BORÇALIDA BİRLİK VƏ BƏRABƏRLİK BAYRAMI

Və yaxud Sadaxlının El Bayramının topluma verdiyi mesaj

Sadaxlı - Borçalının və Gürcüstanın ən böyük kəndi. Ermənistanla sərhəddə, dəniz səviyyəsindən 450 metr yüksəklikdə yerləşən bu kənd Azərbaycan ictimaiyyətinə də yaxşı tanışdır. Ən azı ona görə ki, Sadaxlının onlarla görkəmli şəxsiyyəti, elm adamı, dövlət məmuru, ictimai-siyasi xadimi, idmançısı və s. zaman-zaman Azərbaycan dövlətinin inkişafında, ölkəmizin dünyaya tanıdılmasında əvəzsiz rol oynayıb. O cümlədən, Borçalının birliyində, əyilməzliyində də bu kəndin özünəməxsus xidməti vardır. Hansı ki, Sadaxlı eli iyulun 30-da baş tutan möhtəşəm şöləndə – Sadaxlının El Bayramında bunu bir daha təsdiqləmiş oldu...
 
Ənənəyə çevrilməkdə olan bayram

Dəyərli oxucuların diqqətinə çatdırım ki, bu bayram artıq Sadaxlıda ənənəyə çevrilməkdədir. Bu ənənənin isə qarşıdakı illərdə Borçalının digər kəndlərinə də keçəcəyinə şübhə etmirik. Çünki Sadaxlının El Bayramı kimi birlik və bərabərlik göstərisinə borçalıların toplum olaraq həqiqətən də ehtiyacı var. Uzun illərdir təxribat xarakterli əməlləri ilə Borçalını didib-parçalamağa çalışan bir çox xarici güclər artıq əmin olmalıdırlar ki, borçalılar öz torpaqları uğrunda hər an birləşməyə hazırdır və heç bir fitnə-fəsad onları öz dövlətinə qarşı qaldırmaq iqtidarında deyil.
Yeri gəlmişkən xatırladım ki, Sadaxlıda ötən il baş tutan El Bayramı zamanı da gözü Borçalıda olan mənfur qüvvələrə çox tutarlı cavab verilmişdi. Belə ki, həmin vaxt tədbirdə iştirak edən Borçalının (Kvemo-Kartli) qubernatoru ilə Azərbaycanda fəaliyyət göstərən “Borçalı” İctimai Birliyinin sədri öz çıxışlarında gürcülərlə Borçalı türklərinin qardaşlığından danışmış, tarixən bu xalqların düşmənə qarşı birgə mübarizə apardığını xatırlatmışdı. Bu isə o demək idi ki, bu xalqlar elə indi də öz haqları uğrunda birgə mübarizəyə hazırdırlar...
Əslində, Borçalı (Kvemo-Kartli) Quberniyası və Marneuli rəhbərliyinin, eləcə də bu rayondan seçilən deputatın və bir çox təşkilat sədrlərinin bu il də Sadaxlının El Bayramına qatılması həmin birlik mesajının davamı idi. Borçalının avanqard kəndlərindən olan Sadaxlı kəndi bununla həm də sərhədin o üzündə olan düşmənə göstərmiş oldu ki, artıq heç bir təxribatları cavabsız qalmayacaq və onun torpağına dikilən gözləri hər an ovmağa hazırdır.
 
Sadaxlının birlik və bərabərlik bayramı

Təbii ki, adından da göründüyü kimi, bu tədbirin keçirilməsində başlıca məqsəd heç də hansısa siyasi mesajları çatdırmaq deyil, Sadaxlı elinin birlik və bərabərliyinin göstərisi idi. Bu tədbir illər öncə hər bir sakinin daxilində olan narahatçılğın artıq ortadan qalxdığını nümayiş etdirmək məqsədi daşıyırdı. Hansı ki, cəmi 10 il əvvələdək təkcə Sadaxlının deyil, Borçalının əksər kəndlərinin sakinləri sosial səbəblərdən öz yurdlarını tərk edərək, başqa ölkələrə üz tutmağa məcbur olmuşdular. Bu baxımdan həmin vaxt hər bir kəndin ziyalısı, eləcə də sıradan sakini öz el-obasının taleyi ilə bağlı böyük narahatçılıq içərisində idi. Sadaxlının El Bayramı isə bu gün ortaya qoydu ki, artıq o çətin dövr arxada qalıb, bir vaxtlar xarici ölkələrə getmək məcburiyyətində qalan sakinlər indi öz ata-baba ocaqlarına dönməkdədir.
Haşiyə: 2007-ci ildə Borçalıda mövcud olan bir sıra problemlərlə bağlı Azərbaycan Milli Məclisinin deputatları – Nəsib Nəsibli, İkram İsrafil, Arzu Səmədbəyli və Pənah Hüseyn Gürcüstana səfər etmişdilər. Həmin vaxt bir jurnalist olaraq nümayəndə heyətinin tərkibinə bu sətirlərin müəllifi də daxil edilmişdi. Bu səfər zamanı, Sadaxlı da daxil olmaqla, Borçalının onlarla kəndində sakinlərlə görüşlər keçirilmiş, yekunda isə Tiflisdə mətbuat konfransı təşkil edilmişdi. İstər həmin mətbuat konfransında, istər də ondan sonra Azərbaycan mediasına verdikləri müsahibədə nümayəndə heyətinin hər bir üzvü “Borçalı boşalır” deyə həyəcan təbili çalmışdı...
 
Demokratik Gürcüstanın vətəndaşı olmaq qüruru

İyulun 30-da keçirilən “Sadaxlının El Bayramı”nda isə biz 10 il əvvəl baş çəkdiyimiz bu kənddə tam fərqli bir mənzərənin şahidi olduq. 2007-ci ildən fərqli olaraq bu kəndin təkcə mərkəzində deyil, hər bir küçəsində insanlar qaynaşırdı. Bəlkə də burada bayramın da təsiri var idi, amma artıq hər bir insanın üzündə təbəssüm, gözlərində sevinc hiss olunurdu. Aradan keçən illər kənd sakinlərinin yorğun, qayğılı sifətini dəyişmiş, sanki hər kəs çox yaxında inkişaf etmiş Avropanın bir parçasına çevriləcək Gürcüstanın azad vətəndaşı olmaqdan qürur duyurdu.
 
Sadaxlının qonaqpərvərliyi

Bu kəndin insanlarının qonaqpərvərliyini hələ Sadaxlıya daxil olmazdan öncə hiss etdik. Belə ki, avtomobili saxlayıb asfalt yoldan təxminən 25-30 metr aralıdakı gənclərdən “Sadaxlıya hələ çox qalıb” – deyə soruşduq. Bu zaman onlar bizə yaxınlaşaraq artıq kəndə çatdığımızı və bayram tədbirinin Mədəniyyət Mərkəzində keçiriləcəyini bildirdilər. Halbuki, onlara bayrama gəldiyimizi deməmişdik. Amma görünür, kənddə bayram əhval-ruhiyyəsi olduğundan, üstəlik bizim də nabələd olduğumuzu bildiklərindən, Sadaxlının El Bayramına gəldiyimizi hiss etmişdilər.

Beləliklə, gənclərə təşəkkür edib asfalt yolla irəliləməyə başaldıq. Az sonra üzərində Sadaxlı (Sadaxlo) yazılan yol nişanı artıq kəndə daxil olduğumuzdan xəbər verirdi. Gənclərin dediyi kimi, asfalt yolla irəliləyib kəndin Mədəniyyət Mərkəzinə çatdıq. Tədbirin rəsmi hissəsinin başlamasına təxminən 1 saat qalsa da, Sadaxlının mərkəzində yerləşən Mədəniyyət Mərkəzinin ətrafı insanlarla dolu idi. Avtomobili yaxınlıqdakı idarələrdən birinin qarşısında saxlayıb Mədəniyyət Mərkəzinin həyətinə daxil olduq. Burada bizi Bakıda fəaliyyət göstərən Sadaxlı El Məclisinin rəhbərliyi qarşıladı və tədbirə qonaq kimi qatıldığımızdan elin adəti üzrə ən öndəki oturacaqlarda yer verildi. Sadaxlının qonağı olduğumuzu bilən hər kəs gəlib salamlaşır, “xoş gəldin” edirdilər. İstər tədbirin gedişində, istər də tədbirdən sonra verilən ziyafət zamanı qonaqlara göstərilən diqqət yüksək səviyyədə idi. Hətta o səviyyədə ki, bizə göstərilən diqqətə görə məmnunluq hissi ilə yanaşı, bir anlıq özümüzü narahat da hiss edirdik. Lakin onu da bilirdik ki, bu kəndin adətinə görə, kimliyindən asılı olmayaraq, xoş niyyətlə Sadaxlıya ayaq basan hər bir şəxs oradan narazı qayıda bilməz.
Elə həmin gün biz də böyük razılıq içində Sadaxlını tərk etdik. Kəndin rəhbərliyi, ziyalılar, ağsaqqallarla sağollaşanda isə, bizə göstərilən hədsiz qonaqpərvərliyin təsiri altında “İnşallah, Sadaxlının gələn il keçiriləcək El Bayramında görüşərik” – deyə, onlardan ayrıldıq.

Ayxan İLDIRIMTÜRK
P.S. Kəndi tərk edərkən 10 il əvvəlkindən fərqli bir hiss qəlbimizə hakim kəsilmişdi. İnanırdıq ki, Sadaxlının belə məğrur əhalisi olduqca bu kənd hələ min illər yaşayacaqdır. Təbii ki, Sadaxlı yaşayacaqsa, Borçalı yaşayacaqdır. Borcalı yaşayacaqsa, Gürcüstanın ərazi bütövlüyü toxunulmaz qalacaqdır!