Biznesmen Allahverdi Quliyevə 2 milyon rüşvətə görə 4 il həbs

Baxış sayı:
4708

Rusiyanın Kirov vilayətində “Çepetsk istixana kompleksi”nin baş direktoru Allahverdi Quliyev müstəntiqə 2 milyon rubl rüşvət verməkdə təqsirli bilinərək 4 il həbs cəzasına məhkum edilib. Hökmə əsasən azərbaycanlı biznesmen 20 milyon rubl cərimə də ödəməlidir. Virtualaz.org Rusiya mənbələrinə istinadən bildirir ki, Quliyev bu rüşvəti zorlamada ittiham olunan tanışını həbsdən çıxarmaq və Rusiyadan qaçırmaq üçün verib, amma cinayət başında yaxalanıb.

Məlumata görə 54 yaşlı Allahverdi Quliyev bu ilin may ayında saxlanılıb. O, azyaşlıya qarşı seksual zorakılığa yol verdiyi üçün həbs edilən tanışının işini aparan müstəntiqə 2 milyon rubl rüşvət təklif edib. Quliyev rüşvətin əvəzində xahiş edib ki, onun pedofil dostunun barəsində həbs qətimkan tədbiri dəyişdirilsin, həmin adam başqa yerə getməmək barədə iltizam verməklə sərbəst buraxılsın. Quliyev bu yolla dostunu Rusiyadan qaçırmaq istəyirmiş.

Lakin müstəntiq rüşvət təklifi barədə rəhbərliyə və digər müvafiq orqanlara məlumat verib. Federal Təhlükəsizlik Xidmətinin regional idarəsinin əməkdaşları Quliyevi cinayət başında yaxalamaq üçün əməliyyat qurub və mayın 7-də azərbaycanlı biznesmen müstəntiqə rüşvət verərəkən yaxalanıb. O, istintaqa ifadəsində təqsirini tam boynuna alıb.

Bildirilir ki, Quliyevin həbsindən sonra onun rəhbərlik etdiyi istilik kompleksinin də fəaliyyəti zəifləyib, müəssisə bağlanmaq üzrədir.