“BÖYÜK İT GƏTİRMİRİK, ÇÜNKİ XƏRCİ ÇOXDUR…” - Bağdadini tuneldə haqlayan itin “qohumları” Bakıda azı 1600 MANATA SATILIR

Baxış sayı:
6529

İŞİD lideri Əbu-Bəkr Əl-Bağdadinin məhv edilməsi əməliyyatında ABŞ xüsusi təyinatlılarına təlim keçmiş it də kömək göstərib. Xəbər verdiyimiz kimi, Bağdadi 3 uşaqla tuneldən qaçmaq istəyərkən onu xüsusi təyinatlıların iti haqlayıb. Qaçmağa yeri olmayan İŞİD lideri özünü partladıb. İt isə yüngül yaralanıb.

ABŞ prezidenti Donald Tramp ötən gün “Twitter” hesabında itin fotosunu paylaşıb. “Newsweek” saytının araşdırmasına görə, bu, Belçika ovçarkasının Malinua cinsindəndir, ləqəbi isə Konandır. Bu ləqəbi ona Amerika yumoristi Konan Obrayenin şərəfinə adlandırıblar. Hazırda yaralanmış it veterinar klinikasında müalicə alır.

Bəs hansı xüsusiyyətlərinə görə xüsusi xidmət orqanlarında Malinua cins itdən istifadə olunur? Bakının heyvan bazarında bu it satışda varmı? Hansı qiymətə satılır?

Virtualaz.org araşdırıb ki, Azərbaycanda da elan saytlarında Belçika ovçarkasının satışı ilə bağlı xeyli elan yerləşdirilib. Bu itin ölkədə satışını təşkil edənlərdən biri Afiq Məmmədovdur. Onun bildirdiyinə görə, itin satışı 1600 manatdan başlayır və bir neçə min manata qədər davam edir. Bu qiymət 1,5 -4 aylığa qədər olan, əsasən qəhvəyi və qara rəngli itə aiddir. Lakin it böyüdükcə qiymət artır.

“Malinua cinsi xaricdən gətirilir, burada yetişdirilmir. Ən çox Ukrayna, Latviya, Belarus, Polşa, Rusiya kimi ölkələrdən gətiririk. Biz böyük it gətirmirik, çünki aviaşirkətlər çəkiyə görə əlavə məbləğ alırlar, həm də, itləri gətirmək üçün olan xüsusi qabların özləri də bahadır, məsələn 1 yaşında it üçün təkcə qabın qiyməti 250-300 dollardır. Nə bizə, nə də müştəriyə bu sərf eləmir. Əgər əlavə ödəniş olunsa, gətirə bilərik”, - satıcı deyir.

Gömrük xərclərinə gəlincə isə, A. Məmmədov bunun kommersiya sirri olduğunu əsas gətirib açıqlama vermək istəmir. O, həmçinin bildirir ki, gətirdikləri itlərin sağlamlıqlarına tam təminat verirlər: “Biz heyvanı həm şəhər veterinar klinikasından keçiririk, sağlamlıq sertifikatı alırıq. Onu aeroportda veterinara göstərib “Forma 1”-ə dəyişirik”.

Həmsöhbətimiz Əl-Bağdadinin zərərsizləşdirilməsində iştirak edən itin qoruma üçün yararlı olduğunu bildirir. Onun sözlərinə görə, vaxtında yaxşı tədbir görülməyəndə it ətraf üçün təhlükəli ola bilər. Digər ev heyvanları ilə o qədər də yola getməyən bu it vəhşi olduğuna görə, onu ailəyə kiçik yaşlarından öyrətmək məsləhət görülür.

8 ildir cins itlərin satışı ilə məşğul olan Ağa Əliyev isə bu cinsdən olan körpə itləri 1300 manatdan təklif edir. Əliyevin sözlərinə görə, Malinua cinsindən olan itlərin qiyməti ata-anasının kimliyini təsdiq edən sənəd, rəng və çəkisinə görə müəyyənləşir: “Sənədləri qaydasında olanda qiymət 3 min manata qədər yüksələ bilər. İt saxlayanlar heyvanın pasportuna, sənədlərinə xüsusi diqqət yetirirlər. Hətta körpə itə baxmaqla gələcəkdə çəkisini, boyunu hesablamaq olur”,-satıcı belə söyləyir.

Əlavə edir ki, ayda heç olmasa, bir Belçika ovçarkası sata bilirlər. Ovçarkalar əsasən Rusiyadan gətirilir: “İt saxlayanlar da bilir, Belçika ovçarkalarını körpə vaxtı alıb saxlamaq həm qiymət, həm də itin öyrəşməsi üçün daha sərfəlidir. Bəzən iti alıb aparırlar, bir müddətdən sonra problem yaranır, onlara itə baxmaq üçün məsləhətlər veririk”.

Əliyev Belçika ovçarkalarından daha çox sərhəd xidmətində, aeroportlarda istifadə edildiyini də söyləyib. “Bu cinslər narkotik vasitələri asanlıqla tapa bilirlər. Amma alıcılarımızın kimliyi ilə maraqlanmırıq, sadəcə olaraq Belçika ovçarkalarına maraq göstərdiyindən alıb bağda, həyətində saxlayanlar çoxdur”,-satıcı izah edib.

Qeyd edək ki, hazırda hüquq-mühafizə orqanlarında və qoruma məqsədilə bu itlərdən geniş istifadə olunur. “Əl-Qaida” lideri Üsəma Bin Ladenin məhv edilməsi əməliyyatında da ABŞ xüsusi təyinatlıları bu itin köməyindən istifadə etmişdilər.