"Boğazımdan tutub "kislota"nı ağzıma tökdü ki, udum"- arvadını namus üstündə yandırmaq istəyib - TƏFƏRRÜAT

Baxış sayı:
13888

Arvadının üstünə sulfat turşusu tökərək onu yandırmaq istəyən şəxs hakim qarşısına çıxarılıb.

Muxalifet.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən Axundov Fuad Araz oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında şahid qismində Fuad Axundovun 12 yaşlı oğlu ifadə verib.

Azyaşlı bu hadisədə anasının günahkar olduğunu deyib. O bildirib ki, anası bir neçə dəfə evdən gedib atası anasını evə qaytarmaq üçün cəhdlər etsə də o geri qayıtmayıb.

"Ailəmizdə heç bir problem yox idi. Atam həmişə anama yaxşı münasibətdə olub. Dediyi ən ağır söz "canım" olub. Anam evdən daha əvvəl də getmişdi. Qayıdanda mən ona yalvardım ki, getməsin. Telefonuna zəng gələndə bacımın otağına girib qapını bağlayırdı. Bir neçə dəfə də evdən gedəndə bizə yalan deyib. Sonuncu dəfə də gedəndə dedi ki, marketə gedib qayıdır. Sonra atam, babamgil onu axtarmağa başladı"- deyə şahid bildirib.

Suallara cavab verən azyaşlı qeyd edib ki, hazırda bacısı anasıgillə birlikdə yaşayır.

Məhkəmədə zərərçəkmiş Xatirə Axundova da ifadə verib.

O, ailəsinin dağılmasına günahkarın Fuad Axundov olduğunu deyib: "Mən ailəmin istəyi ilə ailə həyatı qurmuşam. Hər gün bir problem, hər gün bir söz-söhbət olurdu. Mənə heç bir söz haqqı vermirdi. Mənim bir ana kimi uşaqlarıma həyətə çıxmağa icazə vermək haqqım yox idi. Deyirdi ki, sən kimsən ki, icazə verirsən? Evdə nəsə olanda mən danışa, cavab verə bilməzdim. Neçə dəfə döyülmüşəm, boğmaq istəyib məni. Mən onun mənə nələr edə biləcəyini yaxşı bilirdim, qorxurdum.

Son zamanlar da münasibəti çox pis oldu. Yatmışdım, mənə zəng elədi ki, ya boşanırıq, ya da ikinci arvad alıram. Dedi ki, razılaşmasan, boşayacam. Mən də başa düşmədim ki, bu nə deyir? Onsuz da mən boşanmaq istəyirdim. Amma bunun mənə dediyi səbəbi qəbul eləmədim. Dedim ki, mən ailəmə nə deyim? Niyə boşandığımı deyim? Ailəmin yanına getdim. Atam boşanmağımızı istəmirdi. Sonra Fuad evə gəldi, ailəmə dedi ki, ailəsini qorumaq istəyir. Artıq özünü başqa cür aparırdı. Bu olmuşdu mələk, ailəsini dağıtmaq istəyən kimi ortada mən qalmışdım. Atamgil də dedi ki, niyə boşanırsan? Mən razılaşdım ki, bir evdə ayrı-ayrı otaqlarda yaşayaq. Sonra eyni problemlər başladı. Mən dedim ki, boşanaq, sonra istəsən 15 dəfə evlən".

Xatirə Axundova deyib ki, boşanma prosesi başlayanda ərinin ona münasibəti daha da aqressivləşib.

O bildirib ki, yaşadıqları evi sataraq məbləği öz aralarında bölüblər: "Mənə alınan qızıllar ona qaldı. Evdən 41 min manat mənə çatdı".

Zərərçəkmiş deyib ki, boşanma prosesi başlayanda atası onları barışdırmaq üçün bir neçə dəfə cəhd edib. O buna razılaşsa da sonradan fikrini dəyişib.

Xatirə Axundova qeyd edib ki, evdən gedəndə 22 yaşlı rəfiqəsinin yanında qalıb. Hakim həmin şəxsin də məhkəməyə çağırılacağını deyib.

Hadisə günü baş verənlər haqda danışan Xatirə Axundova deyib ki, evə gələn zaman Fuad onu aldadıb.

"Evə gələndə kislotanı üzümə atdı. Hər yer toranlaşdı, heç nə görmürdüm. Yalvardım ki, məni buraxsın. Əlindən çıxıb hamam tərəfə qaçdım. Arxamca gəlib orda da tutdu. Yenə də üstümə kislota tökməyə başladı. Yalvardım ki, məni burax. Əlindən çıxıb uşağın otağına girdim. Qapını sındırıb içəri girdi. Ağzımı açıb yenidən kislota tökdü. Məcbur edirdi ki, udum. Amma udmadım. Əlindən çıxıb qaçanda dedi ki, təslim olmağa gedir. Hələ deyirdi ki, mən çıxana qədər ölməsəm, gəlib özüm öldürəcəm. Bu, adam öldürmək istəmək deyilsə, nədir?".

X.Axundova bildirib ki, daha əvvəl də Fuad Axundov onu döydüyü üçün hüquq-mühafizə orqanlarına müraciət edib. Lakin Fuad və ailəsi ondan şikayəti geri götürməyi istəyib.

Qadın deyib ki, Fuad şikayəti geri göstərməyəcəyi təqdirdə onu öldürəcəyini bidirib. O, ailəsinin istəyi ilə şikayətini geri götürdüyünü deyib, amma buna görə sonradan peşman olub.

F.Axundovun vəkili zərərçəkmişə suallar verib, soruşub ki, əgər Fuad "kislota"nı onun ağzına tökübsə, indi necə danışır?

Xatirə Axundova 9 aydır müalicə aldığını, həmin xəsarətlərlə bağlı ekspert rəyi olduğunu deyib.

Vəkil bildirib ki, Xatirə Axundova 3 günlük İrana gedib. Ancaq bir gün orada qaldıqdan sonra qayıdıb, amma iki gün də evə getməyib.

X.Axundova bildirib ki, onu Irana əri Fuad yola salıb: "Mən Irana gedəndə Fuad məni qonşu ilə yola salıb. Müalicə aldıqdan sonra geri qayıtmışam. Pasportunu da təqdim edəcəm".

Hadisənin baş verməsinə səbəb qısqanclıq olub. Belə ki, Fuad Axundov həyat yoldaşı Xatirə Axundovanın üzərinə sulfat turşusu tökərək onun üzünü və bədəninin müxtəlif nahiyələrini yandırıb.

Ona qarşı Cinayət Məcəlləsinin 126.2.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma - xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, F.Axundov hərbçidir.