“Bizim balalarımızdan əxlaqsız düzəltməyin”- Aslan İSMAYILOV

Baxış sayı:
7372

Bu gün Səbail rayon məhkəməsində tanınmış vəkil Aslan İsmayılov və Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin məhkəməsi prosesi keçirilib.
Məhkəmə prosesindən öncə Aslan İsmayılovu məhkəmə binasının qarşında yüzlərlə insan qarşılayıb. Onu qarşılayanlar arasında tanımış ictimai-siyasi xadimlər, Mehman Əliyev, Natiq Cəfərli, Adil İsmayılov və başqaları da olub.
Tanınmış hüquqşünas onu qarşılayanlar qarşısında çıxış edib: “Mənim sizə mənəvi ehtiyacım var. Ona görə ki, Əli Həsənovun YAP-çı gəncləri səhifələrində yazırdılar ki, Aslan İsmayılov, sən şər-böhtanla məşğul olduğuna görə, 5 nəfər gəldi, sənə dəstək verdi. Mən indi istəyirəm ki, Əli  Həsənov, onun YAP-çı gəncləri, qocaları, trolları hamısı görssün ki, heç bir  təşkilat olmadan sadəcə bir müraciətlə insanlar onları narahat edən məsələni işıqlandıran bir nəfərə sahib dura bilirlər”.
Vəkil daha sonra vurğulayıb: "Son 15-20 il ərzində Əli Həsənov və onun kimilərin, Hafiz Hacıyevlərin, YAP-ın Pavlik Marazovlarının bütün təbliğat maşını ona yönəlib ki, insanlar manqurt olsun, öz taleyinə biganə qalsın, heç nə ilə maraqlanmasın. Siz buraya gəlməklə göstərdiniz ki, xeyr, bu millət yaşayır və bundan sonra da yaşayacaq. Əli Həsənovlar, Ramiz Mehdiyevlər bu xalqdan manqurt düzəldə bilməz. Bizim davamız hakimiyyət davası deyil. Biz siyasi partiya deyilik. Biz kimlərinsə yerinə vəzifəyə keçməyə hazırlaşmırıq. Biz yeganə bir şey xahiş edirik, bizim balalarımızdan əxlaqsız düzəltməyin, bizim qızlar xalq artisiti Aygün Kazımovaya, əməkdar artist Röyaya, oğlanlarımız Faiqlərə, Samirlərə, Samiraldolara oxşamasın. Ona görə ki, bütün Azərbaycan mətbuatı bu gündədir. Bütün telekanallar o gündədir, açanda adlarını çəkdiklərimi görürsünüz. Niyə bunu edirlər? Ona görə ki, cavan, şüuru hələ möhkəmlənməmiş gənclər elə başa düşür ki, elə olmaq yaxşıdır ki, hamı səni bəyənsin, səni təbliğ etsin. Bizim həmin bu telekanallarda nə vaxtsa siz zəhmətkeş, savadlı bir oğlanın haqqında bir veriliş görmüsünüz?“

“Onkoloji xərçəng xəstəsini də biznesə çeviribsiniz”

A.İsmayılov nəzərə çatıdırıb ki, onunla ənənəvi müxalifət partiyaları arasında fikir ayırılığı olub: “Amma bu o demək deyil ki, mən onlarla düşmənəm. Xeyr. Mən istəyirəm ki, onlar daha yaxşı işləsinlər. Amma buna baxmayaraq bü gün bu insanların içərisində Qarabağ müharibəsində döyüşmüş, bu mübarizədə qızını itirmiş, həbsdə yatmış Tofiq Yaqublu kimi bir insanın gəlib mənə dəstək verməsi mənə böyük şərəfdir. Amma siz harda gördünüz ki, Tofiq Yaqublu çıxıb televiziyda desin ki, mən necə döyüşdüm. Mənim balalarım azadlıq uğrunda döyüşdülər. Yox, onlara yer yoxdur. Mən Mehman Əliyevi görürəm. Bu ölkədə özüm kimi müstəqil, heç bir yerə bağlı olmayan, ancaq vətəni üçün çalışan 60 yaşında bir kişini həbsə atdılar. Min-bir hoqqadan çıxdılar. Mənim üçün bu gün Mehman Əliyevin buraya gəlməyi böyük şərəfdir. Mənim üçün şərəf ondadır ki, biz göstəririk ki, Ramiz Mehdiyev, Əli Həsənov, bu millət yaşayır. Siz hamıya “vəzifə davası döyür” damğası vurursunuz. Amma nə mənə, nə  də bu gün məni müdafiə etməyə gələnlərə “vəzifə davası döyür” damğası vura bilməzsiniz. Biz onun davasını etmirik. Biz istəyirik ki, Milli Onkologiya Mərkəzində balası, anası, bacısı, qardaşı xərçəng xəstəliyinə tutulub zarıya-zarıya oraya gedənləri siz öz “stanok”unuza qoşmayasınız, evini, mal-qarasını banka girov qoydurub, pulunu alıb, onu bankın əsiri etməyəsiniz. Siz o qədər qəddar, qansızsınız ki, onkoloji xərçəng xəstəsini də biznesə çeviribsiniz”.

 “Siz bütün Azərbaycandakı parkları öz biznes obyektinizə çevirdiniz”

“Siz, Əli Həsənov elan edirsiniz ki, Heydər Əliyevin davamçısıyıq. Mən inanardım. Heydər Əliyevin davamçısı olmaq pis şey deyil, amma siz, Əli Həsənov Heydər Əliyevin dəfələrlə çığırdığı- bağırdığı yaşıllıqları qırmayın. Siz bütün Azərbaycandakı parkları öz biznes obyektinizə çevirdiniz. Siz həmin o parklarda əxlaqsız yuvaları qurdunuz. Sabunçunun icra başçısı yeganə bir park olan yeri bağladı ki, mən orada yaşıllıq düzəldəcəm, amma orada şəxsi “Şəhrizad” uşaq bağçası düzəltdi”, - deyib vəkil.

“Bu millətin gəncliyindən norkaman düzəldirsiniz”

“Əli Həsənov, bu gün sizin başçılığınızla bu mübarizədə Hafiz Hacıyevi mənim üstümə qısqırdan ayına 10 min verən Cavid Qurabanovla bir yerdə ölkənin hər tinində qumarxanalar, kozinolar açırsınız. Biz bunu istəmirik. Hamı istəyir ki, balaları normal adam olsun. Amma siz Əli Həsənov, Oktay Şirəliyev, bütün apteklərdə narkotik tərkibli dərmanlardan milyonlar qazanıb, bu millətin gəncliyindən norkaman düzəldirsiniz. Mən istəmirəm ki, mənim milətimin balaları norkaman olsun. Əli Həsnov bunları siz edirsiniz” - A.İsmayılov vurğulayıb.
Hüquqşünas daha sonra deyib: “Əli Həsənovun mətbuatı yeni il qabağı  qanuni oğru “Quli”nin Azərbaycan xalqına müraciətini yayımladı. Siz təsəvvür edirsinizmi ki, bu milləti haraya aparırlar?! Məhvə aparırlar. Mən istəmirəm, Əli Həsənov hesab etsin ki, bütün millət trollardır, 3-5 manata söyüş söyənlərdir”.
A.İsmayılov çıxış etdikdən sonra məhkəmə zalına daxil olub. Hakim Azər Tağıyevin sədrliyi ilə məhkəmə iclası keçirilib. Prosesdə həm A. İsmayılov, həm də H. Hacıyev ifadə verib.
Məhkəmədə Aslan İsmayılov vəsatət qaldırıb  ki, proses video çəkiliş aparılsın. H. Hacıyev və vəkili Abudllayev Samir vəsatəti əsassız hesab ediblər, hakim A. İsmayılovun vəsatətini təmin etməyib.

“O “canlı” deyib ki, guya, mən Gürcüstan ermənisiyəm”

Məhkəmədə ifadə verən A.İsmayılov bildirib ki, o, bu “canlı”nı tanmır: “ Bizim ortaq marağımız da yoxdur. Amma  bu adam mənə hər sözü deyib. Bu “canlı”ını mənim üzümə qaldıran Əli Həsənov və Ədlliyə naziri Fikrət Məmmədovdur. O “canlı” deyib ki, guya, mən Gürcüstan ermənisiyəm, adım da Avedikdir, özüm də sünnət olmamışam. Dediyi sözlərin çoxusunu səsləndirə bilmirəm. Məni ermənilərlə iş birliyində ittiham edir. Amma mən kim olduğumu yaxşı bilirəm. Atam Sadıxlı kəndindən, anam Qardabani rayonundandır. O, isə mənim ata-anamın erməni olduğunu deyib. Elə buna görə də onu məhkəməyə vermişəm. Mən Sumqayıt ləkəsini Azərbaycan xalqının üzərindən götürən adamam. Mən Sumqayıt həqiqətlərini dünyaya çatdırmışam. Mən danmıram ona “canlı”, “balıq Hafiz” demişəm. amma heç bir fərdə “tula” deməmişəm. Əli Həsənovun “tulaları” demişəm. Çünki Əli Həsənov 100 “tula”nı üstümə salır".

“Məsələni siyasiləşdirmək lazım deyil”

Məhkəmədə Hafiz Hacıyev də ifadə verib: “Bu məsələni siyasiləşdirmək lazım deyil. Yəqin ki, onun məqsədi Əli Həsənovu, Fikrət  Məmmədovu bu məsələyə qatmaqda populyarlaşmaqdır. Guya, mən Kənd Təsərrüfatı Nazirliyindən 2 milyon dollar götürüb, qorxudub, vermirəm. Guya, 700 hektar torpaq sahəm var. Gedin, araşdırın, heç 7 hektar torpaq sahəm də yoxdur. Bu məsələnin Fikrət Məmmədovla, Əli Həsənovla nə əlaqəsi var? Xahiş edirəm növbəti məhkəmə iclasında Cavid Qurbanov da olsun. Aslan İsmayılovun 148-ci maddə ilə təqsirləndirilməyini xahiş edirəm.
Məhkəmə prosesi başa çatdıqdan sonra A. İsmayılov bayırda onu gözləyənlər qarşısında yenidən çıxış edib: “Sizi əmin edirəm sizlə bura gəlməsəniz mənim haqqımda bir həbs qərarı ilə gizlədəcəkdilər. Mən Əli Həsənovun və Fikrət Məmmədovun nəyə qadir olduqlarını çox gözəl bilirəm. Sadəcə indi vaxt uzadacaqlar”.

Muxalifet.az