​Bələdiyyə sədri ŞİKAYƏT ETDİ: “20 il xidmətdə olmuşam...”

Baxış sayı:
4201

Masallı rayonu Qarğalıq bələdiyyəsinin sədri vəzifəsində işləmiş, həbs zamanı Masallı Poçt Filialı Qarğalıq poçt şöbəsinin rəisi olan 1972-ci il təvəllüdlü Yalçın Zalıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
30 aprel 2015-ci ildən 13 fevral 2017-ci ilədək Qarğalıq bələdiyyəsinin sədri vəzifəsində işləyərkən Yalçın Zalıyev özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə vəzifə saxtakarlığı edib.
İstintaq sənədlərinə görə, o, Xallıcalı kənd sakini Vidadi Quliyevin yanında nüfuz qazanmaq üçün öz qulluq səlahiyyətlərindən sui-istifadə edib. Bələdiyyə üzvlərinin yığıncağında kollegial müzakirə edilməli olmasına baxmayaraq, Qarğalıq bələdiyyəsinin ərazinə daxil olan Xallıcalı kəndində yerləşən 61.42 hektar torpaq sahəsinin icarəyə verilməsi ilə əlaqədar həmin sahənin bələdiyyə mülkiyyətinin tanınması üçün 22 dekabr 2015-ci il tarixdə və həmin sahənin hərraca çıxarılması üçün 17 noyabr 2016-ci il tarixdə bələdiyyə üzvlərinin iştirakı ilə iclas keçirmədən, təkbaşına qərar qəbul edib.
Yalçın Zalıyev rəsmi sənəd sayılan bələdiyyə qərarlarında iclas katibi kimi göstərilmiş Nəcəf Ağayevin adından imzasını qeyd edərək, saxtakarlığa yol verib
Bundan sonra Yalçın Zalıyev qeyd olunan torpaq sahəsinin bələdiyyə mülkiyyəti kimi tanınması ilə yanaşı, hərraca çıxarmaq adı ilə Vidadi Quliyevə illik 3000 manata icarəyə verilməsinə şərait yaradıb.
Yalçın Zalıyevin barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
Masallı rayon Məhkəməsinin hökmü ilə Yalçın Zalıyev 1 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, eyni zamanda aylıq qazancından 15 faiz məbləğdə pul dövlət nəfinə tutulmaqla 1 il 6 ay islah işləri cəzasına məhkum edilib.
Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.
Hökmdən narazı qalan Yalçın Zalıyev apelyasiya şikayəti verib.
O, şikayətində qeyd edib ki, birinci instansiya məhkəməsində işinə baxılarkən iş üzrə əhəmiyyətli olan bəzi zəruri hallar nəzərə alınmayıb: “Ona görə hökm dəyişdirilməli, mənə dövlət və yerli özünü idarə orqanlarında rəhbər, maddi məsul vəzifə tutma hüququndan məhrum edilmə cəzası təyin edilməsinə dair müddəalar hökmdən xaric edilməlidir”.
Şikayətçi bildirib edib ki, ilk dəfə cinayət törədib, ailə və sağlamlıq vəziyyəti ağırdır.
20 ilə yaxın müddət ərzində müxtəlif vəzifələrdə qüsursuz xidmət etdiyini göstərən Yalçın Zalıyev bildirib ki, zərərçəkmiş şəxsin ondan şikayəti yoxdur.
Yalçın Zalıyevin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən prosesdə Yalçın Zalıyevin apelyasiya şikayətinin dəlilləri araşdırılıb.
Sonda hakim heyəti onun şikayətinin təmin edilməməsi barədə qərar qəbul edib./Teleqraf.com