Brejnevin marşal olmasına qarşı çıxan nazirin qəfil ölümü – 10 gün sonra Brejnev marşal olub

Baxış sayı:
8893

O, hərb elminin bütün incəliklərinə bələd olub, müasirlərinin söylədiyi kimi, anadan hərbçi doğulub. Onun dəqiqliyi, intizamı çoxlarını təəcübləndirib. Siyasi Büroya üzv seçiləndə az danışmağı ilə seçilən Andrey Qromıko da dilə gəlib: “Qreçko Siyasi Büroda hərbi rejim yaradacaq...”

Milliyətcə ukraynalı olan Andrey Qreçko 1903-cü ildə Rostovda anadan olub. 17 yaşında ordu sıralarına daxil olub. Frunze adına Hərbi Akademiyanı bitirib.

Böyük Vətən müharibəsi başlananda Moskvada, baş qərargahda xidmət edən Qreçko könüllü olaraq cəbhəyə yollanıb. Bütün müharibə dövründə ən ağır cəbhələrdə olub, qələbəni Praqada qarşılayıb.

Müharibədəki xidmətlərinə görə Moskvada yüksək vəzifəyə təyin olunmaq imkanı olsa da, Qreçko xahiş üçün heç kimin qapısını döyməyib. Onu Kiyev Hərbi Dairəsinə komandan göndəriblər.

1957-ci ildə Andrey Qreçko Moskvaya dəvət olunub, Nikita Xruşovla görüşündən sonra SSRİ müdafiə nazirinin birinci müavini təyin edilib. Bu təyinatın təşəbbüskarı Xruşov olsa da, çox qısa bir müddətdən sonra Qreçko ilə Xruşovun münasibətlərində ziddiyyət yaranıb.

Qreçkonun ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlər, bu işlərlə bağlı göstərdiyi təşəbbüskarlıq Xruşovun xoşuna gəlməyib. Növbəti görüşlərin birində Qreçko görüləcək işlərlə bağlı tədbirlər planını ona təqdim edəndə o, qovluğu stolun üstünə çırparaq marşala səsinin tonunu qaldırıb:

- Mənasız işlərlə məşğul olursunuz, nüvə silahları haqqında düşünməyi isə unudursunuz.

Marşal heç bir cavab vermədən və icazə istəmədən kabineti tərk edib. Qəbul otağında əsəblərinə hakim kəsilməyən Qreçko hamının eşidəcəyi tonda Xruşovun ünvanına bu ifadəni işlədib: “Sərsəm siyasətçi”. Və təbii ki, qəbul otağında olanlardan kimsə Qreçkonun bu ifadəsini Xruşova çatdırıb. Xruşov Qreçkodan qisas almaq üçün məqam gözləsə də, zaman buna imkan verməyib.

Brejnevlə dost münasibətində olan Andrey Qreçko məhz elə onun hakimiyyəti dövründə, 1967-ci ildə SSRİ-nin müdafiə naziri təyin edilib.

Andrey Qreçko ağır müharibə yollarından keçməsinə baxmayaraq səhhətində heç bir problem olmayıb. Sağlam həyat tərzinə üstünlük verən marşal olduqca ciddi bir rejimdə idmanla məşğul olub. Müdafiə naziri olarkən həftədə iki dəfə tabeliyində olan ali zabitləri də cəlb etməklə ordu idman klubunun bazasında vaxtının 90 dəqiqəsini idmanla məşğul olmağa, xüsusilə də tennis və voleybol oynamağa sərf edib.

Brejnevlə ailəvi dost olan Qreçko qeyri-rəsmi görüşlərdə baş katiblə çox “sərt” zarafat edib. Brejnev müharibə illərindən danışanda Qreçko onu elə həmin andaca susdurub:

- Lyonka, bəsdir yuxuda gördüklərindən danışdın, bir az da olanlardan söhbət elə...

Qreçko hərbçi olsa da ədəbiyyata, incəsənətə böyük maraq göstərib. O, “İkinci dünya müharibəsinin tarixi” adlı 12 cildlik ensiklopediyanın baş redaktoru olub.

Qreçko həm də müharibədən bəhs edən filmləri seyr etməyi çox sevib və o, 60-cı illərin sonunda yeni bir müharibə filminin çəkilişi ilə bağlı təklif irəli sürüb. Marşal cəbhə yazıçıları olan Vasilyevi və Rapoportu yanına dəvət edib və fikrini bildirib:

- Yeni bir film çəkmək lazımdır, zabitlərin həyat yoldaşları haqqında. Mənim üzərimdə olan ordenlərin 50 faizi mənim xanımıma məxsusdur. Və bu filmdə hökmən “Belə bir peşə var, vətəni müdafiə etmək və bu, həyatın mənasıdır” ifadəsi işlənilməlidir.

Beləliklə, film çəkilib, bədii şura filmi bəyənərək qəbul edib, Dövlət Kino komitəsində isə bir çox bəhanələrlə filmin uğurlu olmamasını qeyd ediblər. Buna görə də filmin yayılmasının çox məhdud şəkildə həyata keçirilməsi qərara alınıb. Təbii ki, bu, Qreçkonun heç də xoşuna gəlməyib. Filmin ilk təqdimatından sonra marşalın həyat yoldaşı Qreçkoya bildirib ki, “bu ki, bizim haqqımızdadır və çox gözəl filmdir”. Qreçko filmin bir surətini çıxartdırıb və xanımına deyib ki, “əgər film xoşuna gəlibsə, onda təkrar bir də baxarıq, özü də Brejnevlə birlikdə”.

Beləliklə, Leonid İliçin bağında iki ailə birlikdə filmi seyr ediblər. Film Brejnevin xoşuna gəlib, bununla da “Zabitlər” filminin bəxti açılıb.

1976-cı ildə Brejnevin 70 illik yubileyi ilə bağlı hələ bir il əvvəldən hazırlıq işlərinə başlanılıb. Tədbirlər, ziyafətlər, qəbullar, dövlət mükafatları, hədiyyələr müzakirə olunub. Nəhayət, Breynevə marşal rütbəsi verilməsi məsələsi də gündəmə gəlib. Və bu da təsadüfi olmayıb. Leonid İliç general-mayor rütbəsini 1944-cü ildə alıb. Yavaş-yavaş ulduz xəstəliyinə tutulan Breynev general-leytenant rütbəsinə də sahib olub. Ancaq bu xəstəlik baş katib olarkən daha da şiddətlənib və o, 1974-cü ildə general-leytenent rütbəsində olanda birbaşa ordu generalı rütbəsini çiyinlərinə taxmağa müvəffəq olub. Bunlar bir tərəfə, Brejnev öz yaxın ətrafı ilə süfrə arxasında əyləşəndə arzusunu dilə gətirməkdən də çəkinməyib:

- Qırmızı meydanda bayram münasibəti ilə parad qəbul edərkən baş katib ordu generalı rütbəsində dayanır, onun ətrafındakılar isə marşal formasında. Bu işin həllinin zamanı yetişib axı…

Qreçkoya Brejnevin rütbə verilməsi məsələsini deyəndə marşal kəskin şəkildə etirazını bildirib: “Brejnev yalnız mənim meyidimin üstündən keçməklə marşal rütbəsi ala bilər”.

Aydın məsələdir ki, Qreçkonun münasibətini dərhal Breynevə çatdırıblar.

Yaxın dost münasibətlərində olmalarına baxmayaraq Qreçko Brejnevin marşal rütbəsi gəzdirməsini haqsızlıq kimi qəbul edib və xatırladıb ki, “mən general-polkovnik olanda Brejnev hələ polkovnik rütbəsində gəzib”.

Bu hadisələrin ərəfəsində, 1976-cı il aprelin 26-da Qreçkonun qəfil ölüm xəbəri yayılıb. SSRİ DTK-sının 9-cu idarəsinin müdafiə nazirinə təhkim olunmuş zabiti Rodionov bu haqda öz xatirələrində yazıb:

“Həmin gün biz səhər 8.30-da evdən çıxmalıydıq. Nazir iclasa getməli idi. Mən onu giriş qapısında gözləyirdim. Marşal dəqiqliyi sevən adam idi. 10-15 dəqiqə keçdikdən sonra narahat oldum. Evdə olanlardan nazirin nə vaxt çıxacağını soruşdum. Cavab isə belə oldu ki, o hələ öz otağından çıxmayıb. Sonra nəvəsini onun otağına göndərdik. Qreçko hərəkətsiz vəziyyətdə öz kreslosunda qalmışdı…”.

Qreçkonun qəfil ölümü çoxlarında şübhə yaradıb. Kifayət qədər sağlam olan, mütəmadi olaraq xüsusi həkim müayinəsindən keçən marşalın ölümü müxtəlif versiyaların üzə çıxmasına səbəb olub.

Bu versiyalardan ən əsası hansı olub?

Hələ 1937-ci ildə “NKVD”-nin 12-ci idarəsinin nəzdində tibb xidməti polkovniki, professor Qriqori Mayranovskinin rəhbərliyi altında toksikoloji laboratoriya yaradılıb. Bu mərkəz “Laboratoriya-X” adlanıb. Məhz burada elə zəhərli maddələr hazırlanıb ki, heç bir test və analizlə onu orqanizmdə aşkar etmək mümkün olmayıb. Bu cür zəhərli maddələrin istifadəsi də çox asan olub. Yəni həmin maddəni yeməyə, suya, hər hansı bir içkiyə qatmağa, yaxud havaya buraxmağa ehtiyac olmayıb. Sadəcə hər hansı bir görüşdən 20-30 dəqiqə əvvəl həmin zəhər əvvəlcədən ələ sürtülürmüş və həmin adam kiminlə əllə görüşürmüşsə, zəhər görüşdüyü adama keçirmiş. (Əlinə həmin maddəni sürtən adam görüşdən sonra əlini əvvəlcədən hazırlanmış antidotla silməklə maddəni zərərsizləşdirirmiş). Və beləliklə, həmin zəhəri əli ilə qəbil etmiş adam bir neçə gündən sonra qəfil ölürmüş.

Versiyalara görə, Qreçkonun ölümü də belə təşkil olunub. Amma hər halda bütün bunlar versiya olaraq qalır.
Əsas məsələ isə odur ki, Leonid İliç Qreçkonun ölümündən 10 gün sonra öz sevimli “oyuncağını”, marşal rütbəsini az qala uşaq sevinci ilə çiyinlərinə taxmağa nail olub.

72 yaşında müəmmalı şəkildə vəfat edən Andrey Qreçkonun yandırılmış nəşinin külü Kreml divarlarına yerləşdirilərək üzərinə mərmərdən xatirə lövhəsi vurulub./musavat.com