“BƏLKƏ SƏNƏ GÖRƏ AÇILIR SƏHƏR?” - Əbülfəs Qarayevə mədhiyyə şeiri

Baxış sayı:
2353

Bir neçə gün öncə korrupsiya faktı ilə tutuqlanan İmişli RİH başçısı Vilyam Hacıyevə  İrəvan Dövlət Azərbaycan  Dram Teatrının direktoru İftixar Piriyevin mədhiyyə şeiri gündəmdə bomba kimi partlamasa da, “əl qumbarası effekti” verdi .  9 May 2018, 10 May 2019 və 7 may  2020-ci illərdə  3 il dalbadal Prezident mükafatına layiq görülən “şair”-aktyorun Prezidenti “unudub” icra başçısına “Ali Prezidentin sadiq əsgəri” epiteti ilə  mədhiyyə yazması yəqin Vilyam bəyə “tum pulu”na başa gəlib!  Elə “sadiqliyini” də yaman ortaya qoydu!
İftixar bəydən fərqli olaraq Vaqif Bəhmənli şair kimi tanınan məmurdur və Mədəniyyət və Turizm Nazirliyində 2015-ci ildə şöbə müdiri olanda şefinə yazdığı mədhiyyə şerinə görə elə şefindən də töhmət almışdı.
Onu da vurğulayaq ki,  şair nazirindən bir yaş yarım böyükdür və karantin rejimində evdən icazə ilə çıxmasına da 23 mayda 65 yaşı olacağı nədəni ilə yasaq qoyulacaq. Nə isə, oxuyanları çox intizarda qoymayaq, əməkdar mədəniyyət işçisi Vaqif bəyin 65 yaşını bəri başdan qutlayıb, mədhiyyə şeirindən bir neçə misranı diqqətə çatdırırıq:

ƏBÜLFƏS MÜƏLLİM, DİLİNƏ QURBAN ,
TAMAM DÜZ DEYİRSƏN, DEDİYİN HAQDI –
YAXŞILIQ YOLUNDA CAN QOYMUSAN, CAN ,
NƏ Kİ YAMANLIQ VAR ,SƏNDƏN UZAQDI .
 
QƏLBİNİ BİR DƏFƏ BOŞALDIB İLDƏ ,
HƏTTA DİL TAPIRSAN İBLİS ADAMLA .
BÜLBÜLTƏK ÖTÜRSƏN BEŞ-ALTI DİLDƏ,
PİSLİYİN DİLİNİ BİLMİRSƏN AMMA.

MÜSBƏT RƏY ...HƏR KƏSİN ƏRİZƏSİNƏ –
NİZAMÜLMÜLK KİMİ YAXŞI VƏZİRSƏN .
QALXIRSAN DİRİNİN LAP ZİRVƏSİNƏ,
ÖLÜNÜN İÇİNDƏ HƏYAT GƏZİRSƏN.

BƏLKƏ SƏNƏ GÖRƏ AÇILIR SƏHƏR ?
HARDA VARSAN, ORDA XEYİR DOLAŞIR.
DÜŞƏNDƏ AXŞAMLAR, QARIŞANDA ŞƏR
QANADIN ALTINA XEYİR DOLUŞUR.

Onu da vurğulayaq ki, beş-altı dildə bülbültək ötən nazir Azərbsycanın dövlət dilində “erməni budaq cümlələri” ilə danışır?!

Məğrur BƏDƏLSOY