Borçalılar “Borçalı” Cəmiyyətinin sədrinə qarşı

Zəlimxan Məmmədli Gürcüstanda yaşayan soydaşlarımızla gürcüləri üz-üzə gətirməyə cəhd edir?

“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli yenidən həmyerlilərinin hədəfinə gəlib. Belə ki, onun sosial şəbəkədə və ayrı-ayrı saytlarda Gürcüstan hakimiyyətinə qarşı “meydan oxumaq” cəhdi borçalılar arasında ciddi etirazlara səbəb olub. Borçalı ziyalıları belə hesab edirlər ki, Z.Məmmədli şəxsi maraqları naminə iki toplumu – Gürcüstanda yaşayan soydaşlarımızla gürcüləri üz-üzə gətirməyə cəhd edir. Eyni zamanda, onun bu addımı Azərbaycan və Gürcüstan dövlətlərinin dostluğuna da xələl gətirir.

Bu baxımdan, “Borçalı” Cəmiyyəti sədrinin şəxsi istəyi ilə deyil, bağlı olduğu qurumların sifarişi ilə dilə gəldiyini düşünənlər də yox deyil. Bunlardan biri də əslən Borçalıdan olan, tanınmış ictimai fəal Kamran Ramazanlıdır. O, hesab edir ki, Zəlimxan Məmmədli vəzifəsini (?) itirməmək naminə müəyyən qüvvələr qarşısında bütün öhdəliklərə imza atmağa hazırdır: “Təsadüfi deyil ki, Zəlimxan Məmmədli öncə Gürcüstan hakimiyyətinə “meydan oxumaq” istəyirdi. Görünür, arxasındakı qüvvənin gücünə güvənərək belə addım atırdı. Lakin Azərbaycan-Gürcüstan münasibətləri hazırda elə bir yüksək səviyyədədir ki, onu Zəlimxan Məmmədli kimi kiçik fiqurlar yox, hətta böyük qüvvələr belə pozmaq iqtidarında deyil. Çox təəssüf ki, bunu gec anlayan “Borçalı” Cəmiyyətinin sədri sonradan öz bəyanatını dəyişməyə, bir növ Gürcüstan hakimiyyətinə yalvarmağa məcbur oldu”.

K.Ramazanlıya görə, Z.Məmmədli həqiqətən də günahsız olduğuna əmindirsə, o zaman Gürcüstana gedər, həbs olunsa da, məhkəmənin ədalətinə sığınar: “Bu zaman bəraət alarsa, biz də sevinərik. Amma, görünür, günah sahibi olduğu üçün bu addımı ata bilmir. Üstəlik, ona-buna qara yaxmağa çalışır. Hətta onun səhvini deyənləri, ona doğru yol göstərənləri hədəfə alır ki, guya, kimlərsə ona qarşı qərəzlidir, yaxud onun sədrlik postuna göz dikib. Bütün bunlar tamamilə gülüncdür. Odur ki, az da olsa abrı varsa, sussun və istefa versin. Əks halda onsuz da onu yola salacağıq”.

K.Ramazanlı “Borçalı” Cəmiyyətinin keçmiş sədrini də ittiham edib: “Hörmətli Eyvaz Borçalı onu bu vəzifəyə təyin etdiyinə görə, mənəvi məsuliyyət daşıyır və onu da səhvini düzəltməyə çağırırıq”.

Muxalifet.az