“Borçalıda ictimai xadimlərə qarşı siyasi repressiyalar hazırlanır”

“Gürcüstan Daxili İşlər Nazirliyi və xüsusi xidmət orqanları Borçalıda və Tiflisdə fəaliyyət göstərən Qarapapaq və Azərbaycan türklərinin ictimai-siyasi xadimlərinə qarşı saxtalaşdırılmış ittihamlar əsasında siyasi repressiyalar hazırlayırlar”.

Bu barədə Muxalifet.az-a Vaşinqtonda yaşayan Amerika Qarapapaq Türkləri İttifaqının (AQTİ) sədri Navid Soltani bəyanat verib. O bildirib ki, Gürcüstan Daxili İşlər Nazirliyi Əlibala Əsgərov, Əli Babayev, Daşqın Gülməmmədov və Parlamentin deputatı, müxalifətçi Azər Süleymanov haqqında saxta ittihamlar əsasında cinayət işləri tərtib edib:

“Biz bu barədə təcili hesabat hazırlayaraq, opertaiv sürətdə ABŞ Dövlət Departamentinə və Senatın bir neçə üzvünə təqdim etmişik. Biz Gürcüstan DİN-nin Qarapapaq və Azərbaycan türklərinin ictima-siyasi xadimlərinə qarşı represiyalar həyata keçirmək niyyətinə gözümüzü yuma bilmərik”.

Navid Soltani  deyib ki, “Gürcüstan prezidenti və Baş naziri bu məsələyə aydınlıq gətirməlidirlər: “Bizi ən çox narahat edən məsələ soydaşlarımıza qarşı siyasi təqiblərin davam etməsidir. Mən rəsmi surətdə açıqlayıram, Gürcüstan xüsusi xidmət orqanlarında elə adamlar var ki, məsələn, Daşqın Gülməmmədovu fiziki cəhətdən məhv etmək fikrinə düşüblər. Ancaq Gürcüstan rəsmi dairələri bilməlidirlər ki, ictimai-siyasi xadimlərə qarşı aqressiya yığışdırılmasa, siyasi repressiylara yol verilsə, bu, həm Vaşingtonda, həm Türkiyədə, həm də Azərbaycanda geniş skandala səbəb olacaq. Əminəm ki, Gürcüstan prezidenti və baş naziri Borçalıda hazırlanan siyasi represiyalardan xəbərdar deyillər. Bu məsələlərə onlar təcili müdaxilə etməlidirlər”.