“Bəlkə də, elə bu lazımdır” – Onlar bu cinayətlərə görə edam istəyir, bəs biz?

Baxış sayı:
277

Rusiyanın Saratov şəhərində 9 yaşlı qız keçmişdə cinsi təcavüzə görə məhkum olmuş şəxs tərəfindən öldürülüb. Kommunist Partiyasından olan deputat Olqa Alimova da edam cəzasının Rusiyaya qaytarılması ilə bağlıçağırış edib: "Dəhşətli faciə baş verib, uşaq öldürülüb! Demokratiya və tolerantlıq öz oyununu oynadı. Ölüm cəzasını Rusiyaya qaytarmaq lazımdır!".

Ölkəmizdə də bir müddətdir ki, qadına qarşı yönəlmiş zorakılıq hallarının sayında artım var. Son günlər, demək olar ki, hər gün qadınlara qarşı şiddət, onların amansızca qətlə yetirilməsi ilə bağlı xəbərlər gündəmi zəbt edir. 

Bəs Azərbaycanda necə? Qadınlara qarşı şiddət göstərən, onları vəhşicəsinə qətlə yetirənlər üçün yeni cəza növü tətbiq etməyə ehtiyac varmı? Hansı cəza qadın cinayətlərinin sayını azalda bilər?

Mövzu ilə əlaqədar hüquqşünas Əliməmməd Nuriyev “Yeni Sabah”a açıqlama verib. O bildirib ki, qadına qarşı zorakılıqla bağlı azadlıqdan məhrum etmə müddəti uzadılmalıdır:

“Mənim prinsipial mövqeyim bundan ibarətdir ki, mən edam cəzasınının əleyhinəyəm. Yenidən ölüm cəzasının Azərbaycan Respublikasının Cinayət Məcəllisinə qaytarılması və tətbiqinə başlanılmasını geriyə doğru addım hesab edirəm. Azərbaycan sivil ölkələr siyahısındadır. Bu baxımdan geri qayıtmaq çox güman ki, yanlış olar və bu istiqamətdə əlbətdə ki, təşəbbüslər var, amma gerçəkləşəcəyini düşünmürəm. 

Ümumiliyyətlə, qadına qarşı şiddətlə bağlı cəzalar sağlamlıq əleyhinə olan cinayətlər fəslində var və bununla bağlı ümumi bir yanaşma var. Amma mən düşünürəm ki, qadına qarşı şiddəti ayrıca bir tərkib kimi cəzanı sərtlədirsinlər. Bəlkə də, elə bu lazımdır, çünki son illərdə artıq bunu açıq təzahürlərini görürük. Qadına qarşı şiddət dərinləşməyə doğru gedir. Əslində şiddət dərinləşməyə doğru gedir.

Biz nəinki qadına qarşı, həmçinin insanın insana şiddətinin artdığını görürük. Bu təkcə Azərbyacanda deyil, bütün dünyada bu tendensiya mövcuddur. Ailə daxilində şiddət göstərən şəxsin mütləq sərt cəzalandırılmasına ehtiyac var. Daha uzun müddətli cəzaların tətbiqinə başlanıla bilər. Müddət isə şiddətin dərəcəsi, həyata keçirilməsi üsulları ilə bağlıdır. Hesab edirən ki, qadın cinayətlərinin qarşısını almaq üçün həmin cinayəti törədənlərin cəzasının artırılmalıdır. Bununla bağlı alternativ cəzalara ehtiyac yoxdur”.