Kimlərsə “inanmıram” deyərək sahibi olduğu restoranının, kafesinin durumunu qurtarmaqçün insanları inanmamağa səsləyən postlar paylaşırsa, bu eqoistlikdir. Yazıb ələ saldığınız, insanları yalanlarınıza inandırmaq istədiyiniz məsələlərin hər birinə cavabım var, amma sizlərlə burada söz güləşdirməkdənsə, 1 dəqiqə belə vaxt itirmədən ölümlə savaşan insanlara kömək etməyi üstün tuturam. Bircə şey deyim, nəyəsə həqiqətən inanmırsınızsa, inancınızı özünüzdə saxlayın, bilib-bilmədən hər şeydən mütəxəssis kimi danışmayın, heç də yaxşı görünmürsünüz. Yenə deyirəm, bu rejimdə gecə-gündüz işləməyə ilin sonuna qədər razıyam, təki əzizlərimə bir zərər dəymədən bu bəladan qurtulaq. Nə bu rejimdə işlədiyimə görə artıq pul almıram, nə də hər “koronavirus xəstəsi” tapılanda… Bəli, mən qorxuram, koronavirusdan qorxuram, özümə görə yox, yaxınlarıma görə qorxuram. Siz də bir zəhmət, inanmasanız belə, maska taxaraq, məsafə gözləyərək, işiniz olmayanda küçəyə çıxmayaraq inanmayın. Sizin həftəsonu istirahətinizə görə insanların sağlamlığı təhlükəyə düşməli deyil! Ən əsası, sizə görə həkimlərimiz ölür!”.