"Bizim əsas problemimiz ölkədən oğurlanan milyardlar deyil..."

Baxış sayı:
1348

Şair Əjdər Ol rüşvət, yeyinti ittihamı ilə həbs edildi.
Ömrü boyu oxuduqlarımdan, özü də tək bu gün dəbdə olan xarici mütəfəkkirlərdən yox, ilk növbədə öz şair və yazıçılarımızdan mənəvi qida almışam. Nizami Gəncəvi, Füzuli, Sədi Şirazi, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Vidadi Babanlı və bir çox şair, yazıçıların yaradıcılığı dünyagörüşümü formalaşdırıb. Onların hər birinə müqəddəslər kimi baxmışam. İndi isə bəlli olur ki, yaşadığım dövrün şairi, bir çox məclislərin başında oturan şəxs şəhid ailələrinin, əlillərin, ahılların, yoxsulların pullarını yeyirmiş. Məclisləri bəzəməsi, tanınmış olması da bir çox hallarda həmin məclis sahiblərinin sadaladığım şəxlərin oğurladıqlarından faydalanması ilə əlaqədar olub. Əminəm ki, elə həmin şəxslərin çoxu bu gün onun müdafiəsinə qalxacaq, onluq bir şey yoxdur deyəcəklər.
Mən də inanıram ki, Əjdər Olun bəlkə də heç S.Müslümovun bütün maxinasiyalarından, yeyintilərindən xəbəri olmayıb. Ancaq az bir hissəsini bilib, lakin buna baxmayaraq onun yanında olmağın özü belə şairlik, yazıçılıq, ziyalılıqla bir araya sığmır. Əgər Sovet dövrü andrey suslovlar zorla ziyalılarımızı çirkaba bulaşmağa məcbur edirdilər, onlara başqa yol qoymurdularsa, bu gün çoxları özləri balaca da olsa öz qaşıqları ilə həmin çirkab dolu ləyənə yaxın durmağa can atırlar. Sonra da həmin ləyəndən qazandıqları pullarla kitablar çap etdirir, özlərinə yal itləri vasitəsilə təriflər təşkil etdirir, sevmədiklərini gizlincə söydürürlər və yetim-yesirin pullarını oğurlamış acgöz məmurları təriflədirlər, xalqın gözünə xeyirxah, əliaçıq məmur kimi soxurlar.
Uzun illər təkrarladıqlarımı bir daha deyirəm. Bizim əsas problemimiz ölkədən oğurlanan milyardlar yox, aşınmış mənəviyyatımız, oğru ziyalılarımız, reket jurnalistikamızdır. Əgər bunlardan canımızı qurtarmasaq heç bir milyardlar bizi xilas etməyəcək, xoş gələcəyə aparmayacaq.
Aslan İsmayılov