Britaniya mətbuatı AFFA-nın qərarından yazdı

Baxış sayı:
202

“Arsenal”ın erməni əsilli yarımmüdafiəçisi Henrix Mxitaryanın UEFA Avropa Liqasının mayın 29-da Bakıda “Çelsi” ilə keçiriləcək final oyununda iştirak etmək üçün Bakıya səfər etməmək barədə qərarı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən əsassız qərar kimi dəyərləndirilib. Bu barədə Böyük Britaniyanın “Inside World Football” portalında dərc olunan məqalədə qeyd edilir.
Muxalifet.az xəbər verir ki, məqalədə AFFA-ya istinad olunaraq bildirilir: “Növbəti həftənin çərşənbə günü UEFA Avropa Liqasının final oyununda “Çelsi” ilə qarşılaşacaq “Arsenal” komandasının futbolçusu Henrix Mxitaryanın Bakıya gəlməməsi ilə bağlı klubun açıqlaması, anladığımız qədər, “Arsenal”, futbolçu və onun ailəsi tərəfindən birgə verilmiş bu əsassız qərar bizdə təəssüf hissi doğurur. Futbolçunun ölkəmizə gəlməməklə bağlı şəxsi qərarını anlasaq da, bir daha bildiririk ki, UEFA-nın tələblərinə uyğun olaraq, Azərbaycan final oyununun ev sahibi kimi Mxitaryanın şəxsi təhlükəsizliyinin təmin olunmasına bütün lazımi zəmanətləri verib. Azərbaycan tərəfinin verdiyi zəmanətin ciddiliyini şübhə altına almaq üçün heç bir səbəb yoxdur”.
Məqalədə, həmçinin ötən illər ərzində Azərbaycanın öz ərazisində keçirilmiş beynəlxalq idman tədbirlərində çoxsaylı erməni əsilli idmançının problemsiz iştirakının təmin olunduğu qeyd edilir.
 
“Nəhayət, hesab edirik ki, bu təəssüf doğuran açıqlama keçiriləcək final oyununun keyfiyyətinə və möhtəşəmliyinə heç bir şəkildə mənfi təsir göstərməyəcək. Tezliklə Bakıya təşrif buyuracaq hər iki komandanı qarşılamağa hazırıq”, - deyə məqalədə AFFA-nın yaydığı açıqlamaya istinadən bildirilir.