Böyük Britaniya xüsusi təyinatlılarını Fars körfəzinə yollayır - REGİONDA VƏZİYYƏT DAHA DA GƏRGİNLƏŞİR

Baxış sayı:
2986

Oman körfəzində tankerlərə hücum edildikdən sonra Böyük Britaniya öz gəmilərini qorumaq üçün Fars körfəzinə xüsusi təyinatlılarını yollamaq niyyətindədir. Virtualaz.org xəbər verir ki, bu barədə “The Times” nəşri yazıb.

Mənbəyə görə, kifayət qədər dar olan və tankerlərlə dolu Hörmüz boğazında istənilən ciddi zərbə faciəvi nəticələrə gətirib çıxara bilər. Bu səbəbdən, Böyük Britaniyanın Kral Hərbi-Dəniz Donanmasının komandanlığı regiona 100 nəfər xüsusi təyinatlı yollamağı planlaşdırır.

Onlar Britaniyanın Bəhreyndəki hərbi-dəniz bazasında yerləşəcək və əsas çevik reaksiya qüvvəsi olacaqlar. Onların vəzifələrinə Fars körfəzi hövzəsində patrul xidməti, həm hərbi, həm də ticarət gəmilərinin Hörmüz boğazında mühafizəsi daxil olacaq.

Dəniz piyadalarının regiona nə vaxt səfər edəcəkləri hələlik dəqiq məlum deyil, lakin bu plan bu gün, iyunun 16-da, hökumət komitələrindən birində müzakirə edilməlidir.

Daha öncə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Oman körfəzində tankerlərə hücuma görə məsuliyyəti İran ordusunun elit və nüfuzlu bölməsi hesab olunan SEPAH-ın üzərinə atmışdı. Buna qədər isə ABŞ dövlət katibi Mayk Pompeo İran hakimiyyətini mülki tankrlərə hücumda ittiham etmişdi.

Xatırladaq ki, iyunun 13-ü səhər saatlarında Oman körfəzində iki neft tankerinə hücum olunmuşdu. Onlardan biri nafta, digəri isə metanol daşıyırdı. Hər iki tankerin şəxsi heyətini xilas etmək mümkün olub.

Rəsmi Tehran bu hücumlara hər hansı bir aidiyyatının olmadığını bəyan edib və ABŞ-ı İrana qarşı iqtisadi terrorçuluğu maskalayaraq, Yaponiya ilə danışıqları pozmağa cəhddə ittiham edib.