Branson davasında kim uddu: Ərdoğan, yoxsa Tramp?

Baxış sayı:
511

Türkiyə və ABŞ arasında siyasi qalmaqala səbəb olan amerikalı keşiş Endryu Branson ötən həftə İzmir şəhər məhkəməsinin qərarı ilə azadlığa buraxılıb. O, artıq Amerikadadır və prezident Donald Trampla görüş keçirib.
Türkiyə FETÖ və PKK terror təşkilatını dəstəkləməkdə ittiham etdiyi Bransonu niyə azad etdi? Bu, iki ölkə arasındakı münasibətlərə necə təsir edəcək?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu AzVision.az-ın suallarına cavab tapmağa çalışıb. O, hesab edir ki, Türkiyə Bransonu azad etməklə ABŞ-a jest edib.
 
“İzmir məhkəməsinin amerikalı keşiş Endryu Bransonla bağlı qərarı gözlənilən idi. Hesab etmirdim ki, hakim ona 30 il iş verə bilər. Çünki bu halda iki ölkə arasındakı münasibətlər daha da gərginləşə bilərdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunun hakimin müstəqil qərarı olduğunu desə də, hiss olunurdu ki, qərarın arxasında siyasi səbəblər dayanır. Əsas səbəb Türkiyə və ABŞ-ın bu məsələni həll etmək istəyi idi. İki ölkə arasında problemlər olduqca çoxdur. Bu addımı atmaqla Türkiyə bir problemdən qurtuldu”.
E.Şahinoğlunun fikrincə, Bransonu azad edən Türkiyənin ABŞ-dan gözləntiləri var: “Hazırda top ABŞ-ın meydanındadır. Türkiyə jest etdi. Bunun qarşılığını gözləməyə haqqı var. Qarşılığı nələr ola bilər? Suriyada Membiç məsələsi həll olunmamış qalır. ABŞ-dan bir hərəkət gözləyə bilər ki, PKK uzantılarını oradan uzaqlaşdırsın. Çünki şifahi razılaşmaya görə, amerika və türk hərbiçiləri bu şəhərə birgə nəzarət etməlidir. Türkiyənin əsas gözləntisi budur. Bundan başqa Branson həbsdə olarkən, ABŞ Türkiyəyə satmağı planlaşdırdığı qırıcılar məsələsini arxa plana atdı. Bu məsələ həllini tapmalıdır. Eyni zamanda müəyyən iqtisadi sanksiyalarla bağlı qərarlarından vaz keçməlidir. Daha qlobal məsələlər – Fətulla Gülənin ekstradisiyası, orada saxlanılan bəzi şəxslərin azad olunması baş verməyəcək. Ümumən Bransonun sərbəst buraxılması münasibətlərdəki gərginliyi bir qədər azaltdı, amma problemlər olduğu kimi qalır”.
 
Politoloq bildirib ki, Bransonun azad olunması Trampın mövqeyini gücləndirib: “Tramp aralıq seçkilərə gedir. Bransonu həbsdən buraxmaqla Türkiyə Trampın da əlin gücləndirdi. Seçkiqabağı Trampın reytinqi artdı. Buna görə də Tramp Türkiyəyə minnətdar olmalıdır. Branson həbsdən azad olunmasaydı, yevangelistlər və onların təmsilçisi Mayk Pens Türkiyə ilə münasibətləri daha da gərginləşdirə bilərdi. Türkiyə bundan da qurtuldu. Amma problemlərin əksəriyyəti həll olunmamış qalır. Türkiyə ciddi addım atdı. Məhkəmə qərarına istinad edilsə də, bu siyasi qərar idi. Növbəti addımı isə ABŞ atmalıdır. Fakt bundan ibarətdir ki, Türkiyə və ABŞ əvvəlki kimi starteji müttəfiq deyillər. Əksinə NATO ölkəsi olan Türkiyə Rusiya ilə daha sıx əməkdaşlıq edir. Bu baxımdan Türkiyə-ABŞ münasibətlərinin əvvəlki səviyyəsinə qayıdacağını gözləmirəm. Çünki iki ölkə arasında o qədər fərqli maraqlar yaranıb ki, onları qaydaya salmaq çox çətindir”.