​“Bəs batan televiziyalarımızı kim itələyəcək?” – MİRŞAHİN AĞAYEVDƏN MARAQLI STATUS

Baxış sayı:
3090

Hər bir qonşu dövlətdə baş verən hadisələr Azərbaycanda böyük maraqla izlənilir. Ən azı ona görə ki, bu ölkələrdə yaşanan proseslərin, yaxşı və ya pis olmasından asılı olmayaraq, Azərbaycana da təsir imkanı var. Bu, ümumiyyətlə bütün qonşulara xas xüsusiyyətdir. Odur ki, son günlər İran İslam Respublikasında baş verən hadisələrin ölkəmizdə ciddi müzakirələrə səbəb olması heç də təsadüfi deyil.
Amma təəssüf ki, Azərbaycan vətəndaşları bu hadisələrlə bağlı informasiyaları ilk mənbədən əldə etmək imkanından məhrumdur. Biz bu haqda əsasən Qərb, Rusiya və ən yaxşı halda Türkiyə mediasından məlumat əldə edirik ki, bu informasiyalar da əksər hallarda bir-biri ilə ziddiyyət təşkil edir. O cümlədən sosial şəbəkələrdə də hadisələr müəyyən maraqlara uyğun şəkildə ötürülür ki, adam həmin ziddiyyətli xəbərlərin altında “itib-batır”.
Əsl həqiqəti verməli olan televiziyalarımız isə... Yox, yaxşısı budur bu haqda daha peşəkar jurnalistin dilindən fikir eşidək. Tanınmış jurnalist Mirşahin Ağayev İran hadisələri ilə bağlı Facebook statusunda aşağıdakıları yazıb:
"...  İran İslam Respublikasında nə baş verir? Kim baş verir? Hörmətli televiziya kanallarımız! Bəlkə bir “Bismillah” edəsiniz? Göstərəsiniz nəsə? Nəyi gözləyirsiniz? Gözləyirsiniz ki, yenə ANS başlasın, siz də kölgəsini qılınclayasınız, mənə televiziya dərsi keçə, peşəkarlıqdan vəzzariyyat oxuyasınız? Göstərmir ANS! Və ya ANS bu gün sizi, bacarığınızı, “cəsarətinizi göstərir”.
Baxdım, çox sağ olun. Bir göstərdiniz Ermənistanda qar yağıb, bir-iki maşın batıb, onları da itələyirlər. Əla! Bəs bizim qarda batan, itkin düşən alpinistlərimiz? Hanı hadisə rayonundan hər saatdanbir verilməli olan qaynar xəbərləriniz?! Bəs batan televiziyalarımızı kim itələyəcək?"

Təbii ki, Mirşahin Ağayevin bu faktı dilə gətirməsi heç də əsassız deyil. Ən azı ona görə ki, bu gün Tehranda müəyyən qüvvələr İran hadisələrində Azərbaycanı ittiham etdikləri halda belə, televiziyalarımız dövlətimizin maraqlarını müdafiə etməyi lazım bilmir, bunun əksinə, bayramda qazandıqları pulların təsiri altında gecə-gündüz çal-çağırla məşğuldurlar. Məhz bu baxımdan da M.Ağayevin məlum statusuna haqq qazandırmamaq olmur.

Əlbəttə, tanınmış jurnalistin bu statusu ilə təkcə televiziyaları hədəfə almadığı da bəllidir. Çünki, kim bilməsə də, o, yaxşı bilir ki, Azərbaycan televziyaları hara qədər sərbəstdir və onlar üçün “qırmızı xətt” hardan başlayır. Necə ki, ANS məhz o “qırmızı xətti” keçdiyi üçün rəhbərliyin qəzəbinə səbəb oldu. Görünür, Mirşahin Ağayevin bu açıqlaması həm də məhz ANS-in bağlanılması göstərişini verən məmurlara ünvanlanıb. Yəqin bununla demək istəyir ki, Azərbaycan “lal ördəklər” funksiyasını yerinə yetirən bu televiziyalarla çox da uzağa gedə bilməz, bizim müstəqil və dövlət maraqlarını müdafiə edən telekanallara ehtiyacımız var...

Muxalifet.az

P.S. Şübhəsiz, ANS-in fəaliyyəti müddətində hər zaman xalqın maraqlarına xidmət etdiyini düşünmək də sadəlövhlük olar. Əksinə, sözügedən telekanalın da zaman-zaman xalqın maraqları üzərində oyun qurduğu və məhz bu gün ölkədə medianın “ölüm fərmanı”nı verən qüvvələri müdafiə edən telekanalların başında durduğu unudulmayıb. Lakin bütün bunlar bu gün M.Ağayevin haqsız olduğu anlamına gəlmir...