Bərzani: "Yeganə çıxış yolu müstəqillikdir"

 Şimali İraq Kürd Muxtariyyatının sədri Məsut Bərzani yeni açıqlama verib.
 
Bərzani mərkəzi hökumətlə yaranan problemlərin yeganə həll yolu kimi müstəqilliyi gördüyünü bildirib.
BƏƏS rejiminin 1983-cü ildə Bərzani tayfasından 8 min nəfəri qətlə yetirməsinin 34-cü il dönümü ilə əlaqədar keçirilən tədbirdə çıxış edən Məsut Bərzani Bağdad və Ərbil arasındakı problemlər və müstəqillik referendumu haqqında danışıb.
İraq mərkəzi hökuməti ilə Şimali İraq Kürd Muxtariyyatı arasındakı münasibətləri 2003-cü ildən əvvələ və sonraya bölən Bərzani ikinci dövrə adi deyib:
"2003-cü ildən sonra baş verən prosesdə İraq konstitusiyasının hazırlanması və tətbiq edilməsində biz kürdlər böyük rol oynadıq. Amma belə bir sual ortaya çıxır: Bağdad bu konstitusiyaya nə qədər bağlı qaldı? Nə konstitusiyaya bağlı qaldılar, nə də 140-cı maddə tətbiq edildi. Bu maddə tətbiq edilsəydi, bir çox problem bu gün ortaya çıxmazdı. Peşmərgənin silahlandırılması və büdcəsinin təmin edilməsinin qarşısı kəsildi. Bu konstitusiyada nəzərdə tutulmuşu və bu mövzuda razılıq əldə edilmişdi. İŞİD Kürdistana hücum edəndə böyük problemlə qarşılaşdıq. Çünki nə silahımız, nə də cəbbəxanamız var idi. Bağdad bizə nə silah verdi, nə də silah almağa kömək etdi".
Bərzani 2016-cı ilin sentyabr ayında Bağdada səfərindən də danışıb: "Baş nazir və digər rəsmi şəxslərlə görüşdük. Onlara artıq birlikdə yaşaya bilməyəcəyimizi söylədim. Onlara qonşu olmağı təklif etdim. Amma kimsə məni ciddi qəbul etmədi. Xalqımız 25 sentyabrda seçkilərdə səsini verərək müqəddəratını həll edəcək".