Boliviya müxalifəti “poçtu və teleqrafı” ələ keçirdi - ORDU VƏ POLİS ETİRAZÇILARIN TƏRƏFİNƏ KEÇİR

Baxış sayı:
2376

Boliviyada prezident seçkilərinin nəticələrinə etiraz edən müxalifət tərəfdarları dövlət radiosunun və televiziyasının yerləşdiyi binanı tutub.

Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, prezident Evo Moralesin 47 faiz səslə birinci elan edildyi, oktyabrın 20-də keçirilmiş seçkilərdən sonra küçələrə çıxan müxalifət tərəfdarları bununla da lap leninsayağı hərəkət ediblər.

Evo Morales Tvitter-dən bəyan edib ki, dövlət “Red Patria Nueva” radiosunun və Bolivia TV milli televiziyasının binasını tutan etirazçılar jurnalistlərə işləməyə imkan verməyiblər. “Müxalifət bildirir ki, demokratiyanı müdafiə edir, amma onlar diktatura mövqeyindən çıxış edirlər”,-Morales bildirib.

Oktyabrın 20-də keçirilən seçkilərdə müxalifətin namizədi Karlos Mesanın 37 faiz səs yığdığı açıqlanıb. Lakin Mesa nəticələrin saxtalaşdırıldığını və Moralesin dördüncü dəfə prezident olmaq üçün ikinci turun keçirilməsinə mane olduğunu bildirir.

Həmin vaxtdan müxalifət tərəfdarları küçələrdədir və davamlı etirazlar keçirir. Son məlumata görə prezident iqamətgahının mühafizəsini həyata keçirən polislər xidmətdən imtina ediblər. Bəzi şəhərlərdə isə polis özü etirazçıların sıralarına qoşulub, onlar maaşlarının artırılmasını tələb edir.  Habelə Boliviya ordusu etirazçılara qarşı güc tətbiq etməyəcəyini bildirib. Hərbi komandanlığın nümayəndəsi, general Uilyams Kaliman bəyan edib ki, hərbçilər situasiyaya qarışmaq niyyətində deyil. “Biz heç vaxt birlikdə yaşadığımız insanlara qarşı çıxmayacağıq”,-general bildirib.

Bununla da 14 ildir prezident olan Moralesin hakimiyyətinə təhdidlər artıb. O, ötən gün müxalifəti “təcili danışıqlara” çağırıb.Daha əvəl isə o, ölkədə baş verənləri “dövlət çevrilişi” adlandırırdı. Lakin müxalifət lideri Karlos Mesa dialoqdan imtina edib , bildirib ki, Morales ikinci turun keçirilməsini elan etməlidir və başqa variant yoxdur. “Ola bilsin sabah onun bu manevr imkanı da qalmayacaq”,-Mesa bildirib.

Hazırda Amerika Dövlətləri Liqası Boliviya seçkilərinin auditini aparır və nəticələr sabah noyabrın 11-də açıqlanmalıdır.