BOK-dan Şimali Koreyaya böyük jest: Hazırıq

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Koreya Respublikasında keçiriləcək “Pxençan-2018” Qış Olimpiya Oyunlarında Koreya Xalq Demokratik Respublikasının idmançılarının bütün xərclərini ödəməyə hazırdır.
Muxalifet.az xəbər verir ki, BOK Şimali Koreya idmançılarının xərclərini “Olimpiya həmrəyliyi” proqramı çərçivəsində ödəyə biləcəyini açıqlayıb. Bu proqram xüsusən maliyyə cəhətdən ehtiyacı olan idmançıların Olimpiya hərəkatında iştırakına dəstək məqsədi daşıyır. BOK-dan bildiriblər ki, komitə Şimali Koreya idmançılarının təlim-məşq toplanışlarında və Olimpiya Oyunlarında iştirakına kömək üçün Beynəlxalq Xizək Federasiyası və Beynəlxalq Konkisürmə İttifaqı ilə əməkdaşlıq edir.
Şimali Koreyadan olan fiqurlu konkisürmə cütlüyü Ryom Te-ok və Kim Cu-şik sentyabrda beynəlxalq turnirlərin birində “Pxençan-2018” Qış Olimpiya Oyunlarında iştirak etmək üçün vəsiqə qazanıb.
Koreya Respublikası hökuməti bir müddət əvvəl Şimali Koreyanı növbəti Qış Olimpiya Oyunlarında iştirak etməyə və bununla da Koreya yarımadasındakı gərginliyi azaltmağa çağırmışdı.
Qeyd edək ki, “Pxençan-2018” Qış Olimpiya Oyunları gələn il fevralın 9-25-də keçiriləcək.