“Bəlkə də bunun Azərbaycanda yayılmasında kimlərsə maraqlıdır...” - Vəziyyət xaotik hal alır

Baxış sayı:
7051

Azərbaycanda əhalinin 15,3 faizi siqaret çəkir.

2018-ci ildə aparılmış ev təsərrüfatları tədqiqatının məlumatlarına əsasən, Azərbaycanda 15-19 yaşlı əhalinin 0,1 faizi, 20-44 yaşlı əhalinin 13,4 faizi, 45-64 yaşlı əhalinin 21,7 faizi siqaret çəkib. Hazırda ölkədəki kişilərin 31,9 faizi siqaret aludəçisidir.

Bəs Azərbaycanda siqaret çəkənlərin sayının artmasına səbəb nədir?

Mövzu ilə əlaqədar “Yeni Sabah”a danışan sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, kifayət qədər maarifləndirmə işləri aparılmır:

“Bu artımı onunla izah edə bilərik ki, bizim ölkəmizdə siqaretin təbliği ilə bağlı işlər daha çox olur, nəinki siqaret əleyhinə maarifləndirmə. Mən öz müşahidələrimdə də görürəm ki, siqaret çəkənlərin sayı çoxalıb. Bu gün küçədən keçəndə hansısa qadının, qızın, uşağın belə siqaret çəkdiyini görürəm. Amma keçən il bu qədər qadının siqaret çəkdiyini görməmişdim. Bu həm xaotik olaraq yayıla bilər, həm kommersiya nöqteyi-nəzərindən ola bilər, həm də maarifləndirmə işlərinin yaxşı aparılmaması ilə bağlı ola bilər. Bəlkə də kimlərsə Azərbaycanda siqaretin kütləvi yayılmasında maraqlıdır. Orta məktəblərdə bununla bağlı yetərincə təbliğat işləri aparılmır, valideynlər düzgün şəkildə övladları ilə bu məsələ barəsində söhbət aparmır”. 

Sosioloq həmçinin, dünyada narkotikin leqallaşdığı bir zamanda siqaret əleyhinə təbliğatın aparılması məsələsinə də toxunub:

“Bu daha çox plansızlıqla əlaqəlidir. İnkişaf etmiş ölkələrin əksəriyyətində tibbi-elmi yanaşmalar var. Çox təəssüf ki, bizdə tibbi-elmi yanaşma yoxdur. Yəni, bir çox elmi mərkəzlər lazımlı sosioloji, psixoloji bütün məlumatları toplayıb, bunun əsasında fəaliyyət proqramı hazırlayırlar. Hərəkət planı tərtib olunaraq, Milli Məclisə, Səhiyyə Nazirliyinə və digər aidiyyatı strukturlara göndərilir. Elmi təhlil olanda artıq nəyi necə aparmaq lazım olduğunu müəyyənləşdirmək olur. Hazırda bu mövzular ilə bağlı ölkəmizdə əsas çatışmayan problem elmi tədqiqat mərkəzlərinin olmaması və buna lazımı diqqətin ayrılmamasıdır. Elmi tədqiqat mərkəzlərinin olması üçün də əvvəlcə mütəxəssis yetişdirmək lazımdır”.