Britaniyalı şahzadənin həyatında Rusiya izi - Harri və Meqanı rus oliqarxı ilə nə bağlayır...

Baxış sayı:
846

Böyük Britaniyada hazırda ən populyar isimlər şahzadə Harri və onun xanımı Meqan sayılır. Demək olar ki, hər gün onlar haqqında yeni xəbərlər ortaya çıxır.

“The Times” qəzetinin yazdığına görə, kral ailəsi hazırda Şimali Amerikaya köçməyə hazırlaşan gənc cütlüyə Kanadada malikanəsini verən rusiyalı bir oliqarxın adını gizlətməyə çalışır. Həmin biznesmenin texnologiyalar sahəsində çalışdığı bilinir.

Qəzetdə verilən məlumata əsasən, Sasseks hersoqu (Harrinin krallıq titulu) və xanımının Kanada səfəri haqqında qərar iki həftə öncə qəbul olunub. Burada onlar Vankuver adasında, dəniz sahilində Millie Fleurs adlı 10,5 milyon funt-sterlinq dəyərində evə yerləşməlidirlər. Lakin yalnız ən zəngin insanların məskunlaşdığı bu eksklüziv rayonda həmin daşınmaz əmlakın əsl sahibinin kim olduğu açıqlanmır. Bircə o bəllidir ki, kompleksdəki 27 obyektin hamısı “Towner Bay Country” klubuna məxsusdur. Yəni alıcılar burada birbaşa evi almırlar, sadəcə öz paylarına görə kluba pul ödəyirlər.

Qəzetin daşınmaz əmlak üzrə agentlikdəki mənbələri şahzadə və xanımının qalacağı evin vaxtilə 58 yaşlı rus iş adamı, yəhudi fizik Yuri Milnerə məxsus olduğunu deyiblər. Həmin şəxs yüksək texnologiyalara sərməyə qoyuluşu ilə tanınır.

Gələn informasiyalarda Harri və Meqanın Yuri Milnerlə musiqi prodüseri Devid Foster vasilətsilə tanış olduğu göstərilir. Sonuncunun xanımı Ketrin Makfi Meqan Marklın məktəbdən sinif yoldaşı sayılır.

Devid Foster Yuri Milnerlə tanışlığını təsdiqləsə də, onun məhz həmin evə sahibliyini inkar edib.

Yuri Milnerin və onun “DST Global” şirkətinin adı isə çirkli pulların yuyulması ilə əlaqədar məşhur “Panama işi”ndə hallandırılır. Rusiyalı oliqarxın hökumət pullarından istifadə edərək texnologiya şirkətlərinin səhmlərini əldə etdiyi qeyd olunur./musavat.com