​Biznesi çökən Heydər Babayev Bakı küçələrində - FOTO

Bakıda “Çudo-Peçka” restoranlar şəbəkəsinin işi xeyli dərəcədə zəifləyib. Axar.az-a daxil olan məlumata görə, restoranlar şəbəkəsinin bir-birinin ardınca bağlanacağı gözlənilir. Şəhərin 3-cü mikrorayon dairəsində yerləşən məntəqənin dəyişdirilməsindən sonra növbə digər filiallara da çatıb. Paytaxtın “Sahil” və “Neftçilər” metro stansiyaları yaxınlığındakı məntəqələrin də işinə xitam veriləcəyi istisna olunmur. Çünki “Çudo Peçka” rəqabətdə açıq-aşkar uduzmaqdadır.
2000-ci ilin əvvəllərindən Bakıda fəaliyyətə başlayan “Çudo-Peçka” mağazalar şəbəkəsi iş adamı Çingiz Cəlilovun götürdüyü kreditin qaytarılmaması səbəbindən girov kimi itirilib. Bir müddət “Bank Standart”ın girovluğunda qalan restoranları H.Babayev bankının nəzarətinə keçirib.
Müğənni Röyanın keçmiş qayınatası olan Çingiz Cəlilovun biznesinin çökdürülməsi “Çudo-Peçka” mağazalar şəbəkəsinin onun əlindən alınması ilə başlayıb. H.Babayevin Çingiz Cəlilovdan təkcə “Çudo Peçka” şəbəkəsinə daxil olan mağazaları deyil, həmçinin “5 qazan” restoranlarını da kredit borcu müqabilində öz nəzarətinə keçirməsi barədə hələ illər öncə mediada xəbərlər vardı.
Xatırladaq ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti “Çudo-Peçka” MMC-yə məxsus istehsal sexlərində bir sıra ciddi nöqsanlar aşkar etmişdi.
Qeyd edək ki, Heydər Babayevin nazir olduğu vaxtlarda “Bank Standart” onun böyük biznes imperiyasına daxil idi. Sabiq iqtisadi inkişaf naziri mərhum prezident Heydər Əliyevin vaxtında yüksək dövlət vəzifəsinə gətirilən məmurlardan biri idi. 1997-ci ildən Rusiyadakı “Mostbank”ın vitse-prezidenti, həmin bankın Böyük Britaniyada baş nümayəndəsi vəzifələrində işləyən Heydər Babayev 1999-cu ildə Heydər Əliyev tərəfindən Prezident yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunmuşdu. Və o, 2005-ci ilin oktyabrınadək bu vəzifədə çalışdı. Vəzifədə olduğu müddətdə qeyri-rəsmi şəkildə həm də bizneslə məşğul olan Heydər Babayev “ABU” şirkətlər qrupunu yaratmışdı.
2005-ci il oktyabrın 19-da Heydər Babayev prezident İlham Əliyev tərəfindən yeni vəzifəyə – iqtisadi inkişaf naziri postuna təyin olundu. Amma H. Babayev bu nazirlikdə çox işləyə bilmədi. 2008-ci il prezident seçkisindən sonra İlham Əliyev yalnız Heydər Babayevi nazir kimi təsdiqləmədi. Bunun səbəbləri isə tam olaraq bilinmədi.
WikiLeks sənədlərində-2009-cu ilin əvvəllərində Bakıdakı ABŞ səfirliyindən göndərilən teleqramlardan birində H.Babayev islahatlar tərəfdarı və qərbmeylli kadr kimi xarakterizə edilmışdı. Bildirilir ki, Heydər Babayev özü 2008-ci ilin oktyabrındakı prezident seçkilərindən sonra ABŞ səfirliyi ilə təmasında “çox güman ki, mən yeni hökumətin tərkibində yer almayacam” deyibmiş.
Criminal.az saytı bu anda əlavə edir ki, Heydər Babayev hazırda Bakıdadır. O, 2-3 gün əvvəl şəhərdə gəzərkən saytımızın əməkdaşları tərəfindən görüntülənib.
O, öz dostu ilə Fəvvarələr meydanında gəzirmiş.