Britaniya XİN-nin rəhbəri Brexit vaxtının təxirə salınması imkanlarını istisna etmir

Baxış sayı:
6316

Britaniya Parlamentinin İcmalar Palatası Brexitə bir neçə gün qalmış sazişi qəbul etsə, ölkənin Avropa İttifaqının tərkibindən martın 29-na planlaşdırılan çıxışı bir müddət təxirə salına bilər.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Birləşmiş Krallığın xarici işlər naziri Ceremi Hant BBC-nin 4-cü radio kanalında efirə gedən “Today” proqramına müsahibəsində bildirib.
“Mən hesab edirəm ki, biz sazişi martın 29-na bir neçə gün qalmış təsdiqləsək, mühüm qanunverici aktı həyata keçirmək üçün əlavə vaxta ehtiyacımız ola bilər. Əgər irəliləyişə daha əvvəl nail olsaq, çox güman ki, buna ehtiyac qalmayacaq”, - deyə nazir qeyd edib. Onun sözlərinə görə, hazırkı reallıq nəzərə alınarsa, Londonla Brüssel arasında danışıqların martın sonlarına qədər davam etməsi variantı mümkündür.
Qeyd edək ki, Brexit üzrə saziş İcmalar Palatasından keçdikdən sonra Parlamentin Yuxarı Palatasının – Lordlar Palatasının dəstəyini qazanmalı və kraliça II Elizabet tərəfindən imzalanmalıdır. Buna isə müəyyən vaxt lazım gələcək.