​Bölmədə ölən gəncə görə ictimai fəalı polisə apardılar

Azər Kazımov: “Məndən Zaur Sultanovun ölümü ilə bağlı yazdığım qeydləri silməyi tələb edirdilər”

İctimai fəal Azər Kazımov (feysbuk adı Azer Lerikli Talish) Suraxanı polisinə aparıldığı və ondan bugünlərdə Xəzər rayon polis bölmələrindən birində həlak olan (yaxınlarının dediyinə görə, döyülərək öldürülən) Zaur Sultanovla bağlı feysbuk qeydlərini silməyi tələb edildiyini bildirir.
A.Kazımov feysbuk səhifəsində yazır ki, mayın 15-i səhər saat 10-11 arası atası ona zəng edərək, yerini soruşub. Bildirib ki, polislər gəlib, onu axtarırlar. Həmin vaxt A.Kazımov Z.Sultanovun yas mərasimində olub. Onun yazdığına görə, polislər atası ilə birlikdə gəlib, onu aparıblar Suraxanı Rayon Polis İdarəsinə. Polislər mülki formada olublar və özlərini təqdim etməyiblər. “Məni aparan polis əməkdaşlarının kim olduğunu soruşdum, amma özlərini təqdim etmədilər (həm də polis formasında yox, mülki geyimdə idilər). Polis bölməsində məni rəis müavininin yanına apardılar. Heç o da özünü təqdim eləmədi. Mənə dedi ki, “sən Daxili İşlər nazirini və əməkdaşlarını yazdığın statuslarda təhqir etmisən”. Mən də heç kəsi təhqir etmədiyimi dedim. Rəis müavini təhqir olaraq, mənim Zaur Sultanovun ölümü ilə bağlı yazdığım statusda “Ramil Usubovun qoçuları” sözunü göstərdi. İndi siz deyin, burda təhqir var?”, – deyə A.Kazımov yazıb.
A.Kazımov bildirir ki, rəis müavini daha sonra ondan yazdığı statusları silməyi tələb edib. O isə heç kəsi təhqir etmədiyini deyərək, statuslarını silməyəcəyini bildirib.
A.Kazımovun yazdığına görə, Polis İdarəsində də Z.Sultanovun öldürüldüyünə dair şübhələrinin olduğunu təkrarlayıb və bildirib ki, belə deyilsə, bunu hüquq-mühafizə orqanları inandırıcı dəlillərlə sübut etməlidir.
A.Kazımov aparılan söhbətdən sonra sərbəst buraxılıb.