​Britaniya mətbuatı: Türkiyə Trampa “kürd şərti” qoyur

Türkiyə ABŞ-ın yeni administrasiyası ilə əməkdaşlığın şərtlərini səsləndirib və Donald Trampdan Amerikanın Suriya kürdlərinin silahlandırmasının dayadırılmasını gözlədiyini bildirib.
"The Guardian" yazır ki,  Vashington Suriya kürdlərini dəstəkləsə də, onların silahlandırılması barədə iddiaları təkzib edir.
"Birləşmiş Ştatlar imkan verməməlidir ki, hansısa bir terrorçu təşkilat bizim strateji partnyorluğumuza kölgə salsın" - deyib Türkiyənin baş naziri Binali Yıldırım parlament qarşısındakı çıxışında.
Vashington Suriya Demokratik Qüvvələrinin (SDQ) əksəriyyətini təşkil edən kürd YPG silahlı birləşməsinə Suriyada İslam Dövləti adlanan təşkilata qarşı mübarizədə ən səmərəli element kimi baxır.
"The Guardian" yazır ki, ABŞ-da prezident seçilmiş Donald Tramp özünün İD məsələsindəki mövqeyini və kürdləri müttəfiq sayıb-saymadığını hələlik bildirməyib.
ABŞ rəsmiləri ötən sentyabrda SDQ-ni yüngül silahlarla təchiz etdiklərini etiraf etmişdilər, lakin bildirmişdilər ki, silahlar SDQ tərkibindəki ərəb döyüşçülərə verilir.
Bu həftə Vashington bir daha bəyan edib ki, YPG-yə silah vermir.
Lakin Türkiyənin xarici işlər naziri Mövlüt Çavuşoğlu israr edir ki, onun hökuməti bunun əksini sübut edən sənədlərə malikdir. "Bunu bütün dünya bilir" - deyib Çavuşoğlu.
Bundan əvvəl Türkiyə başçısı Rəcəb Tayyib Erdoğan demişdi ki, onda olan dəlillərə görə silah daşıyan ABŞ təyyarələri kürdlərin nəzarətində olan Kobanidə enişlər edir.
Ankara YPG-ni Türkiyənin öz ərazisində dövlətlə silahlı mübarizə aparan PKK-dən fərqləndirmir.
YPG-yə bağlı kürd rəsmiləri isə deyirlər ki, ABŞ İŞİD-in istehkamı olan Raqqaya hücum edəcəkləri təqdirdə kürdləri silahlarla təchiz edəcəyi barədə vəd verib.
Ötən bazar ertəsi Suriyanın qiyamçı qrupları bəyan ediblər ki, Suriya hökuməti və onun İran tərəfindən dəstəklənən müttəfiqləri atəşkəsi pozmaqda davam edərlərsə, onlar Rusiyanın Qazaxıstanda keçirməyi planlaşdırdığı sülh danışıqlarında iştirak etməyəcəklər.
Qiyamçı qruplaşmalar deyirlər ki, Suriya hökuməti və onun müttəfiqləri Barada vadisində və Dəməşq yaxınlığındakı Quta regionunda, habelə Hama və Daraa əyalətlərində atəşkəsi dəfələrlə pozublar.
Suriya hökuməti isə israr edir ki, onun qoşunları yalnız atəşkəs sazişinə daxil olmayan İŞİD-in və Cəbhət Fateh əş-Şəm qruplaşmasının mövqelərini hədəfləyirlər.
Suriya müxalifətinin Britaniyada mənzillənmiş insan haqları müşahidə qrupu isə bildirir ki, hökumət qüvvələri helikopterlər və artuilleriyanın köməyi ilə hücuma keçərək ərazidə əsas içməli su mənbəyi olan Eyn əl-Ficah mənbəyinə yaxınlaşıblar.