BMT TŞ-nin 5 müvəqqəti üzvünün müəyyənləşdirilməsi üçün seçki keçiriləcək

Bu gün BMT Baş Assambleyasında qurumun Təhlükəsizlik Şurasına 2017-2018-ci illər üçün 5 müvəqqəti üzvün müəyyən edilməsi ilə bağlı seçki keçiriləcək.
 APA-nın BMT-nin saytına istinadən verdiyi xəbərə görə, namizəd ölkələr arasında Qazaxıstanın da adı var.
 Qərbi Avropa ölkələri qrupu üçün ayrılan iki yerə üç ölkə - Niderland, İtaliya və İsveç iddia edir. Latın Amerikası üçün bir yerə isə yalnız Boliviya iddialıdır. Afrika ölkələri qrupuna ayrılmış bir yer üçün də yalnız Efiopiya müraciət edib. Asiya-Sakit okean ölkələri üçün ayrılmış bir yerə 2 namizəd - Qazaxıstan və Tailand iddia edir.
 Qeyd edək ki, Qazaxıstan indiyədək BMT Təhlükəsizlik Şurasına üzv seçilməyib.Tailand isə 1985-1986-cı illərdə BMT TŞ-nin üzvü olub.
 Xatırladaq ki, ötən il BMT TŞ-nin qeyri-daimi üzvləri Misir, Seneqal, Ukrayna, Uruqvay və Yaponiya seçilib.