"Brent" markalı neftin qiyməti 50 dollar/bareldən aşağı düşə bilər

May ayının ortalarına doğru isə qiymət yenidən 55 dollar/barelə yaxınlaşacaq
Dünya bazarında "Brent" markalı neftin qiymətinin yaxın günlərdə 50 dollar/bareldən aşağı düşməsi ehtimalı var.
"Report" un analitik qrupu bildirir ki, buna səbəb ABŞ-da gündəlik neft hasilatının artması və neft hasilatının azaldılması anlaşmasının uzadılması ilə bağlı narahatlıqdır. Belə ki, ABŞ Energetika Nazirliyi Energetika İnformasiyaları Agentliyinin (EİA) verdiyi rəsmi məlumata görə, 15-21 aprel həftəsində gündəlik neft hasilatı 13 min barel və ya 0,14% artaraq 9 265 mln. barelə çatıb. Bununla yanaşı, ABŞ-da benzin ehtiyatları 0,5 mln. barel proqnozundan təxminən 7 dəfə çox - 3,37 mln. barel artım göstərib.
Neftin qiyməti üçün hazırda əsas narahatlıq yaradan amil isə hasilatın azaldılması ilə bağlı Vyana anlaşmasının müddətinin uzadılması ilə bağlıdır. May ayının 25-də OPEC və ona üzv olmayan neft ölkələrinin bu məsələni müzakirə edəcəyi gözlənilir. Qeyd edək ki, İraqın hasilatı artıracağı, Rusiyanın isə anlaşmanın uzadılmasında hələ tərəddüd etdiyi kimi xəbərlər neft qiymətlərinə mənfi təsir edir. Bu səbəbdən hazırda "Brent" markalı neftin qiyməti 52 dollar/barel səviyyəsindən aşağı düşüb.
Xatırladaq ki, sabah, aprelin 28-də ABŞ-dakı aktiv neft quyularının sayı açıqlanacaq. Artım olacağı təqdirdə neftin qiyməti 50 dollar/barel səviyyəsindən aşağı düşə bilər. Lakin, may ayının ortalarına doğru neftin qiymətinin yenidən yüksələcəyi və 55 dollar/barelə çatacağı gözlənilir.