​Bərzani Bağdadı dialoqa çağırdı – İbadi “Yalnız nəticələr ləğv ediləcəyi təqdirdə” dedi

İraq ordusunun hərbi əməlyyatları qarşısında geri çəkilmək məcburiyyətində qalan Bərzani İraq hökuməti ilə dialoqa başlaya bilmək üçün “atəşkəs və referendumun nəticələrini dondurmağı” təklif edib.
Hurriyyet.org xəbər verir ki, İraq Kürd Regional İdarəsinin yaydığı yazılı açıqlamada deyilir: “İraq və Kürdüstanın qarşı-qarşıya olduğu təhlükəli vəziyyətin İraq qüvvələri ikə peşmərgə arasında atışmaya səbəb olmaması üçün hər kəs tarixi məsuliyyət daşıyır. İraq qüvvələri ilə peşmərgə arasında bu günə qədər baş verən döyüşlər iki tərəfin də itki verməsinə  səbəb olub ki, bu, qanlı bir müharibəyə də səbəb ola bilər və iraqlılar arasındakı sosial bağlılığı dağıda bilər”.
Açıqlamada “İraq Kürd Regional İdarəsinin və İraq xalqının mənafeləri naminə” İraq hökuməti və dünya ictimaiyyətinə “Atəşkəsin təmin edilməsi və İraq Kürd Regional İdarəsindəki bütün hərbi əməliyyatların təcili şəkildə dayandırılması, 25 sentyabrda keçirilən referendumun nəticələrinin dondurulması və İKRİ ilə mərkəzi hakimiyyət arasında İraq Konsitutsiyası əsasında dialoqun başladılması” təklif edilib.
Digər tərəfdən isə, Türkiyəyə rəsmi səfərə gedən İraqın baş naziri Heydər əl-İbadi referendumun nəticələrinin dondurulacağı deyil, ləğv edləcəyi təqdirdə dialoq qapısının açıla biləcəyini bildirib.