BRÜSSEL SAMMİTİ AZƏRBAYCANA NƏ QAZANDIRDI?

 Natiq Miri: “Bu sammit Azərbaycan üçün formalitədən başqa bir şey deyil”
 
“Ermənistanın Avropa Birliyi ilə strateji yöndə saziş imzalaması Azərbaycan və digər ölkələr üçün müəyyən mənada gözlənilməz olsa da, uzağa gedən nəticələrin çıxardılması da dorğu deyil”
 
Noyabrın 24-də Brüsseldə keçirilən Avropa Birliyinin (AB) “Şərq Tərəfdaşlığı” sammiti başa çatsa da, sammitin yekun bəyannaməsi hələ də müzakirə olunmaqdadır. Hansı ki, Azərbaycan prezidenti İlham Əliyevin də qatıldığı sammitin yekun bəyannaməsində ölkəmiz də daxil, bütün tərəfdaş ölkələrin ərazi bütövlüyünün toxunulmazlığı bir daha təsbit edildi. Bunu Azərbaycan telekanalları və politoloqlar da çox yüksək dəyərləndirdi.  Sənədə ərazi bütövlüyümüzü şübhə altına alacaq bəndin, yəni xalqların öz müqəddaratını təyinetmə prinsipinin daxil edilməməsi xüsusi vurğulandı ki, bu, Azərbaycan üçün xüsusi önəm daşıyır.
 
“Sammit Ermənistanın Avropa Birlyi ilə genişləndirilmiş saziş imzalaması ilə yadda qaldı”

Avropa “Şərq Tərəfdaşlıq” sammitinin formal xarakter daşıdığın düşünən politoloq Natiq Miri “Hürriyyət”ə bildirdi ki, Azərbaycan da bu prosesin içində müəyyən mənada rol almalı idi: “Bu təmsilçilik formal xarakter daşıyırdı. Bu sammit yalnız Ermənistanın Avropa Birlyi ilə genişləndirilmiş əməkdaşlıq kontekstində saziş imzalaması ilə yadda qaldı. Bundan başqa sammit elə bir xüsusi nəticələrlə yadda qalmadı. Ermənistanın Avropa Birliyi ilə strateji yöndə saziş imzalaması Azərbaycan və digər ölkələr üçün müəyyən mənada gözlənilməz olsa da, uzağa gedən nəticələrin çıxardılması da dorğu deyil. Çünki bu sazişin imzalanmasına qədər Rusiya tərəfindən dəfələrlə Ermənistan prezidenti və xarici işlər naziri Kremlə çağırıldı və bu sazişin bütün müddəaları təhlil olundu. Demək olar ki, tam zərəsizləşdirildi, elə bir vəziyyətə gətirildi ki, imzalanan bu saziş çərçivəsində Rusiyanın geosiyasi maraqlarını təhdid edə biləcək heç bir müddəa qalmadı. O baxımdan, bu saziş əməkdaşlıqda daha da dərinləşdirməni nəzərdə tutmuş olsa belə, mən Ermənistanın ciddi surətdə Avropa Birliyinə inteqrasiyasının mümkün olacağını düşünmürəm. Çünki bəzi ekspertlər düşünür ki, ola bilsin, bu sazişin imzalanması ilə gələcəkdə Avropa Birliyinin yardımı ilə Ermənistan Azərbaycan tərəfindən qurulmuş iqtisadi blokadanı yara bilər. Düşünürəm ki, Azərbaycan üçün belə bir təhlükə yoxdur. Çünki Ermənistanla imzalanan sazişdə azad ticarət zonasında bərabərhüquqlu dövlət olaraq iştirakı nəzərdə tutulmur. Ermənistan Rusiyanın rəhbərlik etdiyi Avrasiya Birliyinin üzvü olduğu üçün Avropa Birliyinin ərazisində bazara müdaxilə imkanları verən azad ticarət zonasında iştirakı qadağan edilir. Çünki eyni anda iki azad ticarət zonasında iştirak etmək mümkünsüzdür. Ona görə də azad ticarət zonasında iştirak etmədən Ermənistanın gələcəkdə iqtisadiyyatının inkişaf edəcəyi və iqtisadi cəhətdən blokadanı yaracağını düşünmək mənə elə gəlir ki, ağılsızlıq olardı. O baxımdan, Ermənistanın Avropa Birliyi ilə imzaladığı bu sazişi o qədər də böyütmək lazım deyil”.
 
“Ermənistan kağız üzərində müstəqil dövlət olmuş olsa belə, Rusiyanın hələ də bir əyaləti sayılır”

N.Miri onu da qeyd etdi ki, Avropa Birliyi ilə Ermənistanın əməkdaşlığı dərinləşdirmək və münasibətləri yüksək səviyyəyə daşımaqla yanaşı, bu sazişin hədəflərindən biri də demokratiya, insan hüquqları və demokratik institutların inkişafıdır: “Ancaq nəzərə alaq ki, Ermənistan avtoritarizimin nüvəsi olan Rusiyanın ipini çəkdiyi bir ittifaqa üzv dövlətdir. Ermənistan kağız üzərində müstəqil dövlət olmuş olsa belə, Rusiyanın hələ də bir əyaləti sayılır. Rusiya istəmədikcə Ermənistanda demokratiyanın bərqərar olmasını görmək mümkün olmayacaq. Ona görə də  imzalanan sazişdə bir çox müddəalar sadəcə kağız üzərində qalacaq”.
 
“Avropa Birliyinin digər münaqişələrə münasibəti necədirsə, Azərbaycanın ərazi bütövlüyünə münasibəti eyni olmalıdır”

“Azərbaycan da bu yöndə sənəd imzalamaq üçün Avropa Birliyi ilə danışıqlar aparır. Təbii ki, bu məsələdə qarşılıqlı olaraq bir çox iddialar var ki, hələ də bu iddialar təmin olunmadığı üçün bu sazişi imzalamaq mümkün olmayıb. Təbii ki, bu məsələdə Azərbaycanın haqlı olaraq istəkləri var. Avropa Birliyinin digər münaqişələrə münasibəti necədirsə, Dağlıq Qarabağ probleminə, Azərbaycanın ərazi bütövlüyünə münasibəti də eyni olmalıdır. Post-sovet məkanında, yəni Gürcüstan, Ukrayna və Moldovada olan münaqişələrə Avropa Birliyi ərazi bütövlüyü çərçivəsində yanaşır, amma Dağlıq Qarabağ məsələsinə gələndə “ərazi bütövlüyü” ilə bir-birinə zidd olan “xalqların öz müqəddaratını təyinetmə prinsipi” paralel yürüdülür. Bu da məhz problemin həll olunmasının qarşısında ən böyük əngəllərdən biridir. Azərbaycan tələb edir ki, Dağlıq Qarabağ münaqişəsinə də beynəlxalq hüquqda digər münaqişələrə yanaşıldığı kimi eyni prinsipial yanaşılsın və ərazi bütövlüyü əsas sayılsın”, - dedi politoloq.
 
“Hələ də Azərbaycanın ərazi bütövlüyü prinsipi xalqların öz müqəddaratını təyinatı prinsipi ilə paralel yürüyür”

“Sizin dediklərinizin əksinə, politoloqlar sammitin nəticələrini yüksək qiymətləndirir, Avropa Birliyinin Azərbaycanın ərazi bütövlüyünü təsbit etdiyini və xalqların öz müqəddaratını təyinetmə prinsipinin sənədə daxil olmadığını qeyd edirlər” fikrinə N. Miri belə münasibət bildirdi: “ Bu sammitin yekun bəyannaməsinə düşən formal olaraq bir bəyanatdır. Gəlin, görək, biz bunu birbaşa Dağlıq Qarabağ münaqişəsinin həllində prinsipial yanaşmada görürükmü?! Bu gün Dağlıq Qarabağ probleminin müzakirəsi gündəmdədir. Azərbaycan və Ermənistan prezidentlərinin son görüşündə məsələyə prinsipial yanaşmada ərazi bütövlüyü  prinsipial olaraq təkcə götürüldümü?! Götürülmədi. Hələ də xalqların öz müqəddaratını təyinatı prinsipi paralel yürüyür. Azərbaycanın da istəyi budur. Baxın, NATO-nun da bütün sammitlərində yekun bəyannaməsində birmənalı olaraq bu münqişələrdə dövlətlərin ərazi bütövlüyü məsələsi əsas götürülür. Bu, formal olaraq belədir. Ancaq Dağlıq Qarabağ probleminin həlli məsələsi ortalığa çıxan kimi, nədənsə, bu məsələyə prinsipial yanaşma nəzərdə tutulmur, xaqların öz müqəddəratı təyinatı paralel yürüyür. Söhbət bundan gedir. Sözdə Avropa Birlyinin keçirdiyi beşinci “Şərq Tərəfdaşlıq” sammitinin bəyannaməsində dövlətlərin ərazi bütölüyü əsas götürülür. Ancaq bəyannamədə göstərilən bu müddəanın Dağlıq Qarabağ probleminə birbaşa sirayət etməsi görsənirmi?! Görsənmir. Söhbət bundan gedir ki, Avropa Birliyi bu məsələyə prinsipial yanaşmalıdır, ikili deyil. Ermənistan prezidenti də dəfələrlə həm BMT tribunasından, həm digər beynəlxalq tribunalardan birmənalı çıxış edərək deyir ki, “Dağlıq Qarabağ problemi yalnız xalqların öz müqəddaratı təyinatı prinsipi çərçivəsində həllini tapmalıdır, bunun alternativi yoxdur”. Buna dünya çapında “yox” deyən heç bir təşkilat yoxdur. Baxmayaraq ki, sammitdə bəyannamədə belə bir müddəa qəbul olundu. Ancaq bu, birbaşa münaqişəyə sirayət edirmi? Xeyr, sirayət etmir. Bunun özü ikili standartdır”.
 
“Azərbaycanla işğalçı Ermənistan arasında hələ də bərabərlik işarəsi durur”

“Azərbaycan televiziyaları da Brüssel sammitini Ermənistan üzərində Azərbaycanın diplomatik qələbəsi kimi dəyərləndirirlər. Sizcə, bu həqiqətən belədirmi” sualını N.Miri belə cavablandırdı: “Hansı qalibiyyətdən söhbət gedir? Dağlıq Qarabağ problemi həll olundumu? Və yaxud 5 nəfərin yaşaya biləcəyi bir yaşayış məntəqəsi azad olundumu? Bu, daxili auditoriya üçün düşünülmüş süni qələbələrdən başqa bir şey deyil, onlar boş-boş şeylərdir. Belədirsə, onda imkan verin Avropa Birliyi birmənalı Ermənistandan tələb etsin ki, bundan sonra sülh danışıqları yalnız ərazi bütövlüyü çərçivəsində aparılacaq. Niyə bununla bağlı açıqlama vermirlər? BMT-nin mandatı ilə yaradılan ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri niyə bu məsələdə hər hansı bir açıqlama vermirlər? Niyə hələ də həmsədr dövlətlərin təşkil etdiyi sülh masasında bu iki prinsip, yəni xalqların öz müqəddaratnı təyinetmə prinsipi ilə ərazi bütövlüyü prinsipləri paralel yürüyür? Ona görə də hansı qalibiyyətdən söhbət gedə bilər? Bunların hamısı boş-boş “qalibiyyətlər”, fərziyyələrdir. Bu, danışıqlar masasına birbaşa sirayət etməyənə və  Ermənistandan birbaşa tələb edilməyənə qədər heç bir qalibiyyətdən söhbət gedə bilməz. Ona görə, dünən, yəni 25 il əvvəl də, bu gün, yəni sammitdən sonra da Azərbaycanla işğalçı Ermənistan arasında hələ də bərabərlik işarəsi durur. Bizim ən böyük problemimiz budur. Avropa Birliyinin adının çəkilməsini istəməyən bir rəsmisi Azərbaycan mediasına belə bir açıqlama vermişdi ki, “siz Avropa Birliyindən nəyi tələb edirsiniz? Dağlıq Qarabağ problemini Avropa Birliyi yaradıb ki, Avropa Birliyi də həll etsin?”. Bəyannamədə birmənalı olaraq ərazi bütövlüyü məsələsi göstərilmişdisə, bu açıqlamanı hara yazaq? Bunlar hamısı boş-boş fərziyyələrdən başqa bir şey deyil”.
 
“Azərbaycan bir erməni naziri həbs edərsə, Avropa Birliyinin Azərbaycanın üzərinə gəlməyən bir ölkəsi qalmaz”

N.Miri son günlərdə yaşanan Kataloniya hadisəsinə də diqqət yetirdi: “Kataloniya Avropa Birliyinin dağılması üçün böyük bir təhlükə yaradacaqdı deyə ərazi bütövlüyü və İspaniyanın bu yöndəki Konstitusiyası əsas tutuldu. Hətta onlarla Kataloniyanın naziri həbs olundu, bir nəfərdən səs çıxmadı. Ancaq bu gün Azərbaycan bir erməni naziri həbs edərsə, həmin Avropa Birliyinin Azərbaycanın üzərinə gəlməyən bir ölkəsi qalmaz. Bunlar hamısı deyilən sözlərdən başqa bir şey deyil. Mən bunları işlərdə, əməldə görmək istərdim. Ona görə, deyirəm ki, bu sammit Azərbaycan üçün formalitədən başqa bir şey deyil”.