“Bizim dövr” qəzetinin baş redaktorunun məhkəməsi qapalı keçirildi – PROSES

Baxış sayı:
3100

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onu müavini Hikmət Nəcəfli, Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Marif Abbasovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
“Report”un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İlahə Qasımovanın ifadə verməsi təklif edilib.
O, ifadə verən zaman hakim məhkəmənin qapalı keçirilməsi barədə qərar çıxarıb.
Zalda əyləşən digər şəxslər bayıra çıxarılıb və proses qapalı davam etdirilir.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, DTX əməkdaşlarının keçirdiyi əməliyyat zamanı “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev, “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəfli saxlanılıb. Səbail Rayon Məhkəməsinin qərarı ilə onların barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər DTX-da araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb. DTX tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb.
G.Əliyeva, İ.Qasımova və M.Abbasovun barəsində həbs qətimkan tədbiri seçilməyib. S.Məmmədsalayeva isə daha əvvəl hədə-qorxu ilə tələb etmədə təqsirləndirilərək 6 il müddətinə azadlıqdan məhrum edilib. O, haızrda 4 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkir. 
Daha sonra “Gündəlik Bakı” qəzetinin baş redaktoru H.Vəliyevin cinayət işi ayrıca icraata ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribovun sədrliyi ilə baxılır.
G.Əliyeva “İlk xəbər” saytının, M.Abbasov isə “Kriminal” qəzetinin baş redaktoru olub.